"Nəticə çıxarmaq lazımdır" - Rəşad Sadıqov

18:27 7 Sentyabr 2015

Milli komandamızın kapitanı Rəşad Sadıqov "AÇ-2016"nın seçmə mərhələsində Malta ilə 2:2 bərabərə qaldıqların oyundan sonra müsahibə verib.

 

- Oyunla bağlı nə deyə bilərsiniz?

- Çətin oyun alındı. Matçın əvvəlində hər şey bizim üçün yaxşı keçirdi. Amma ikinci hissədə isə səhvlərə yol verdik. Bütövlükdə, oyuna nəzarət bizim əlimizdə idi. Hesabı bərabərləşdirəndən sonra da irəli atıldıq, qol vurmağa çalışdıq. Amma buna nail ola bilmədik.

 

- Sizcə, Bədavi Hüseynov niyə bu oyunda yaxşı çıxış etmədi?

- Müdafiəçinin mövqeyi elədir ki, sən 5-10 matçı yüksək səviyyədə keçirə bilərsən, amma bir oyunda buraxdığın səhv bütün uğurlarının üstündən xətt çəkər. Xorvatiya ilə oyunda Bədavi ən yaxşılardan biri idi. Amma Malta ilə görüşdə kobud səhvə yol verdik. Vaxtilə mən də kobud səhvlərə yol vermişəm. Bundan heç kim sığortalanmayıb. Nəticə çıxarmaq lazımdır.

 

- Sizə elə gəlmir ki, komandamızın belə nəzarət etdiyi oyunda hücumçularımız daha çox qol vurmağa borclu idilər?

- Bakıya qələbə ilə qayıda bilərdik. Hesab 1:1 olarkən qol vurmaq üçün yaxşı şansımız var idi. Qələbəyə çox yaxın idik. Biz hətta hesabı bərabərləşdirəndə də, qola çox sevinmədik. Yenidən fərqlənmək barədə düşünürdük. Sadəcə, alınmadı.

 

- Siz özünüz milli komandanın təcrübəli futbolçularındansınız. Millimizin rəqibləri üzərində belə üstün futbol sərgilədiyi oyun xatırlayırsınız?

- Xeyr, xatırlamıram ki, hansısa görüşdə belə üstünlüyümüz olsun, amma qalib gəlməyək. Bu oyunda bizim üçün müsbət məqamlar çox idi. Yeganə üzücü məqam qələbə qazana bilməməyimizdir. Tarixdə ancaq nəticə qalır. Amma bütün göstəricilərdə rəqibdən üstün idik. Bütün bunları nəzərə alsaq, heç-heçə bizim üçün uğursuz nəticədir.


Mənbə: Azerisport.az


Digər xəbərlər

Xəbər xətti