"Qəbələ"nin media və marketinq üzrə meneceri Səməd Nəsibovun Sportarena.az saytına müsahibəsi
- Avroliqanın "pley-off" mərhələsinin ilk oyununda "Qəbələ" sabah Bakıda "Panatinaikos"u qəbul edəcək. Təşkilati işlər və təhlükəsizlik tədbirləri baxımından oyuna nə dərəcədə hazırsız?
- Hər şey tam hazırdı. Bütün işlər tamamlanıb. Bütün təşkilati və təhlükəsizlik tədbirləri görülüb. Oyunun başlamasını gözləyirik.
- Oyunöncəsi "Panatinaikos" cəbhəsindən bəzi təxribatçı fikirlər yüksəlir. İstər azarkeşləriniz, istərsə də, futbolçularınız barədə. Bu haqda nədeyə bilərsiz?
- Bundan əvvəl "Apollon"la oynadıq. Azarkeşlərimiz həmin oyunda neylədi ki? Sadəcə, polislərlə aralarında kiçik toqquşma oldu. Rəqib komandadan heç kimi təhqir etməmişdilər. "Panatinaikos" tərəfi belə açıqlamalarla bizi qıcıqlandırmaq, ab-havanı korlamaq istəyir.
- Bilirsiz ki, Yunanıstandan Bakıya 50 azarkeş gəlir. Yunanlı tərəfdarlar da çılğınlıqları ilə seçilirlər. Oyunun gedişində və ya oyundan sonra azarkeşlər arasında baş verəbiləcək mümkün insidentin qarşısını almaq üçün nə kimi tədbirlər görmüsüz?
- Təkcə "Qəbələ" üçün, futbol üçün demirəm. Azərbaycana istənilən yarış üçün gələn azarkeşlərin burada hansısa insidentlə üzləşdiyini xatırlamıram. Amma belə bir şey olmayıb deyə, əlimizi-qolumuzu sallayıb dayanası deyilik. İki komanda azarkeşlərinin mümkün qədər üz-üzə gəlməməsi üçün əlimizdən gələni edəcəyik. Çünki hər cür insan var. Adi qığılcımdan ciddi olaylar baş verə bilər. "Apollon"la oyunda da Kiprdən azarkeşlər gəlmişdi. Onda necə oldusa,indi elə olacaq. Əslində bu şeylər haqda danışmaq məni narahat edir. Çünki belədə gərəksiz gərginlik yaranır.
- "Apollon"la oyunda polislərlə azarkeşlər arasında baş verən hadisələrin təkrarlanmaması üçün nəkimi işlər görülüb. Daxili İşlər Nazirliyi, xüsusi xidmət orqanları ilə bunu müzakirə etmisizmi?
- Demirəm ki, oyun vaxtı azarkeşlər tam sakit dayanacaqlar. Çünki fanatlar çılğınlıq etmək istəyirlər. Klubumuz tərəfindən hansısa rəsmi müraciət olmayıb. Amma inanıram ki, polislərin başında duranlar hər şeyi görürlər. "Apollon"la oyunda polislər azarkeşlərimizə qarşı həddindən artıq güc tətbiq etmişdilər. Başa düşürük, asayişi qorumaq lazımdı. Ancaq lazım olan yerdə.
- "Panatinaikos"la oyun üçün nə qədər bilet sifariş etmişdiz?
- 8800 bilet satışa çıxarılmışdı.
- Hazırda nə qədər bilet satılıb?
- Artıq bilet qalmayıb. Hamısı satılıb.
Elnur SALAHOV