Topaz Premyer Liqasının III turu “Rəvan”ın futbolçusu Cəmşid Məhərrəmov üçün əlamətdar olub. Sportarena.az xəbər verir ki, təcrübəli müdafiəçi Azərbaycan çempionatında yubiley – 250-ci matçına çıxıb.
Cari mövsümədək Premyer Liqada 248 qarşılaşmaya çıxan Məhərrəmov ilk turu buraxsa da, növbəti iki matçda komandasına kömək etməklə 250-yə çatıb. Yubileyini “Xəzər Lənkəran”la səfər matçında qeyd edən 32 yaşlı futbolçu güclülər dəstəsində 12 il əvvəl MOİK-in heyətində debüt edib.
Karyerası ərzində “Karvan”, “Bakı”, “Kəpəz” və “Rəvan”da da oynayan Məhərrəmov Azərbaycan çempionatları tarixində 250 və daha çox oyun keçirən 44-cü futbolçu olub. Müdafiəçi bu görüşlərdə 3 qol vurub.
Qeyd edək ki, oyun sayında mütləq rekord Mahmud Qurbanova məxsusdur.