"Qəbələ"nin yarımmüdafiəçisi Aleksey Qay Ukrayna mətbuatına müsahibə verib. Sportarena.az həmin müsahibəni təqdim edir:
- Siz də Azərbaycana gedərkən bu ölkənin futboluna uyğunlaşmaqla bağlı problem olacağını düşünürdünüz?
- Mən də Ukraynanı tərk etmək istəmirdim. Amma onu da bilirdim ki, burada qalmaq çox çətin olacaq. Öz aramızda belə qərara gəldik ki, Azərbaycana yollanmaq yeni nələrisə görmək baxımından əla imkandır. Ümumiyyətlə, mən əminəm ki, ailən yanında olandan sonra hər şey yaxşı olacaq.
- Ən çox nəyə alışmaq çətin oldu?
- Ümumiyyətlə heç bir problemlə üzləşmədim. Düzdür, mentalitet bir qədər başqadır. Yollarda bir qədər çətindir. Bakıda gəzməyi öyrənəndən sonra sənin üçün heç bir yerdə qorxulu olmayacaq.
- Ciddi deyirsiniz?
- İnsanlar ümumiyyətlə qaydaları bilmirlər. Həddən artıq diqqətli olmağın lazım gəlir.
- Qəzaya düşməmisiniz?
- Hələ ki, hər şey normaldır.
- "Qəbələ" Avropa Liqasının qrup mərhələsinə qədər çətin bir yol keçdi. Hansı mərhələdə ağlınıza artıq yolun sonuna gəldiyinizə dair fikirlər gəlməyə başladı?
- Bütün oyunlarımız çətin keçdi. Ona görə də hər bir oyunda elə bir qorxu var idi, maksimum güc sərf etməyə çalışırdıq. Amma qrup mərhələsinə vəsiqə qazanmağımızdan çox razıyam.
- İndiki "Qəbələ" vaxtilə Avroliqada çıxış etmiş "Çernomorets"dən nədə güclü və ya zəifdir?
- "Çernomorets" futbolçuların daha uzun müddət bir yerdə oynaması baxımından güclü idi. Amma "Qəbələ"də yeni futbolçular çoxdur. Bir-birimizi tədricən başa düşürük. Bu proses başa çatanda daha güclü olacağıq.
- "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin bildirmişdi ki, Azərbaycanda onu ən çox azarkeşlərin stadiona az gəlməsi məyus etmişdi. Bəs sizi nə məyus edir?
- Onunla tamamilə razıyam. Bəzən elə oyunlar olur ki, stadion tamamilə boş qalır. Amma tez-tez dolu stadionda da oynayırıq. Mənə elə gəlir ki, biz azarkeşləri öz oyunumuzla stadiona cəlb etməliyik. Həm də Azərbaycanda futbol yenicə inkişaf edir. Hamı bu mərhələni keçir.
- Komandanızın üzvü Cavid Hüseynovun jurnalistin öldürülməsi ilə əlaqədar həbs olunması uzun müddətdir gündəmi zəbt edib. Bu, komandanızdakı atmosferə nə dərəcədə təsir göstərdi?
- Mən bunu şərh etmək və ya nəyəsə qiymət vermək istəmirəm. Çünki bu faciəvi hadisədə yaxşı heç nə yoxdur. Qoy bu hadisəyə müvafiq orqanlar öz qiymətlərini versinlər.
- "Panatinaikos"la oyunda Dodo qol vurandan sonra bütün futbolçular Qriqorçukun yanına qaçıb, sevincini onunla bölüşürdü. Baş məşqçiniz necə qısa müddət ərzində futbolçularla belə dil tapa bilib?
- Əvvəlcə futbolçuların çoxuna bir qədər asan deyildi. Onlar hər şeyi dərhal qəbul edə bilmirdilər. Amma indi nəticə göz qabağındadır. Artıq heç kim düzgün strategiya seçildiyinə şübhə etmir. İndi komanda öz baş məşqçisi üçün oynayır.