Vəkil Adəm Məmmədov “Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynovla görüşüb. Sportarena.az xəbər verir ki, bu haqda “Report”a vəkilin özü məlumat verib.
Vəkil bildirib ki, C.Hüseynov ona heç kimin cinayətkar deməsini doğru hesab etmir: "Cavid Hüseynov bəzi insanların mətbuatda onu "qatil" adlandırmasından narazıdır. Hüquqi dövlətdə yaşayırıq və bu səbəbdən də məhkəmənin qərarı olmadan ona heç kimin cinayətkar deməsini doğru hesab etmir. Cavid Hüseynov özünü tam günahsız hesab edir. Mən də bunu dəfələrlə demişəm. Həm ifadələrdən, həm də toplanmış materiallardan görünür ki, o, günahsızdır. Çox təəssüflər olsun ki, cəmiyyətimiz hələ hüquq düşüncəsinə malik deyil. Bəzi insanlar çalışır ki, qərəzli şəkildə cəmiyyətimizə nəsə çatdırsın. Tam əminliklə deyirəm ki, Cavid Hüseynov günahsızdır".