Gündüz Abbaszadədən sərt ittihamlar: "Məndən onun akkreditasiyasını ləğv etdirməyi tələb edirdilər"

16:58 1 Sentyabr 2015

"Neftçi"dən ayrılan Gündüz Abbaszadə bunun səbəbləri barədə açıqlama yayıb. Sportarena.az xəbər verir ki, o, özünün Facebook səhifəsində qeyd edib ki, həyatda heç nə səbəsiz deyil və onun da “Neftçi”dən ayrılmasının səbəbi var.


"Dünəndən dostlarım məndən səbəbləri soruşur, maraqlanır. Sağ olun, var olun. Səbəblərə gəlincə, avqustun 1-dən rəsmən məzuniyyətdə (!) olan birinin işindən narazıdırlar. Maraqlıdır, məzuniyyətdə olan adamın işindən necə narazı qalmaq olar? Elnur Məmmədov Braziliyada olduğundan narazılığı mənə Sadıq Sadıqov dönəmindən klubda tanıdığım, Tahir Süleymanova ən yaxın insanlardan biri olmuş Mübariz Xudiyev demişdi. Mənə deyirdi ki, kluba təzyiqlər var, Tahir Süleymanov, Böyükağa Hacıyev, Elnur Əşrəfoğlu “Neftçi” haqda danışırlar, sən isə onların cavabını vermirsən. Mən isə bildirim ki, haqlı və ya haqsız olsalar belə adı çəkilən insanlara mən cavab verə bilmərəm. Çünki onlarla uzun müddət bir yerdə işləmişəm, çörək kəsmişik. “Neftçi”də sabah olmayacağıq, amma yoldaşlığımız hər şeydən önəmlidir. Həmin dönəmdə mətbuat azarkeşlə bağlı bəyanata görə də qınamışdı klubu. Mən müəllifi olmadığım bəyənata görə niyə cavab verməli idim? İllərdir stadionda gördüyüm, 2014-cü ildə şəklini rəsmi facebook səhifəmizdə paylaşdığımız Nurlana necə kənar şəxs deyə bilərdim? Hə, bir də məndən vaxtı ilə “Neftçi”nin fotoqrafı olmuş Bəkir Dəlləkova (Qazaxlı Bəkir) PFL-in verdiyi akkreditasiyanı ləğv etdirmək tələb olunurdu. Hansı əsasla? Əzizlərim, təbii ki, bunlar bəhanə idi. Əslində mən avqustun 22-də Mübariz Xudiyevlə söhbətimdə istefa vermişdim. Sadəcə, Elnur Məmmədov məndən özünün dönüşünü gözləməyimi istədi. Mən də gözlədim. Dünən görüşdük və... Bitdi. Canımı, qanımı verməyə hazır olduğum “Neftçi”dən ayrılmaq çox ağır gəlir mənə. Amma ondan da ağırı yaxınım bildiyim, əlindən tutduğum birinin... Nə isə.. “Neftçi”də işlədiyim üçün peşmanam? Xeyr! 2 çempionluq, 2 kubok və Avroliqanın qrupu... Niyə peşman olum ki?".


Digər xəbərlər

Xəbər xətti