Yeni mövsümdə 3 tur artıq geridə qaldı. Oyunların sayının az olmasına baxmayaraq, hakimliklə bağlı problemlərin olduğu üzə çıxdı. Həmişə olduğu kimi bu mövsüm də kobud hakim səhvləri ilə start götürdü. Hakimlərimiz ildə 2 dəfə xarici Türkiyə və Polşada təlim-məşq toplanışları keçirlər də, yenə də səhvlərdən xali deyillər.
Səhvlər çoxdur
Təbii ki, insan faktoru olan yerdə səhv qaçılmazdı. Bu mənada hakim səhvlərindən də qaçmaq mümkün deyil. Lakin baxır səhvin sayına və dərəcəsinə. Cari mövsümün ilk 3 turunun bu mənada yaddaqalan olduğunu təəssüflə qeyd etməliyik. Qalmaqal üçün ilk tur kifayət etdi. Qəbələdə oynanılan “Qəbələ" - “Qarabağ" matçını idarə edən Əliyar Ağayev kobud səhvlə yadda qaldı. O, matçın 73-cü dəqiqəsində Rəşad Sadiqovla Qara Qarayevin ikili mübarizəsindən sonra Rəşadın kobud oynadığını düşünərək, onu birbaşa qırmızı vərəqə ilə meydandan qovdu. Halbuki epizodun təkrarından aşkar şəkildə görünürdü ki, həmin epizodda sarı vərəqəsiz də keçinmək mümkün idi. Görünür, həmin səhvin cəzasını Əliyar hələ də çəkməkdədir. Hər halda sonrakı iki turda onun baş hakim kimi təyinat almaması, yalnız 3-cü turun “Neftçi" - “Sumqayıt" matçında qapı arxası hakim olması heç də səbəbsiz deyil.
2-ci turda səhvlər bir qədər də artdı. Xüsusilə “Sumqayıt" - “Xəzər Lənkəran" matçında Elvin Əsgərovun idarəçiliyi bərbad idi. Söhbət referinin hansısa komandaya qarşı qərəzindən getmir. Problem ondadır ki, Elvin bu gün hakimlik etməyə hazır olmaya-olmaya oyunlara təyinat alır. Onun artıq çəkidən əziyyət çəkdiyini görmək üçün mütəxəssis olmağa ehtiyac yoxdur. Adi azarkeş də bunu aşkar şəkildə görə bilir. Epizodları izləməyə gecikən, buna görə də yalnış qərarlar verən Əsgərovun ən böyük problemlərindən biri də fiziki hazırlığının aşağı olmasıdır.
Məsələn, Sumqayıtdakı oyunda sürətli oyun tempinə ayaqlaşa bilməyən Elvin çarəni tez-tez fit çalaraq oyunu saxlamaqda görürdü. Halbuki, qayda pozulsa da, top qayda pozuntusuna məruz qalan futbolçunun komandasında qaldığından oyunu davam etdirmək lazım idi. Lakin “çatdırmayan” Əsgərov oyunu saxlamaqla həm sürətli futbolun qarşısını alırdı, həm də özünün dincəlməsinə şərait yaradırdı. Qapıçının dəf etdiyi zərbədən sonra künc zərbəsi əvəzinə qapıdan zərbə verməsi isə əsl biabırçılıq idi. Bu cür idarəçiliyin nəticəsi idi ki, “Xəzər Lənkəran" matçdan sonra hakimliklə bağlı etiraz etdi.
Həmin turun “Rəvan" - “Qarabağ" matçı da hakim səhvləri ilə yadda qaldı. Çox maraqlıdır ki, hər iki səhv “Qarabağ"ın lehinə oldu. Bir epizodda top “Qarabağ"ın müdafiəçisinin əlinə dəyib “Rəvan"ın futbolçusunun önünə düşdü. O isə hesabı açdı. Baş hakim Ramil Diniyev “davam" işarəsi verməklə qolu qeydə almalı idi. Lakin o, zərbənin qol olduğunu görən kimi cərimə zərbəsi təyin etdi və qolu hesaba almadı. Bir epizodda isə yan xətt hakimi Elman Musayev Bədavi Hüseynovun rəqib futbolçunun köynəyindən çəib yıxaraq təhlükəli hücumun qarşısını almasını görmədi.
3-cü turun “Xəzər Lənkəran" - “Rəvan" matçının 34-cü dəqiqəsində “Rəvan"ın futbolçusu Yamin Ağakərimzadə iki ayaqla açıq şəkildə “Xəzər Lənkəran"ın futbolçusu Orxan Əliyevə qarşı kobud oynadı. Bu epizodda Orxanın ayağı hətta qırıla da bilərdi. Lakin FİFA referisi Rəhim Həsənov statusuna yaraşmayan səhvə yol verərək sadəcə, sarı vərəqə ilə kifayətləndi.
AZAL - “Qarabağ" matçında AZAL-ın qeydə alınmayan qolunda da hakim səhvi var idi. Elvin Əsgərov “Qarabağ"ın qapısına cərimə zərbəsi təyin edir. Bu zaman başı ağdamlı futbolçularla danışığa qarışır və AZAL dərhal oyuna başlayaraq qol vurur. Qaydalara görə hakim “fitdən sonra vurma" işarəsini verməyibsə, AZAL-ın futbolçuları da düzgün olanı ediblər və təmiz qol vurublar. Ancaq Əsgərov həmin qolu saymır və Emin Cəfərquliyevə sarı vərəqə göstərir.
Problem nədir?
