Avropa Liqasının "pley-off" mərhələsinin cavab oyunu çərçivəsində İsveçrənin "Yanq Boyz" klubu sabah "Qarabağ"ın qonağı olacaq. Sportarena.az xəbər verir ki, komandanın baş məşqçi əvəzi Harald Qamperle Bakıya səfəröncəsi yerli jurnalistlərin suallarını cavablandırıb. Evdəki məğlubiyyətə baxmayaraq, nikbinliyini saxlayan mütəxəssis şanslarının davam etdiyini söyləyib:
"Komandamız ancaq uğura köklənib. Uşaqlar məşqlərdə çox çalışıblar. Evdəki məğlubiyyətə baxmayaraq, şanslarımız qalır. İlk dəqiqələrdən hücuma atılmalıyıq. Qarşıda bizim "Qarabağ"a qol vurmaq üçün daha 90 dəqiqəmiz var".
Qeyd edək ki, "Qarabağ" ötən həftə bu rəqibinə 1:0 hesabıyla qalib gəlib. Cavab matçı isə sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.