“Sumqayıt”ın kapitanı Vurğun Hüseynovun Sportarena.az saytına müsahibəsi
- “Neftçi” ilə oyunöncəsi xoş olmayan söz-söhbətlər yayılmışdı. Konkret desək, “Sumqayıt”ın oyunu verəcəyi ilə bağlı xəbərlər dolaşırdı. Buna münasibətini bilmək istərdim...
- Həqiqətən xoş olmayan sözlərdi. Oyundan qabaq söz-söhbətləri biz də eşitmişdik. Xəbərlər dolaşırdı ki, “Sumqayıt” oyunu verəcək. Bunlar bizim üçün xoş olmadı. Ona görə də meydana çıxıb qələbə qazanmaqla söz-söhbətə son qoymaq istəyirdik. Çünki hamısı boş-boş şeylər idi. Amma zəif təsir bağışladıq və oyunu uduzduq. Uduzmağımıza baxmayaraq, bu, mümkün olan söhbət deyil. Bizdə çox cavan uşaqlardı. Belə bir şey olsa, inandırım sizi ki, başda mən olmaqla heç kim o komandada oynamaz. 2 ildi burdayam. Bu müddət ərzində belə bir şey olmayıb, ola da bilməz. İki ildi “Sumqayıt”ın çörəyini yeyirəm. Belə hal baş versə, orada kiminsə qalacağına inanmıram.
- “Sumqayıt”ın prezidenti Kamran Quliyev kimi, “Neftçi”nin vitse-prezidenti Elnur Məmmədov da AFFA-nın baş katibi Elxan Məmmədovun yaxın adamlarıdı. Elə söz-söhbətlərin kökündə elə bu amil dayanır...
- Onu biz dəbilirik. Biz futbolçularıq. İşimiz meydana çıxıb oyunumuzu oynamaqdır. Birinci oyunu “Rəvan”a qarşı keçirdik. Yeni yığılmış komanda ilə görüşdə xal itirdik. İkinci oyunda evdə “Xəzər Lənkəran”la qarşılaşdıq. Bu matçda da xal itirdik. Biz hansı günümüzə “Neftçi”yə oyun veririk? Əksinə, qələbə lazım idi. Təəssüf ki, məğlub olduq. İnşallah, qarşıdakı oyunlarda itirilmiş xalları bərpa edə bilərik.
- “Sumqayıt” mövsümə olduqca pis başlayıb. 3 oyundan cəmi 2 xal toplamısız. Kapitan kimi, bunun səbəbini nədə görürsən?
- Bütün oyunlarımıza baxmışıq. Səhvlərimiz çoxdu. Səbəbi odur ki, komanda şəklində istədiyimizi edəbilmirik. Hər oyundan öncə deyirik ki, meydana çıxaq, qələbə qazanaq. Amma düşündüyümüzü həyata keçirə bilmirik. Baş məşqçi ilə də tez-tez söhbətlərimiz, analilərimiz olur. Düşünürəm ki, bunların xeyiri olacaq.
- Baş məşqçidən söz düşmüşkən, “Neftçi” ilə oyundan sonra Aqil Məmmədov futbolçuları sərt tənqid etdi. Hətta belə bir fikri oldu ki, “onlara futbolçu deməyə dilim gəlmir”. Sən özünü həmin futbolçuların sırasına aid edirsən?
- Biz bir komandayıq. Heç vaxt özümü kapitan kimi seçmirəm. Məni kapitan seçiblərsə, o futbolçularla eyniyəm. Mənə elə gəlir ki, Aqil Məmmədov əsəbi olduğu üçün elə deyib. Həmin biz çox zəif oynadıq. Aqil müəllim bizə hər zaman güvənir.
- “Sumqayıt” adətən futbolçular üçün milli komandaya tramplin rolunu oynayır. Ancaq bu dəfə Robert Prosineçki komandanızdan heç kimi yığmaya çağırmadı. Bu barədə nə deyə bilərsən?
- Vallah, nə deyim? Məşqçilər daim oyunlarımızı izləyirlər. Hər şey göz qabağındadı. Yaxşı nəticə olmayan yerdən futbolçu cəlb eləmək düzgün deyil. Qarşıdakı oyunlarda nəticələrimizi yaxşılaşdırsaq, Prosineçki bizi də yığmaya dəvət edəcək.
- Bəs özünün milliyə çağırılmaq perspektivini necə görürsən?
- Hər şey özümüzdən, komandanın çıxışından asılıdır. Komanda nə qədər yaxşı oyun göstərsə, bir o qədər milliyə dəvət almaq asanlaşar.
Elnur SALAHOV