“9-cu Zirvə Kuboku”nun təntənəli açılış mərasimi keçirildi - FOTOLAR

12:51 30 Avqust 2015

“Zirvə” Beynəlxalq İdman Klubunun 29-30 avqust tarixlərində Astara Olimpiya İdman Kompleksində keçiriləcək “9-cu Zirvə Kuboku”nun açılış mərasimi keçirilib. İlk öncə xüsusi olaraq bu yarış üçün hazırlanmış səhnəyə bütün filialların nümayəndələri dəvət edlib. 12 ölkədən 26 klub əllərində lövhələrlə bayraq müşayiətində zala toplaşanlara təqdim olunub. Onların paradı böyük alqışlarla müşayiət olunub.

Rəsmi hissədə ilk olaraq Astara Şəhər İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edib: “Xanımlar və cənablar!
Hörmətli qonaqlar!
Əziz dostlar!
Sizi Azərbaycan torpağında ürəkdən salamlayıram!
Doğma Astaramıza xoş gəlmişsiniz!
Bu gün bizim üçün əlamətdar, sevincli bir gündür. Rayonumuzda əsil idman bayramıdır. Ağır atletika üzrə IX Dünya Kubokunun rayonumuzda keçirilməsi bizi hədsiz sevindirir. Bu beynəlxalq idman yarışına qatılan ölkələrin idmançılarını ürəkdən təbrik edir, uğurlar arzulayıram.
Xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin bir müdrik fikrini xatırlatmaq istəyirəm: “Vaxt gələr Azərbaycan dünyaya bir günəş kimi doğacaq”. Doğrudan da bu gün Azərbaycanımız hərtərəfli inkişaf edərək qüdrətli bir dövlət kimi dünyaya işıq saçır. Son illər ölkəmizdə keçirilən dünya əhəmiyyətli siyasi, iqtisadi, mədəni-kütləvi, idman tədbirləri dediklərimizə əyani sübutdur.

Bu ilin iyun ayında Birinci Avropa Oyunlarını yüksək səviyyədə təşkil edib keçirən ölkəmiz bir ilkə imza ataraq adını qızıl hərflərlə tarixə yazdı. Dünya tarixində ilk dəfə təşkil olunan bu möhtəşəm idman bayramının Azərbaycanda keçirilməsi möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin beynəlxalq miqyasda qazandığı nüfuzun, əldə etdiyi uğurların məntiqi nəticəsi idi. Bu böyük idman yarışında Azərbaycan idmançıları 56 medal qazanaraq 50 iştirakçı ölkə arasında ikinci yeri tutdular.

Azərbaycan bütün sahələrdə sürətlə inkişaf edir. Ölkəmizdə idmanın inkişafı üçün geniş imkanlar yaradılmışdır. Qısa müddətdə regionlarda 40-dan çox Olimpiya İdman Kompleksi tikilib istifadəyə verilmişdir.
Astara rayonunda da gənc nəslin sağlam böyüməsi, idmanın inkişafı üçün hər cür şərait yaradılmışdır. Astara Olimpiya idman Kompleksi və Boks Mərkəzi ölkə rəhbərinin gənclərimizə əvəzsiz hədiyyəsidir. İnanıram ki, bu gün rayonumuzda keçirilən beynəlxalq idman yarışı idmanın inkişafına, gənclərimizin idman nailiyyətlərinin artırılmasına öz töhfəsini verəcəkdir.

Hörmətli qonaqlar!
Əziz dostlar!
Bu beynəlxalq idman tədbirinin rayonumuzda keçirilməsinin təşəbbüskarı olan Azərbaycan Ağır Atletika Federasiyasına, “Zirvə” Beynəlxalq İdman Klubunun rəhbərliyinə, yarışın təşkilat komitəsinə minnətdarlığımı bildirirəm.

Sizi dostluq, sülh, həmrəylik rəmzi olan bu idman bayramı münasibəti ilə bir daha təbrik edir, yarışlarda iştirak edən idmançılara uğurlar arzulayıram.
Sağ olun!»

Daha sonra “Zirvə” Beynəlxalq İdman Klubunun prezidenti Tofiq Heydərov giriş sözü ilə çıxış edib: «Əziz idmançılar, məşqçilər və qonaqlar!

Sizin hər birinizi Azərbaycanın “cənub qapısı” olan Astara şəhərində salamlayıram.
Mən inanıram ki, Astara Olimpiya İdman Kompleksində təşkil olunacaq növbəti – “9-cu Zirvə Kuboku” yarışı hər biriniz üçün xoş anlara səbəb olacaqdır. Bu, bizim klub üçün həm böyük şərəf, həm də böyük məsuliyyətdir. Cəmi 18 min əhalisi olan Astara şəhərində belə səviyyədə – belə bir gözəl Olimpiya İdman Kompleksində Dünya Kubokunun keçirilməsi böyük uğurdur. Yarışın təşkilində göstərdiyi dəstəyə görə Astara Şəhər İcra Hakimiyyətinə və şəxsən onun başçısı Qəzənfər Ağayevə təşəkkür edirəm.

2015-ci il Azərbaycan idmanına gözəl töhfələr verdi. Belə ki, möhtərəm Prezidentimiz İlham Əliyevin şəxsi rəhbərliyi altında keçirilən I Avropa Oyunları çox möhtəşəm keçdi. İdman tarixində ilk dəfə olaraq Bakı şəhərində keçirilən I Avropa Oyunları bizim klubun da gələcək inkişaf xəttinə bir stimul verdi.
Ümid edirəm ki, yarış iştirakçılarına Astaranın füsunkar təbiəti, Xəzər dənizi və yaşıl meşəli dağları əsrarəngiz təsir bağışlayacaqdır.

Sözlərimi məşqçimin mənə vaxtilə dediyi cümlə ilə bitirmək istəyirəm: “Lənkəranda ağır atletika zəifdirsə, günahı başqalarında yox, özündə axtar”. Mən bu sözləri özümə tapşırıq kimi qəbul etdim və hazırda Cənub regionunun bir çox yerində ağır atletika öz inkişafını tapıb. İnanıram ki, Astarada da bu inkişafa şahid olacağıq. Yerli insanları da bizə dəstək olmağa, şəhərdə, regionda sağlam nəsilin yetişməsində bilvasitə iştirak etməyə dəvət edirəm.
Hamınıza uğurlar arzulayıram. “9-cu Zirvə Kuboku”nu açıq elan edirəm»

Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

İsveçin Landskrona şəhərində keçirilən yaşı 15 və 17-yə qədər yeniyetmə ağır atletlərin Avropa birinciliyində qızıl medal qazanan “Lənkəran-Zirvə” nümayəndəsi Səbinə Əzimova və onun məşqçisi Taleh Hüseynova İcra Hakimiyyəti adından mənzil hədiyyə edilib.

Bununla yanaşı, Azərbaycanda idmanın inkişafı verdiyi dəstəyə görə Astara Şəhər İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevə klubumuz tərəfindən təşəkkür plaketi təqdim olunub. Daha üç plaket Astara rayon Gənclər və İdman İdarəsinin rəisi Ərkə Əliyev və Astara Olimpiya İdman Kompleksinin direktoru Famil Səlimov, “Lənkəran-Zirvə” klubunun direktoru Mirkamil Abbasova təqdim olunub.

Daha sonra açılış mərasiminin bədii hissəsi başlayıb. Cənub zonasının simvolu olan məşhur “Nənələr” qrupu, “Azəristar” yarışmasının qalibi Tural Babazadə və tanınmış müğənni Sevda Ələkbərzadə çıxış ediblər.


Digər xəbərlər

Xəbər xətti