"İndiki halda məni yalnız ilk mərhələdəki rəqib maraqlandırır" - Hüseynov

16:29 5 Sentyabr 2015

“Dünya Kubokunun yüksək səviyyədə keçiriləcəyinə əminəm. Azərbaycanda yüksək təşkilatçılıq ənənələri mövcuddu. Bütün şahmatçıları ciddi sınaq gözləyir”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan şahmatçısı Qədir Hüseynov deyib. Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunda Azərbaycanı təmsil edəcək şahmatçılardan biri də məhz Qədir Hüseynov olacaq. Mötəbər yarışla bağlı fikirlərini bildirən şahmatçı Dünya Kuboku tarixində ən güclü iştirakçıların məhz Bakıdakı yarışda mübarizə aparacağını söyləyib:

 

“İştirakçılar baxımından ən güclü heyət məhz paytaxtımızdakı yarışa təsadüf edəcək. Hazırkı dünya çempionu Maqnus Karlsen və iddiaçılar turnirinə vəsiqəni təmin edən sabiq çempion hindistanlı Vişvanatan Anand Bakıya gəlməyəcək. Digər güclü şahmatçılar mötəbər yarışda iştirakını təsdiqləyib. Fabiano Karuana və Hikaru Nakamura iddiaçılar turnirinə vəsiqə qazanıb. Amma bununla belə, Bakıdakı Dünya Kubokunda mübarizə aparacaqlar. Eyni zamanda Vladimir Kramnik, Veselin Topalovu unutmaq olmaz. Çox çətin olacaq, amma hər birimiz maksimum dərəcədə yaxşı çıxış etməyə çalışacayıq”.

 

Hüseynov turnirlə bağlı proqnoz vermək istəməyib. Şahmatçımız hazırda yalnız ilk mərhələ haqda düşündüyünü söyləyib: “Mən tələsmək istəməzdim. Hazırda ilk rəqib haqda düşünürəm. Onunla oyuna hazırlaşıram. Dünya Kubokunda hər növbəti rəqib haqda fikirləşməliyəm. Qarşıda necə olacağını demək çətindi. İndiki halda məni yalnız ilk mərhələdəki rəqib maraqlandırır. Dünya Kuboku Bakıda keçirildiyindən şahmatçılarımızdan birinin sona qədər yarışda qalmasını istərdim. Finalçılar iddiaçılar turnirinə vəsiqə əldə edəcək. Həmin vəsiqələrdən birinin bizim şahmatçıya qismət olmasını arzulayıram”.

 

Qeyd edək ki, Dünya Kubokunda iştirak edəcək Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Eltac Səfərli milli komandanın kapitanı Aleksandr Xalifmanın rəhbərliyi altında Qəbələdə təlim-məşq toplanışında iştirak edir.


Digər xəbərlər

Xəbər xətti