“Apollon”la oyundan sonra transfer planlaşdırmışdıq. Amma alınmadı. Bu elə asan məsələ deyil”. Sportarena.az xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.
“Qırmızı-qaralar” sabah UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Panatinaikos”u qəbul edəcək. Ukraynalı mütəxəssis qarşılaşma öncəsi keçirilən mətbuat konfransında sabahkı oyundan danışıb:
“Bildiyiniz kimi, Cavid Hüseynov və Ürfan Abbasov oynamayacaq. Bununla belə, biz meydançaya çıxan hər bir oyunçuya güvənirik. İndiki heyətimizlə də mərhələ adlamaq perspektivimiz var”.
- Cavid Hüeynovun yoxluğu komandaya nə dərəcədə təsir edə bilər?
- Bu bizim üçün itkidi. Bu söhbətə artıq qayıtmaq istəmirəm. Bununla bağlı heç nə edə bilmərik. Bizim başqa oyunçularımız da var. Onlarla mübarizə aparacağıq.
- “Panatinaikos” öncəki rəqiblərdən güclüdü. Üstəlik, ilk dəfə cavab görüşünü səfərdə keçirəcəksiniz. Bu amil sizə mənfi təsir etməyəcək?
- Bunun mənfi və ya müsbət təsiri yoxdu. Belə təyin olunub. O ki qaldı “Panatinaikos”a, bu komandanın sürətli, fərdi keyfiyyəti yüksək olan futbolçuları var. Bilirik ki, rəqib çox güclüdü. Hətta 1 faiz şansımız olsa belə, sona qədər mübarizə aparmaq lazımdı. Kimin favorit olması barədə oyun öncəsi nəsə demək düzgün olmaz.
- “Qəbələ”nin bu mövsüm Avrokubok oyunlarından öncəki mətbuat konfranslarının heç birində sizi belə sınıxmış görməmişəm. Bu, yorğunluqdan irəli gəlir, yoxsa rəqibin güclü olmasından?
- Əhval-ruhiyyə normaldı. Biz oyuna yüksək ab-havada hazırlaşırıq.
- Rəqibin baş məşqçisi yalnız qələbə üçün gəldiklərini dedi. Sizin hədəfiniz nədi?
- Rəqibin baş məşqçisi desəydi ki, bura uduzmağa gəlmişik, bu, təəccüblü olardı. Biz çalışacağıq əlimizdən gələni edək ki, uğurlu nəticə əldə edək.
- Ürfan Abbasovun mövqeyində kim meydançaya çıxacaq?
- Bu suala cavab vermək istəmirəm. Çünki əsas heyəti sabah müəyyən edəcəyik. Həmin mövqedə oynayacaq 3 cinah oyunçumuz var: Rikardinyo, Məhəmməd Mirzəbəyov və Arif Daşdəmirov.
- “Apollon”la qarşılaşmadan sonra aerodrom kepkası taxmışdınız. Bu dəfə qələbə qazansanız, hansı qeyri-adi addımı atacaqsınız?
- Belə şeylər tez-tez olmasa yaxşıdı. Çempionlar Liqasına düşənə qədər bunu təxirə salaq.
- Ot örtüyü o qədər də yaxşı deyil. Sabah hansı taktikaya üstünlük verəcəksiniz ki, bu amil sizə təsir etməsin?
- İstərdik hər iki komanda baxımlı futbol oynasın. Əlbəttə, meydança yaxşı olsa, əla olar. Amma hazırkı vəziyyət hər iki komanda üçün eynidi.
- “Qəbələ”nin “Panatinaikos” səddini keçəcəyi təqdirdə növbəti mərhələdə də bu uğurlu çıxışı davam etdirəcəyinə inanırsınızmı?
- “Qəbələ”nin gələcəyi parlaq, işıqlı olacaq. Bu, sabahkı oyunun nəticəsindən asılı olmayacaq. Komanda addım-addım irəliyə gedir.
- Qrupa düşsəniz, Avropanın diqqət mərkəzində olacaqsınız. Təbii ki, belə halda sizə təkliflər gələ bilər. Ancaq klub prezidenti Tale Heydərov da sizinlə uzunmüddətli əməkdaşlıqda maraqlı olduqlarını bildirib…
- Sabahkı oyun mənim məşhurluğumla bağlı heç nəyi dəyişməyəcək. Çünki mən bu mərhələni başqa komanda ilə birgə keçmişəm, qrupda iştirak etmişəm. “Qəbələ” isə addım-addım inkişafa doğru gedəcək. Buna tam əminəm.
Apasport.az