Roman Qriqorçuk: "Cavidin yoxluğu hiss olunur"

23:39 20 Avqust 2015

“Daha yaxşı oynamaq istərdik. Amma bu da pis deyil”. Sportarena.az xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Panatinaikos”u qəbul edən “qırmızı-qaralar” meydançadan qolsuz bərabərliklə ayrılıb. Ukraynalı mütəxəssis qarşılaşmadan sonra keçirilən mətbuat konfransında görüşlə bağlı fikilərini bildirib:

 

“Çox qol epizodumuz olmadı. Amma uşaqlar əllərindən gələni etdilər. Mən daha çox ilk hissənin ikinci dövrəsindəki mübarizədən məmnun qaldım. Antonov taktiki cəhətdən gözəl oyun nümayiş etdirdi”.

 

- Hesab etmirsiz ki, belə zəif oyunla komanda qrupa düşə bilməz?

- Yəqin ki, bizi “Mançester Yunayted”lə səhv salmamısınız. Komanda bu gün əvvəlki bir çox matçdan yaxşı çıxış etdi. Uşaqların mübarizəsindən razı qaldım. Amma düşünürəm ki, bundan da yaxşı oynamağı bacarırıq.

 

- Dəyişikliklərdə gecikdiyinizi düşünmürsünüz?

- Mən belə məsləhət bildim ki, meydançadakı futbolçular mübarizəni davam etdirsinlər. Mənim qərarım belə oldu və bu, müzakirə mövzusu deyil. Asif Məmmədov meydançaya daxil olduqdan sonra dəyişiklik olmaq üçün kifayət qədər zaman oldu. Antonovun yorulduğunu gördükdən sonra onu əvəzlədim.

 

- “Panatinaikos”un keçilməz komanda olmadığını gördük. Siz necə düşünürsüz, bu komandanı keçmək olarmı?

- Əlbəttə. Düzəliş edəcəyimiz vəziyyətləri gördük. Orta sahədə daha çox top saxlamaq lazımdı. Müdafiədə də bəzi düzəlişlər olmalıdı. Futbolçunun idman hazırlığı deyilən anlayış var. Bu gün əks-hücumların qurulmasında ləngimə oldu. Bunu düzəltməyə çalışacağıq.

 

- Hücumların ləng olduğunu nəzərə alsaq, Cavid Hüseynovun yeri görünürdümü?

- Cavid bizim üçün önəmli oyunçudu. Bu, bizim üçün itkidi. Yoxluğu hiss olunur. Amma biz hazırda pley-off mərhələsində çıxış edirik. Bu mərhələdə artıq bir oyunçunun yoxluğu barədə düşünməməliyik. Hücum təkcə Caviddən ibarət deyil. Bizim ondan başqa da yaxşı oyunçularımız var. Onlar da bu gün yaxşı mübarizə apardılar. Hücumun qurulmasında qapıçıdan tutmuş, hücumçuya qədər hamı iştirak edir. (apasport.az)


Digər xəbərlər

Xəbər xətti