"Xorvatiya ilə oyundan sonra bizi burda çətin görüş gözləyir".
Sportarena.az apasport.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib. Millimiz Avro-2016-nın seçmə qrup mərhələsi çərçivəsində sabah Malta yığması ilə üz-üzə gələcək. Qarşılaşmanın keçiriləcəyi Ta Qali stadionunda oyun öncəsi təşkil edilən mətbuat konfransında Prosineçki sözlərinə bu sözlərlə davam edib:
“Maltanın İtaliyaya qarşı son oyununu izləmişəm. İtaliyaya qarşı uğurlu oyun keçirdilər. İtaliya çətinliklə bir qol vurub qələbə qazandı. Yenə deyirəm ki, öz oyunçularımla fəxr edirəm. Onlar peşəkardılar. Xorvatiya ilə görüş artıq geridə qalıb. Əminəm ki, komandam sabah da əlindən gələni edəcək ki, evə uğurlu nəticə ilə qayıdaq”.
- Yığmamızın artıq 3-cülük uğrunda mübarizədən kənarda qalması futbolçularda psixoloji gərginlik yaratmır?
- Təəssüf ki, Azərbaycan yığması seçmə mərhələyə çox pis başladı. Şansımız az olmasına baxmayaraq, hər oyuna ciddi hazırlaşırıq. Futbolçularda özünəinam var. Futbolçular nəyə qadir olduqlarını bilirlər. Onların uğurlu çıxışı Azərbaycan futboluna yardımdı.
- Xorvatiya ilə oyunla müqayisədə start heyətində dəyişiklik olacaqmı?
- Həmişə heyəti açıqlayıram. Start heyətində Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Rəşad Sadıqov, Bədavi Hüseynov, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Dmitri Nazarov, Cavid Tağıyev, Ruslan Qurbanov, Əfran İsmayılov yer alacaq.
- Eddi İsrafilov La Liqada çıxış etməsinə baxmayaraq, ona start heyətində şans vermirsiniz. Onun hazırlığından razı deyilsiniz?
- Eddi “Eybar”da hələ heç bir oyunda iştirak etməyib. 15 gün zədəli oldu. Eddi zədəsini artııq tam sağaldıb. Amma fiziki cəhhətdən tam hazır deyil. Onun hansı formada olduğunu görmək üçün çağırmışam. Sabah ona daha çox şans verəcəm. Bilirəm ki, yaxşı futbolçudu. Yaxşı formada olanda milliyə kömək edə bilər. Təəssüf ki, indi yaxşı formada deyil.
- Hava durumunun oyununuza hansısa təsiri ola bilərmi?
- Bakıda da hava istidi. Amma burda daha çox istidi. Məşqi oyun saatı ilə eyni vaxta saldım. Bunları bəhanə edə bilmərik. Çıxıb oynamalıyıq.
- Pavel Paşayev klubunda start heyətində yer alır. Onunla bağlı hansı planlarınız var?
- Sizinlə tam razı deyiləm. Klubunda həmişə oynamır. Ancaq son turda oynayıb. Pavel maraqlı oyunçudu. Ona görə də, onu dəvət edirəm. Amma mən hələ Məhəmməd Mirzəbəyova şans verirəm. Çünki o yaxşı formadadı. Pavelin də şansı olacaq. Pavel Norveçlə oyuna zədəli durumda gəlmişdi. Təəssüf ki, oynada bilmədik. “Şaxtyor”a qarşı oyunu izləmişəm. Orda 8 nəfərlə müdafiə olunmuşdular. Milli müdafiə futbolu oynamır. Hətta qol vurmaq imkanı da oldu. Ona da gələcəkdə şans verəcəyik.
- Sabah Malta qələbə qazansa, 4 xalı olacaq. Bu, sizdə təzyiq yaratmır?
- Uduzsaq da, 1 xal öndə olacağıq. Heç bir təzyiq yoxdu. Futbolçularıma güvənirəm. Çalışacağıq sabah qələbə qazanaraq, fərqi artıraq.
- Malta yığmasının hansısa oyunçusunun adını çəkə bilərsiz?
- Rəqibin İtaliya ilə oyununu dəyərləndirmişəm. Onlarda maraqlı oyunçular var. Amma mən öz oyunçularıma diqqət yetirirəm. Diqqətli oynasaq, uğur bizimlə olacaq.