"Bu, "Xəzər Lənkəran"ın öz fikridir, biz xırda şeylərə əl atmırıq" - MÜSAHİBƏ

15:00 20 Avqust 2015

"Sumqayıt"ın prezidenti Kamran Quliyevin Sportarena.az saytına müsahibəsi

 

- "Sumqayıt" ilk iki turdan sonra cəmi 2 xal toplayıb. Komandanın çıxışı sizi qane edirmir?

- Daha yaxşı oynaya və daha çox xallar yığa bilərdik. Hiss olunur ki, komandanın xətlərində anlaşmazlıq var. Oyunçular bir-birilərini yaxşı başa düşmürlər. Heyətin 50 faizini qorusaq da, 50 faizi dəyişib. Daha çox hücum xəttində dəyişikliklər var. Bu da onun nəticəsidir ki, komanda ilk iki görüşdə 2 xal yığıb. Amma 5 xal da yığa bilərdik. İlk oyunda azlıqda qalmasaydıq, qələbə qazana bilərdik. Hətta son oyunda "Xəzər Lənkəran" kimi güclü rəqibi də uda bilərdik. Onu deyim ki, uduza da bilərdik.

 

- Dediz ki, heyətin 50 faizi dəyişib. Yeni transferlərin performansı barədə nə deyə bilərsiniz?

- Ad çəkməyəcəm. Elə futbolçular var ki, komandaya qoşula da, oyun üslubuna, baş məşqçinin tələblərinə hələ uyğunlaşmır. İlk baxışdan eləsi var ki, yaxşı təsir bağışlamır. Ad çəkmirəm. Düzdü, ad çəksəm, bu bəzilərinə yaxşı təsir edə bilər. Bəziləri isə boşala bilərlər.

 

- "Xəzər Lənkəran"la oyundan sonra rəqib komanda Elvin Əsgərovun idarəçiliyini sərt tənqid etdi. Siz hansı fikirdəsiz?

- Klub rəhbəri ola-ola 2-3 nəfər hakim haqda danışmışam. Hakim də insandı. Səhvi ola bilər. Əsas odur ki, hakimlərimi başqa fikirləri olmasın. Elvin Əsgərov da əlindən gələni etdi ki, oyun normal getsin. Onlara yaxşı-pis qiymət verən Hakimlər Komitəsidi. Biz oyunda ciddi səhv görməmişik. Bu, qarşı tərəfin öz fikridir. Xırda şeylərə əl atmırıq. İndiyə qədər bizim də əleyhimizə. lehimizə qərarlar olan oyun olub. Heç vaxt qərəzlilik məsələsini qaldırmamışıq. Bir dəfə belə bir şey gözümüzə çarpmışdı. Sonra analiz edib qərara gəldik ki, hakim niyə özü özünə pislik etsin. Səhv hər yerdə, hətta dünya, Avropa çempionatlarında, Çempionlar Liqasında da olur. Biz istəyirik ki, hakimlərimizin sayı çox olsun. Belədə onların məsuliyyəti də artar.

 

- Cari mövsümdə komandanın qarşısına hansı vəzifəni qoymusuz?

- Azərbaycan futbolunda vəziyyət dəyişib. Yaxşı olardı ki, 1-2 tur keçsin, sonra bu barədə danışaq. Çünki 2 turdan sonra komandanın potensialına bələd olmaq mümkün deyil. Ən azı ötən ilki nəticəni yaxşılaşdırmaq istəyirik.

 

- Yeni transferlər olacaq?

- Böyük ehtimalla olmayacaq. Əgər qeyri-adi bir şey baş verməsə, futbolçu almayacağıq.

 

Elnur SALAHOV


Digər xəbərlər

Xəbər xətti