Erməni şahmatçılar Bakıya gəlir

15:45 6 Sentyabr 2015

Sentyabrın 10-da Bakıda start götürəcək şahmat üzrə Dünya Kuboku ilə əlaqədar tərəfdaş şirkətlərlə müqavilənin imzalanma mərasimi keçirilib. Sportarena.az xəbər verir ki, Dünya Kuboku-2015-in tərəfdaşı kimi “Badamlı”, “Baku Electroniks”, “Baku Taksi”, Modern Hospital, Meqa Sığorta, Red Bulla müqavilələr imzalanıb.

 

Tədbirin sonunda jurnalistlər üçün mətbuat konfransı keçirilib. Dünya Kubokunda Ermənistan şahmatçılarının da iştirak edəcəyini bildirib. Bunlar Levon Aronyan, Qabriel Sarkisyan, Samvel Ter-Sahakyan və Qrant Melkumyandan əlavə, ABŞ-ı təmsil edən Samuel Sevyan və Varujan Akobyan da Dünya Kubokuna qatılacaq.

 

Erməni şahmatçıların iştirakı ümumi qaydada olacaq: “Onların təhlükəsizliklərini təmin etmişik. Bütün iştirakçılar və yarışın özü “Fairmont Hotel”də olacaq. Onlar elə bu hoteldə qalacaqlar. Ona görə də erməni şahmatçıların mühafizələrini bir qədər artıracağıq. Amma xüsusi mühafizəyə ehtiyac yoxdur”.

 

Məlumat verilib ki, Dünya Kubokunda iştirak üçün Harri Kasparova dəvət göndərilməyib və özünün də iştirak edəcəyi barədə məlumat yoxdur. Əslən bakılı dünya çempionunun gələn il Azərbaycan paytaxtında təşkil olunacaq Ümumdünya Şahmat Olimpiadasına qonaq qismində qatılmaq istəyi var.

 

Xatırladaq ki, Azərbaycanı Dünya Kubokunda Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Vasif Durarbəyli təmsil edəcək. Dünya Kubokunun ümumi mükafat fondu 1 600 000 ABŞ dollarıdır.


Digər xəbərlər

Xəbər xətti