"Anam həbsxanada 3 il keçirdi" - "Qəbələ"nin futbolçusu

18:10 27 Avqust 2015

“İlk evim küçə idi. Günümün böyük hissəsini orada keçirirdim. Anam və qardaşlarımla birlikdə küçədə, kinoteatrın qarşısında konfet satıb dolanırdıq”. Sportarena.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin braziliyalı futbolçusu Dodo deyib.

 

Klub tarixinə ən çox oyun keçirən futbolçu kimi düşən yarımmüdafiəçi haqda yazı dərc edən Braziliya mətbuatı onun özü ilə də danışıb. Dodo əziyyətli uşaqlıq illərini xatırlayıb: “Günün sonunda qazandığımız pulla yemək alırdıq. Anam bizi normal ev, ailə, məktəb olmadan təhsilsiz böyüdüb. Bilirdi ki, məktəb bizim gələcəyimizdi. Amma biz hər gün küçədə şirniyyat satır, avtomobillərə baxırdıq. Bəzən başqalarından yardım istəyirdik. Çox vaxt kimsə kömək edib, pul verəndə nə isə yeyirdik”.

 

Dodo anası həbs olunandan sonra daha çətin vəziyyətə düşdüyünü bildirib: “Bir gün konfet satmaqdan qayıdanda anamdan dondurma istədim. Dondurma alarkən satıcı xanımla aramızda anlaşılmazlıq yarandı və anamı oğurluqda ittiham etdi. Buna görə onu həbs etdilər. Anam həbsxanada 3 il keçirdi”.

 

Bu müddətdə Dodo və ailəsinin qaldığı yeri əllərindən alınıb. Onların növbəti evi futbolçunun anası Mariya Qreys ikinci dəfə ərə gedəndən sonra olub. Artıq 11 yaşı olan Dodo küçədə futbolçu bacarığını nümayiş etdirməklə yanaşı, “Vasko de Qama”ya da yollanmışdı. Lakin onu ora götürməyiblər.

 

4 il sonra Rio-de-Janeyronun məşhur Kopakabana çimərliyində işləyən, boş vaxtlarında futbol oynayan 15 yaşlı uşağın istedadını görən biznesmenlərdən biri onu İspaniyaya aparmağa qərar verib: “Elə onda “Erkules” klubu mənə müqavilə təklif etdi. Lakin məni “Barselona-B”yə yerləşdirmək qərarında israrlı olan agentim buna razı olmadı. O, “Erkules”in kiçik komanda olduğunu əsas gətirdi. Barselona təmsilçisində isə boş yer yox idi. Eyni səviyyəli istedadlarla qrupu doldurmuşdular”.

 

Artıq anası da vəfat edən yeniyetmə məyus halda Avropada qalmaqdansa, Braziliyaya qayıtmağa qərar verib. Dodo Braziliyanın küçə həyatını da xatırlayır: “Həddən artıq çox şey görmüşəm. Narkotik və cinayətlərlə dolu Rioda belə insanlardan həmişə uzaq olmuşam. Həyatımda heç vaxt oğurluq etməmişəm. Bunlar həyatda ən pis şeylərdi. Şükür Allaha ki, onlardan uzaq olmuşam”.

 

Artıq futbolçu olmaq perspektivi bitməkdə olan 20 yaşlı Luis Paulo Hilario hücumçu kimi yollandığı Braziliya “Yuventus”unda müdafiəçi kimi baxışda olub və bəyənilib. Bundan sonra Xorvatiya yığmasının milliləşdirdiyi Eduardo Silvanın qardaşı Bruno ilə tanışlıq Dodonun həyatında dönüş nöqtəsi olub. Eduardo isə həmyerlisini Zaqreb “Dinamo”suna çağırıb. Xorvatiyada oynadıqdan sonra isə braziliyalı aparıcı simasına çevrildiyi “Qəbələ”yə keçib: “Beş ildi burdayam. Artıq milliləşməyim də mümkündü. Milli komandada oynamaq böyük arzumdu. Hətta məndən bununla bağlı fikrimi də soruşublar”.

 

Uşaq ikən bir çox çətinliklə üzləşən Dodo həmyerlilərinin eyni taleyi yaşamaması üçün addımlar da atıb: “Artıq mənim bir layihəm var. Kennedi-Taunda teatr vasitəsilə uşaqlara kömək edirəm. Layihənin adı “Biz bizim üçün”dü. Mən Braziliyaya gedəndə onlar üçün tədbir təşkil edirəm. İstəyirəm ki, onlara kömək edim. Hər şey edim ki, onların daha yaxşı imkanları olsun”.

 

apasport.az


Digər xəbərlər

Xəbər xətti