“Panatinaikos” “dağı”nı yaran Roman Qriqorçukun mətbuat konfransı yola düşməyimizlə bağlı lakonik alındı. Belə bir tarix yazan mütəxəssislə geniş müsahibəyə mütləq ehtiyac var idi. Ancaq harda, necə, nə vaxt? Afina hava limanında ukraynalı çalışdırıcıya yaxınlaşaraq “bilirəm, çox yorğunsunuz. Siz işinizi meydanda gördünüz, amma bizim iş hələ də davam edir. Mətbuat konfransı məlum səbəblərdən qısa alındı. Təyyarədə ətraflı söhbət etmək üçün vaxt ayıra bilərsiniz?”, müaciətimdən sonra Qriqorçuk təqribən 1 dəqiqə susdu. Çöhrəsindən görünürdü ki, Bakı vaxtı ilə səhər saat 4:30-da müsbət cavab verməyə taqəti qalmayıb. Ancaq toparlandı və gülümsəyərək “yaxşı, bu dəfə müsahibəni göydə verərəm”, dedi.
Saat 4:45-də təyyarə havaya qalxdı. Lazımi hündürlüyü götürdükdən və kəmərləri açdıqdan sonra, illüminatordan Afina səmasına baxan Roman İosifoviçə yaxınlaşdım. Həmin an nələri götür-qoy edirdi? Afinanı fəth etməsi barədə düşünürdü, yoxsa təqribən 12 saatdan sonra baş tutacaq püşkatma bərədə? Bunu bilmədim. Ancaq futbolçuları ilə bağlı verdiyim hər sərt suala sinəsini sipər etdiyini əvvəlcədən söyləyə bilərəm. Sərkərdə əsgərləri barədə ancaq xoş sözlər işlədirdi. Əlbəttə, “kazarma”da hər birinə lazımi iradlarını bildiriəcək. Ancaq bu, “daxili mətbəx”də baş verəcək...
Gözünü mənə tərəf çevirən mütəxəssis sakit tərzdə “başlayaq”, sualını verdi. Yanındakı boş oturacağı tutub, 4 saat əvvəl memarı olduğu tarixi matç barədə söhbətə start verdim.
- Tarixi qəhrəmanlığın rəsmiləşdiyi final fitindən 4 saat ötür. Hansı hissləri keçirirsiniz?
- Məmnuniyyət hissi keçirirəm. Gördüyümüz işin bəhrəsini meydanda dərdik. Bu dəqiqələrdə klub başbilənlərimizə dərin təşəkkürümü çatdırmaq istəyirəm. Həm prezidentimizə, həm vitse-prezidentimizə, həm menecerlərə. Bu işi birlikdə gördük. Hər birini ayrı-ayrılıqda təbrik edirəm. Əminəm ki, onlar xoşbəxtdi. Futbolçularım da xoşbəxtdi. Mən də xoşbəxtəm. İndi bu qələbədən həzz almalıyıq.
- Bilirəm ki, jurnalistlərlə futbolçuları bir-bir təhlil etməyi xoşlamırsınız. Bəlkə bu gün ənənənizi pozasınız? Bugünkü oyunda komandanızı insan bədəni ilə müqayisə etsək, yetirmələrinizdən kimi “onurğa sütunu”, kimi “baş” və kimi “ürək” adlandırardınız?
- Müsbət nəticəni əldə etmək üçün meydanda elə bir fədakarlıq, məsuliyyət, əzmkarlıq var idi ki, heç kimi ayıra bilmirəm. Uşaqlar bu gün meydanda bütün varlıqlarını qoydular. Onlar karyeralarının ən yaxşı oyununu ortaya qoydu.
- Rəşad Sadiqov ümumi ansabldan düşürdü. Ötürmələrdə səhvlər, hücumların kəsərini artırmaq əvəzinə, arxaya edilən ötürmələr yarımmüdafiəçinin passivinə yazılan məqamlar idi.
