"Artıq 10 gündü bir yerdəyik. Yavaş-yavaş bütün futbolçular milliyə qoşuldular".
Sportarena.az "apasport.az"a istinadən xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib. Millimiz Avro-2016-nın seçmə mərhələsi çərçivəsində yer aldığı H qrupunda sabah Xorvatiya yığmasını qəbul edəcək.
Prosineçki görüş öncəsi təşkil edilən mətbuat konfransında sözlərinə bu cür davam edib: “Bilirik ki, bizi çətin oyun gözləyir. Biz hazırıq. Komandamın məşq prosesindən razı qalmışam. Sabahkı matçda yaxşı nəticə göstərməyə hazırıq. Rəqibdən qorxmuruq”.
- “Qəbələ” və “Qarabağ”ın oyunçuları milliyə yorğun qoşulublar. Bu amil sizin oyununuza təsir etməyəcək?
- Xeyr. Bunun mənim planıma heç bir təsiri olmayacaq. Oyunçular peşəkardılar. Vaxt var idi ki, bərpa olunsunlar. “Qəbələ” və “Qarabağ”ın qrup mərhələsinə vəsiqə qazanmasından məmnunam. Bu, Azərbaycan futbolunun xeyrinədi.
- Nurlan Novruzovun çağırılıb, sonra ondan imtina edilməsinin səbəbi nədi?
- Başa düşə bilmirəm ki, hər konfransda niyə Nurlanın adı çəkilir? Biz sabah Modriç, Mandzukiç, Rakitiç kimi oyunçulara qarşı oynayacağıq. Onların hansı klublarda oynadıqlarından xəbəriniz varmı? Mən Nurlanı özüm çağırıb 4-5 gün izlədim.
- Start heyətini açıqlaya bilərsiniz?
- Heyətdə Əfran İsmayılovla bağlı kiçik problem var. Onun son məşqdə əzələ problemi var idi. Ümid edirik ki, qorxulu bir şey yoxdu. Həkimlər ciddi bir şey olmadığını deyiblər. Amma ən geci sabah səhər onunla söhbət edəcəm. Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Bədavi Hüseynov, Rəşad Sadıqov, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Dmitri Nazarov, Ruslan Qurbanov, Məhəmməd Qurbanov və hazır olarsa Əfran İsmayılov oynayacaq.
- İlqar Qurbanovun dəvət olunmamasının və klubunda çıxış etməyən Məhəmməd Mirzəbəyovun əsas heyətdə yer almasının səbəbini deyə bilərsiniz?
- Maksim Medvedev zədəlidi. İlqarın həmin mövqedə oynadığını bilirəm. İlqar uzun müddət oynamayıb. Məhəmməd klubunda daim oynamır. Amma bu, mənim qərarımdı. O, sürətli və aqresssivdi. Mövqeyində Perişiçə qarşı oynayacaq. Əminəm ki, ona qarşı yaxşı mübarizə aparacaq.
- 0:6 hesablı məğlubiyyətdə iştirak edən bəzi oyunçular sabah da çıxış edəcəklər. Onlara səhvləri barədə məlumat vermisiniz?
- Heyətdə dəyişikliklər olub. Özünəinamımız artıb. Əhvalımız yaxşıdı. Bəli, rəqibin oyunçuları güclü çempionatlarda çıxış edir. Amma biz qorxmuruq. Futbolçularım top saxlayırlar. Sabah yaxşı oyun göstərəcəyik.