"Zədəli idim. 2-3 aydı məşqlərə başlamışam".
Bu sözləri Sportarena.az saytına açıqlamasında FİFA dərəcəli keçmiş hakim Anar Salmanov deyib. Hakimlər Komitəsinin qərarı ilə hakimlikdən kənarlaşdırılan Salmanov hazırda fərdi məşqlərlə kifayətlənir. Ancaq referi boş oturmaq niyyətində deyil. O, gələn həftə başqa instansiyalara da müraciət edəcəyini bildirib:
"Ölkə başçısı İlham Əliyevə müraciət etmişəm. Amma hələ cavab gəlməyib. Bununla bağlı Hakimlər Komitəsinə məktub gəlib. Xaqani Məmmədov hələ mənə cavab verməyib. Gələn həftə idman naziri Azad Rəhimova, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya müraciət edəcəm. Qoy,mənə qarşı haqsızlıq olduğunu hamı bilsin".
Salmanov növbəti dəfə HK sədrini əlindəki faktları ictimaiyyətə açıqlayacağı ilə hədələyib: "Anar Xaqani haqda ortaya fakt qoysa, cinayət işi açılmalıdı. O, öz hakiminə rüşvət təklif edib. Əlimdə disk var, onu göstərəcəm. 3 dəfə hakimlikdən qovulan Xaqani Məmmədov hələ də o vəzifədə oturub. Diski göstərəcəm. Görün, Azərbaycanı təmsil edən bir hakim "Osiyek" - "Dinaburq" matçının gedişində nə oyunlardan çıxır. Xaqani Məmmədov indi hansı ədalətdən danışır? Burda bir dənə məsələ var. Ortada pərdəarxası oyunlar gedir. Anar həmin oyuna girməyib deyə indi kənardadı".
Keçmiş FİFA referisi Azərbaycanda hakimlərin yetişmədiyini söyləyib: "Hakimlər var, amma arxası gəlmir, yetişmir. Bugün Fariz, Ramil, Rəhim, Əliyar var. Sabah Fariz getsə, Premyer Liqa oyunlarını kim idarə edəcək. Orxan Məmmədov idarəçilik edəcək? Fitlə sarı vərəqənin yerini bilmir. Hakimlər Komitəsinin ədalətli olmalıdı. Elxan Məmmədov, Ramin Musayev futbolumuzun inkişafı üçün çalışırlar. Hakimlər üçün hər cür şərait yaradırlar. Xaqani Məmmədov nə işlə məşğuldu? Gec-tez onlar da görəcəklər ki, Xaqani orda işləməyə layiq deyil".