“Kəpəz”lə oyunumuz çətin keçdi. Rəqib güclü, yaxşı komandadır. Bizə xeyli çətinliklər yaşatdı. Xoşbəxtlikdən rəqibin qol vurmaq cəhdləri alınmadı. Bəlkə də biz daha çox bizim üçün tarixi əhəmiyyət kəsb edən “Panatinaikos”la matçı düşünürdük. Bu üzdən də çətin oldu".
Sportarena.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Ermin Zets deyib. Klubun rəsmi saytına danışan bosniya və herseqovinalı hücumçu Topaz Premyer Liqasının 3-cü turunda "Kəpəz"lə oyunda vurduğu ilk qoldan danışıb:
"Kəpəz"lə qarşılaşmanın taleyini vurduğum qol həll etdi. Komandamda qol hesabımı açdığım üçün xoşbəxtəm. Ümid edirəm ki, bu hələ başlanğıcdır və qollarımın davamı gələcək. Amma hər şeydən vacib olan komandamızın qələbəsidir”.
Bosniya və Herseqovina millisinin "Avro-2016"nın sentyabrda keçiriləcək seçmə oyunlarına dəvət alan futbolçu “Qəbələ”nin növbəti görüşü haqda da danışıb. O, Avropa Liqasının "pley-off" mərhələsinin “Panatinaikos”la Yunanıstandakı matç haqda fikirlərini bölüşüb:
“Panatinaikos”la cavab qarşılaşmasında çox çətin oyun olacaq. Rəqib favorit sayılsa da, inanıram ki, biz də yaxşı oyun göstərəcəyik. Mərhələ keçmək üçün özümüzə inanmalıyıq və bacarığımızın 100 faizini meydanda qoymalıyıq”.