Elxan Məmmədovun "süni" biznesi milli komandanı da "vurdu"

14:05 25 Avqust 2015

Azərbaycan futbolunun ən bəlalı yerlərindən biri də süni örtüklü meydançalardı. Medianın və futbol ictimaiyyətinin çoxsaylı narazılıqlarına baxmayaraq, bu proses nəinki azalır əksinə, günü-gündən artır. Xüsusilə də AFFA-nın xətti ilə salınan demək olar, bütün meydançalar süni örtüklüdür. Elxan Məmmədovun AFFA-nın baş katibi postuna gəlişindən sonra bu proses bütün ölkə futbolunu bürüyüb. Deyilənə görə, Azərbaycan futbolunda bu biznes məhz Məmmədovun əlindədir və o da bu biznesini ölkə boyu yayır. Artıq bir çox klublar da bu prosesə cəlb olunub. "Bakcell Arena"nı çıxmaq şərti ilə AFFA-nın balansında olan bütün iri, orta və kiçik tutumlu meyançalar hamısı süni örtüklüdür ki, bu da Azərbaycan futboluna birbaşa zərbədir.

 

Sportarena.az "rekord.az"a istinadən xəbər verir ki, AFFA hazırda Mərdəkan qəsəbəsində əsas milli komanda üçün baza inşa edir. əslində bu, çoxdan olmalı idi. Çünki Azərbaycan millisi Avropada yeganə millidir ki, öz bazası yoxdur. Nəhayət 2013-cü ildə bu işə start verildi və AFFA prezidenti Rövnəq Abdullayevlə bərabər UEFA prezidenti Mişel Platini də həmin bazanın təməlqoyma mərasimində iştirak etmişdi. Bu ilin sonuna kimi bazanın tam təhvil verilməsi gözlənilir. Ancaq çox təəssüflə qeyd etməliyik ki, AFFA-nın süni örtük biznesi milli komandadan da yan keçməyəcək. Əldə etdiyimiz məlumata görə, AFFA rəhbərliyi bazanın ərazisində inşa edəcəyi iki böyük məşq meydançasının hər ikisini süni örtüklü edəcək. Artıq həmin örtüklər Bakıya gətirilib. Həqiqətən də biabırçılıqdır. Araşdırmamız nəticəsində məlum oldu AFFA Avropada yeganə futbol federasiyası olacaq ki, milli üçün təbii örtüksüz baza inşa edir. Çünki hətta ilin 9 ayını qış fəsli yaşayan Rusiya, Norveç, Finlandiya, İslandiya kimi ölkələrdə belə, milli komandaların bazası təbii örtüklüdür. Süni örtüklü meydançalar da var. Ancaq onlar ehtiyat meydança kimi nəzərdə tutulub. Ancaq AFFA əsas milli komandanın məşq edəcəyi hər iki meydançanı süni örtüklü etməklə Azərbaycan futbolunu hansı yöndə "inkişaf"a apardığını da ortaya qoymuş oldu.


Digər xəbərlər

Xəbər xətti