Cümə günü Azərbaycanın U-21 yığması “Avro-2017"nın seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxdı. Yaşar Vahabzadənin komandası doğma meydanda Avstriya millisi ilə qarşılaşırdı. Yığmamız bundan öncə Farer adalarına səfərdə minimal hesabla qalib gəldiyi halda, avstriyalılar qrupda ilk matçlarına çıxırdılar.
Azərbaycan futbolunun acı reallığı 4 sentyabr tarixində “Dalğa Arena"da idi. Təsəvvür edin, ölkənin gələcəyi, əsas yığmanın potensial üzvləri Avropa çempionatının seçmə oyununa çıxır, amma tribunalar boşdur. Təbii ki, burda yalnış stadion seçimi edən AFFA-nın da günahı az deyildi. Oyunu şəhərdən xeyli kənarda yerləşən stadiona təyin edəndə azarkeş də gəlməyəcəkdi. Onsuz da nəticələrimiz bərbaddı və azarkeşlər futbolumuzdan küskün düşüb. Olan-qalanını da
federasiya bu cür yalnış seçimlərlə arenalardan uzaqlaşdırır. Nəticədə adı AÇ-nın seçmə mərhələsi olan oyun daha çox yoxlama matçına bənzəyirdi. Əslində, azarkeşlər haqlı olaraq Elxan Məmmədovun yığmasını boykot eləyib. Bir anlıq yadımıza 2000-2001-ci illəri salaq. O vaxt U-21 Sumqaytda oynayanda tribunalar ağzına qədər dolu olurdu. Onda nəticə də var idi. Əsgər Abdullayev tamamilə azərbaycnlılardan təşkil olunmuş, günə 25-30 dollar “sutoçnı" alan futbolçularla 8 xal toplamışdı. İndi heyətə baxanda adam utanır: Şahruddin Maqomedəliyev, Taşkın İlter, Bilal Sezər, Kərim Benke. Kimdi onlar? Niyə öz ölkələrində futbolçu sayılmayanlar gəlib bizim yığmamızda forma geyinməlidir. Əgər 0:2 uduzurqsa, elə özümüzünkülər oynasın da. Legioneri o halda gətirirlər ki, birincisi yerli futbolçulardan iki baş üstü olur, ikincisi də gəlib həmin ölkənin futboluna kömək etməyi bacarır. Necə ki, futzalda, voleybolda bu üsul nəticə verirdi. Yəni, milli komandalar başdan-ayağa legionerlərdən təşkil olunsalar da, nəticə var. Futbolda isə nə oyun var, nə də nəticə. Amma yenə də bütün yaş qruplarında legionerlər at oynayır. Cari mövsümün tapıntısı olmağa namizəd olan Nicat Muxtarov harada idi, niyə millidə onun adı yoxdur? Axı, onun son oyununa Yaşar Vahabzadə özü də baxmışdı. Özü də öz gözü ilə görmüşdü ki, Nicat “Qarabağ"ın müdafiə xəttinə başağrısı olmuşdu. Özümüzdə bu cür futbolçu ola-ola legioneri niyə çağırmalıyıq? Fəhmin Muradbəyli “Sumqayıt"la oyunda elə bir reyd elədi ki, o cür reydləri ancaq Avropada görürük. Tək o reyd həmin futbolçunun potensialı haqda yüksək fikirdə olmağa əsas verir. Niyə onu ehtiyatda saxlayıb hansısa Sezəri, Benkeni oynatmalıyıq? Vahabzadə Beknein ya Sezərin Fəhmindən, Nicatdan üstün olduğunu nə ilə sübut edə bilər? “Xəzər Lənkəran"da forma geyinən Tərlan Qasımzadənin potensialı Şahruddindən də çoxdur. Üstəlik, öz azərbaycanlımızdı. Niyə onu yığmaya çağırmırlar? Azərbaycanda U-21-də duracaq səviyyədə yeri qapıçı yoxdur ki, Yaşar Vahabzadə dağıstanlıya üstünlük verir? Bir sözlə, Avstriya ilə oyun sübut etdi ki, U-21-dən bu seçmə mərhələdə ciddi heç nə gözləmək olmaz. Çünki əsas yığmanın yolu ilə gedir. Deməli, iş bünövrədən düzgün qurulmayıb. İstər sistem, istərsə də heyət baxımından.
Anar XANLAROV, "Het-trik news" qəzeti