"Neftçi" əsası gənc futbolçulardan qurulmuş komandadır. Bildiyiniz kimi, əsas heyətdə meydana çıxan futbolçuların əksəriyyətinin təcrübəsi azdır. Amma təcrübə də birdən-birə qazanılmır".
Sportarena.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Əliyev klubun rəsmi saytına açıqlamasında deyib. Əliyev gənc futbolçulara şans verməklə risk etdiyini bildirib: "Futbolçu özü səhv etdikcə oyundan oyuna inkişaf etməlidir. Bunun üçün zamana ehtiyac var. Biz gələcəyin komandasını qurmağa çalışırıq. Düzdür, “Neftçi” elə bir komandadır ki, burada hər zaman nəticə də göstərməlisən. Gənc futbolçulara şans verməyin riskli olduğunu öncədən də bilirdik. Bununla belə, biz gələcəyi düşünərək bu gün riskə gedirik.
"İnter"lə oyunda da gənc futbolçumuzun təcrübəsizliyindən azlıqda qaldıq. Amma biz komandamıza, futbolçularımıza güvənirik. Mən özüm də məşqçi kimi gəncəm və daim öyrənməyə, inkişaf etməyə çalışıram. Göstərilən etimadı doğrultmaq üçün əlimizdən gələni edirik. Azarkeşlər də hər zaman komandada yerli futbolçuların çox olmasını istəyirlər. Elə bizim də məqsədimiz odur. Çalışırıq ki, təcrübəli legionerlərin əhatəsində onların özünə inamı daha da artsın. Doğru yolda olduğumuzu zaman sübut edəcək. Sadəcə, bir az səbrli olmaq lazımdır".