- Razılaşıram. Rəşad həqiqətən bir sıra səhvlər etdi. Ancaq o, uğur qazanmağımız üçün də xeyli iş gördü. Sadiqov, vahid mexanizmin tərkib hissəsi idi. Bu, xüsusilə, müdafiə olunduğumuz zaman özünü göstərirdi. Buraxdığı səhflərə baxmayaraq, hesab edirəm ki, yarımmüdafiəçi kifayət qədər uğurlu oynadı. Müdafiə xəttində hansısa cihaz ümumi mexanizmdə nasaz işləsəydi, nəticə acınacaqlı olardı.
- Belədə, Floreskunun oyuna daxil edilməsi gözlənilən idi. Lakin döyüşə Elvin Camalovu atdınız...
- Əlbəttə, Georgenin əvəzetmədən meydana daxil etməsi variantı mümkün idi. Ancaq hiss edirdim ki, məhz bu cür müdafiə xəttiylə uğura daha yaxın olarıq. Elvinin qarşısına konkret hədəflər qoyulmuşdu. Bu gənci bütün tapşırıqlarımın öhdəsindən gəlməsi münasibəti ilə təbrik də etdim.
- Matçın son dəqiqələrində azərbaycanlı jurnalistlər bir ağızdan “Qriqorçuk, 2 əvəzetmən var. Vaxtı öldür”, deyirdilər. Ancaq Siz inadkarlıqla bu addıma zərurət duymadız...
- Formalaşmış mövqeyim var. Mexanizm işləkdirsə, dəyişikliyə ehtiyac yoxdu. Lazım olan əvəzetməni həyata keçirmişdim. Bu cür çətin məqamlarda daxili intuisiyama güvənirəm. Bu dəfə də yanılmadım.
- Sona 3 dəqiqə qalmış hesab 2:2 idi və yunan futbolçu Bezotosnı ilə üz-üzə qaldı. Zəhmətinizin bir anda itəcəyini düşünmədiniz?
- Bu oyunda qapımız önündə başqa təhlükəli epizodlar da oldu. Bilirəm ki, statistikaya baxsaq rəqibin qol vurmaq şansı daha çox olub. Ancaq güclü psixoloji atmosfer, maksimum fiziki gücün sərf edilməsi, texniki və taktiki tapşırıqların zərgər dəqiqliyi ilə yerinə yetirilməsi ilə yanaşı, bu cür matçlarda bəxt amili də olduqca vacibdi. Bəxt sənin tərəfdə olmasa, vay halına!
- Hələ ilk oyundan sonra bəxt amilini qabartmışdınız...
- Görüşdən əvvəl yetirmələrimə “mərhələni keçmək istəyirsinizsə, həyatınızın ən yaxşı oyununu oynamalısınız. Belədə, bəxt də sizin tərəfinizdə olacaq”, demişdim. Rəqib çox, lap çox güclü idi. Ancaq futbolçularımız boylarından hündürə tullandılar.
- Hesab edirsiniz ki, “Qəbələ” cari avrokubok mövsümündə ən yaxşı oyununu oynadı?
- Öncəki rəqiblərimizlə müqayisədə, “Panatinaikos” bir baş üstündü. Ən yaxşı oyunlarımız məhz yunanlara qarşı oldu. Bu sıraya Bakıdakı görüşü də daxil edərdim. Azərbaycandakı matçda da taktiki cəhətdən savadlı oyun nümayiş etdimişdik. Kimlərsə düşünə bilər ki, “Panatinaikos” zəif rəqib idi. Bu fikirlə razı deyiləm. Onları bu cür görünməyə məcbur edən “Qəbələ” var idi! Rəqibi ən yüksək səviyyədə təhlil etmişdik.
- Komandanın qidalanma məsələsini diqqətdə saxlayırsınız?
-Buna bilavasitə həkim cavabdehlik daşıyır. Ancaq hər şey mənim
nəzarətim altındadı.
- Oyunda dubl edən Dodoya nə yedizdirmişdiniz?
- (gülümsəyir). Dodo peşəkardı. Həm qida rasionuna nəzarət edir, həm məşqə ciddi yanaşır, həm asudə vaxtını səmərəli keçirir. Deyərdim ki, ona nəzarət etməyə ehtiyac yoxdu.
