Çingiz Abdullayevin bilmədiyi həqiqətlər

10:31 6 Sentyabr 2015

Sevincimizin həddi-hüdudu yoxdu. Çox hörmətli xalq yazıçımız Çingiz Abdullayev nəhayət ki, qələm əhliylə görüşdü. Düzdü, bu görüşün keçirilmə forması özlüyündə "xalq komandası”na rəhbərlik edən xalq yazıçısına uyğun gəlmir. Ona görə ki, cənab Abdullayevin çiyinlərində olan hər iki fəxri ad onun xalqa yaxın olmasını vacib edir. Amma aylardan bəri xalqın gözündən uzaq olan hörmətli yazıçımız onun sözlərini geniş auditoriyaya çadırmalı olan qələm əhliylə məhdud çərçivədə görüşməyə üstünlük verdi.

 

İnanmaq istərdim ki, bunun səbəbi vaxt azlığı və ya görüşün keçirildiyi yerin darlığı olub. Yoxsa adamın ürəyinə min cür fikir gəlir. Düşünmək istəmirəm ki, cənab Abdullayevin jurnalistlərlə bu cür yarımqapalı görüş keçirməsinin arxasında idman jurnalistlərinin arasında süni gərginlik yaratmaq, hansısa həmkarlarımızın "Neftçi” yaxın olduğu haqda saxta rəy formalaşdırmaqla onları üz-üzə qoymaq cəhdləri dayanıb. Hərgah ki, bu cür davranışdan daha çox AFFA baş katibinin idarəetmə üsullarının, "parçala, hökm et” prinsiplərinin qoxusu gəlir.

 

Bütün bu ehtimalları bir kənara qoyaq, keçək Çingiz bəyin dəyərli fikirlərinə. Cənab Abdullayev son aylarda artıq ikinci dəfə Pen-klubun Azərbaycan bölməsinə rəhbərlik etdiyini vurğulayır, ölkəmizdəki yazı-pozu adamlarının müdafiəsiylə məşğul olduğunu iddia edir. Şəxsən mən indiyə kimi azərbaycanlı jurnalistlərin məhkəmə proseslərində Çingiz müəllim iştirakı haqda heç nə eşitməmişəm. Heç onun dilindən jurnalistlərin təqib olunmasını, döyülməsini-söyülməsini pisləyən bəyanat da səslənməyib. Hər halda, belə bir şey olsaydı, biz də xəbər tutardıq.

 

Jurnalistlərin hüquq və azadlıqlarının müdafiəçisi olduğunu deyən Pen-klub rəhbəri bu açıqlmasının ardınca onu və rəhbərlik etdiyi klubu tənqid edənləri məhkəməylə hədələyir. Bu necə olan işdi? Belə çıxır ki, əvvəl cənab Abdullayev idman jurnalistlərini məhkəməyə verəcək, həbsə atdıracaq, daha sonra da onların hüquqlarını müdafiə etməyə başlayacaq.

 

Onun "Qarabağ”la "Qəbələ”nin avrokuboklardan uzaqlaşdırılmasını guya əngəllədiyi haqda dediklərinə inanmaq üçün isə futboldan baş çıxarmamaq, UEFA və FİFA-nın prinsiplərindən xəbərsiz olmaq lazımdı. Allaha şükür ki, biz belələrindən deyilik. Yaxşı olardı ki, cənab Abdullayev mücərrəd məsələlərdən yox, konkret olaraq azarkeşə əl qaldıran "Neftçi” futbolçularının hansı cəzayla üzləşdiyindən danışaydı. Amma jurnalistlərlə görüşündə Müşahidə Şurasının sədri digər vacib məqamlarla yanaşı bu məsələyə də münasibət bildirməyib.

 

Cənab Abdullayev keçmiş rəhbərliyin "Neftçi”ni 3 milyon borcla onlara təhvil verdiyini deyir. Niyə yada düşən təkcə borcdu? Axı həmin borcla yanaşı Müşahidə Şurasına Avroliqanın qrupuna yüksəlməklə adını Azərbaycan futbolunun tarixinə yazan, ardıcıl 3 dəfə ölkə çempionu olan, kuboku başı üzərinə qaldıran komanda da əmanət edilmişdi. Bunu necə danmaq olar? Qazanılan bütün mükafatların davamının gəlməməsinin səbəbi elə "Neftçi”nin borc girdabına sürüklənməsi, kluba sponsor dəstəyinin dayandırılması, klubun Sadıq Sadıqovun əlindən alınması üçün çıxarılan hoqqalar deyildimi?

 

30 yaşlı legionerin futboldan doyduğunu deyən klub rəhbərinin son transferlərdən, ümumiyyətlə, "Neftçi”nin ətrafında cərəyan edən proseslərdən xəbərsiz olduğu aşkara çıxır. Yoxsa, bu fikirlərin sahibi elə onların rəhbərliyi dövründə "Neftçi”yə 33 yaşlı slovakiyakı qapıçının gətirilməsini niyə əngəlləməyib? Belə çıxır ki, komandaya transferlər Abdullayevin iradəsindən kənar həyata keçirilir, nəzarət sözün əsl mənasında Elnur Məmmədovun əlindədi. Olmaya, Çingiz bəy "Mladost”la oyunlara da baxmayıb?

 

Baxsaydı, 31 yaşlı ispan Xuan Albertonu gözdən qaçırmazdı. Legionerlər bir kənara, deyəsən Müşahidə Şurasının sədrinin heç Bəhram Bağırzadənin harda olduğundan, nə iş gördüyündən xəbər yoxdu. Çingiz bəy hələ də fikirlərşir ki, keçmiş KVN-çi azarkeşlərlə iş aparır, aprel ayında olduğu kimi fanatları tribunalara cəlb etməyə çalışır. Ay-hay, nəyi qoyub, nəyi axtarırsız?

 

"Neftçi”nin azarkeşlərini kənar şəxs adıyla döyəndə, həbsxanaya atanda Bağırzadə heç Bakıda yox idi, Qəbələdə kinoya çəkilirdi. Çingiz bəyin 2037-ci ilə qədər "Neftçi”yə rəhbərlik etmək arzusuna mən də gülürəm, elə özünün güldüyü kimi. Çünki bu gedişlə "xalq komandası” 2017-ci ilədək mövcudluğunu belə itirəcək.

 

Amal ABUŞOV

Futbol+


Digər xəbərlər

Xəbər xətti