Bu gün Dodonun gecəsi idi. Son günlər optimal formasını yığmaq üzrədi. Bu cür oyunda iki qol vurmağın ölçü vahidi yoxdu. Amma Dodonu da fərqləndirmək istəmirəm. Bu axşam əldə olunan nəticənin əsas resepti kollektivin hər bir üzvünün bacardığının ən yaxşısını ortaya qoyması oldu.
- Heç kim gözləmirdi, ancaq “Qəbələ” qrup mərhələsinə yüksəldi. Bəs indi nə gözləyirsiniz?
- Sevinirik. Ancaq etiraf edim, bu gün qalib gəlməyi yox, qrup mərhələsinə düşməyi arzulayırdım. İstəyirdim ki, komandamız avrokubok həyatını davam etdirsin. Belədə, əsl futbol həyatı yaşayırsan. Bir tərəfdən çempionat, 3 gündən sonra avrokubok qarşılaşması, evə qayıdan kimi, növbəti turun hazırlıqları. Futbol həyatı budu! Bu həyatı yaşamaq üçün hər şeyimi verməyə hazır idim. Şükürlər olsun ki, istəyimizə çatdıq. Bax, indi ciddi futbol səviyyəsində olduğumuzu söyləyə bilərəm. Qrupda tam fərqli səviyyədə olan komandalarla qarşılaşacağıq. Ölkə çempionatında biri-birindən maraqlı görüşlər keçirəcəyik. Bütün bunlar çox maraqlıdı. Heyəti gücləndirməyə məhkumuq. Buna görə də yeni transferlər edəcəyik.
- “Transfer pəncərə”si bağlanmaq üzrədi. Azad agentləri axtaracaqsınız?
- Qarşıda 4 gün var. Bu, az müddət deyil. Bilmək olmaz.
- Psixoloji cəhətdən yorulmamısınız? Axı 4 mərhələnin hamısında cütlüyün autsayderi olmaq əlavə təzyiq altında saxlayır.
- Bu, təzyiq edə bilməz. Çünki avrokubok marafonu öncəsi bilirdik ki, reytinqimiz yoxdu. Ancaq qarşımızda qalib gəlmək məqsədi var. Azərbaycanın, klubumuzun reytinqini qaldırmaq üçün maksimum səy göstərməliyik. Azərbaycanın 2 klubunun qrupa yüksəlməsi çox müsbət və vacib haldı. Çünki indi ölkənin klub reytinqini daha da qaldırmaq üçün şanslarımız artır.Üstəlik bu, ölkənin imicidi.
- Təqribən 2 saatdan sonra təyyarə yerə enəcək. Təxmini təsəvvürünüzə gətirirsiniz, Qəbələdə sizi nə gözləyir?
- (susur, kövrəlir, səs tembrini düzəltməyə çalışır) Dünən hava limanında bizi yola salan insanları gördükdə, heyran qalmışdım. Onların bu cür isti yolasalma mərasimini gördükdən sonra çox, lap çox istəyirdim ki, Azərbaycana qələbəylə dönək. Çünki bu azarkeşlər bu sevinci yaşamağı haqq etmişdilər. Əgər insanlar digər işlərini bir kənara qoyub, komandanı yola salmağa gəliblərsə, bunun bir adı var – məhəbbət! Biz bu qələbəni onlar üçün qazanmışıq. Xoşbəxtəm ki, həmin insanların sevinc hisslərini görəcəm.
- Həmin insanların xoşbəxtliyinin davam etməsi nə dərəcədə realdı?
- İdman belədi. Biz bu zirvəni fəth etmişik. Ancaq artıq bir neçə gün əvvəl əlçatmaz görünən bu zirvə ayağımızın altındadı. İndi isə burda möhkəmlənmək lazımdı. Qətiyyən növbəti pilləkənə yüksəlməyə tələsmək olmaz. Belədə, uğur daimi olacaq.
CEYHUN ƏLİYEV, Bakı - Afina - Bakı
futbolinfo.az