Yuxarıda ilk 3 turdakı hakim səhvlərindən söz açdıq. İndi isə bu səhvləri doğuran səbəbləri araşdırmağa çalışaq. Çünki problem varsa deməli, onun yaranma səbəbi də var. Birmənalı şəkildə demək olar ki, ən böyük problem hakim çatışmazlığıdır. Hakimlərimizin “qayda"da olması üçün xeyli pul xərclənməsinə, bu qədər təlim-məşq toplanışları təşkil olunmasına baxmayaraq, yetəri sayda səviyyəli futbol hakiminin yoxluğunu açıq şəkildə etiraf etmək lazımdır. Görünən budur ki, Premyer Liqa 6-7 hakimin ümidinə qalıb. Məsələn, ilk 3 turda baş tutan 15 oyuna cəmi 7 hakim baş hakim kimi təyinat alıb. Bunlar Rəhim Həsənov, Orxan Məmmədov, Əliyar Ağayev, İnqilab Məmmədov, Fariz Yusifov, Ramil Diniyev və Elvin Əsgərovdu. Elvinin artıq çəkisinin olduğunu bir qədər əvvəl qeyd etdik. İnqilab Məmmədov hələ tam “bişməyib". Amma AFFA Hakimlər Komitəsi məcbur qalıb onlara təyinat verir. Avropanın bir sıra aparıcı futbol ölkələrində nadir hallarda bir hakim iki tur ard-arda təyinat alır. Amma bizdə vəziyyət o həddə çatıb ki, Rəhim Həsənov 3 tura 4 təyinat alıb(?!) 3 oyunda baş hakim olan Həsənov bir oyunda da qapı arxası hakim funksiyasını yerinə yetirib. Bunun hakim çatışmazlığı ilə bağlı olduğunu isbatlamaq üçün bir fakt da ortaya qoyaq. Həsənov III turun “Xəzər Lənkəran" - “Rəvan" matçını idarə edib. Oyunun çox ağır və eyni zamanda yüksək templi olması, uzaq yol, yorğunluq və digər amillərə baxmayaraq, Hakimlər Komitəsi Rəhimi bir gün tamam olmamış “Neftçi" - “Sumqayıt" matçına köməkçi hakim təyin edir. Yəni qapı arxasında dayanacaq başqa hakim yox idi ki, Rəhimə bu “əzab"ı verirdilər?
Elə Əliyar Ağayevin ilk turda Qəbələdəki kobud səhvinin də bir ucu hakim qıtlığına gedib çıxmırmı? Ağayev avqustun 6-da Avropa Liqasının “Vorskla" - “Jilina" matçını idarə edir. Uzaq yoldan gəlir, istirahət etmədən 3 gün sonra Qəbələyə gedib “Qəbələ" - “Qarabağ" matçına çıxır. Təbii ki, yorğunluq özünü göstərir və səhviz keçinmək olmur. Halbuki Hakimlər Komitəsi Əliyara 1-ci turda istirahət verib onun 2-ci tura daha yaxşı hazırlaşmasını təmin etməliydi. Lakin Əliyarı əvəzləyəcək layiqli hakim olmadığı üçün onu yorğun-yorğun bu cür oyuna göndərirlər.
Hakim çatışmazlığını göstərən daha bir fakt. Yaşar Abbasovu hamımız yan xətt hakimi kimi tanıyırıq. Pis hakim də deyil. Amma ilk 3 turdakı təyinatlara nəzər salanda, onun 2 dəfə oyunlara dördüncü hakim kimi getdiyinin şahidi oluruq (I tur “Qəbələ" - “Qarabağ", III tur “Neftçi" -
“Sumqayıt"). Təsəvvür edin, yan xətt hakimi oyunlara dördüncü hakim kimi gedir. Bu, yol verilməzdi. Deyək ki, “Neftçi" - “Sumqayıt" görüşündə 6 hakim var idi. Bu mənada Hakimlər Komitəsi düşünə bilərdi ki, mərkəz hakimi Ramil Diniyev zədələnsə, onu qapı arxasındakı Rəhim Həsənovla Əliyar Ağayevdən biri əvəzləyə bilər və Yaşar Abbasov da yan xətt hakimlərinin üzləşə biləcəyi hansısa xoşagəlməz olay zamanı onları əvəzləmək üçün dördüncü hakim təyin olunacaq. Bəs “Qəbələ" - “Qarabağ" oyunu? Axı, həmin oyuna AFFA 4 hakim göndərmişdi. Əgər baş hakim Əliyar Ağayev zədələnib oyunu idarə edə bilməsəydi, belə çıxır ki, dördüncü hakim funksiyasını yerinə yetirən Yaşar Abbasov meydançaya çıxıb mərkəzi oyunu idarə etməli idi? Sizcə, Abbasov bu cür oyunu idarə etməyə hazırdı? Axı o, ümumiyyətlə, heç vaxt baş hakim kimi Premyer Liqa matçına çıxmayıb. Belə çıxır ki, Hakimlər Komitəsi Qəbələyə dördüncü hakim təyin etməyə normal mərkəz hakimi tapmadığından oraya laysmanı göndərib. Orxan Məmmədovla Fariz Yusifovun hər 3 turda baş hakim kimi təyinat alması da hakim qıtlığının göstəricisi sayıla bilər. Ramil Diniyev də biri dördüncü hakim olmaqla hər 3 tura təyinat alıb.
Diqqət çəkən daha bir məqam Xəlil Xəlilovun hər 3 turda dördüncü hakim kimi iş başında olmasıdı. Əgər bu hakimi Premyer Liqaya hazır bilib təyinat verirlərsə, olmazdı ki, heç olmasa bir oyunda mərkəzi hakim kimi təyin edərdilər. Ən azından 2-ci turda turda Xəlili baş, Elvin Əsgərovu isə dördüncü hakim kimi istifadə etmək daha məntiqli olardı.
Son zamanlara kimi böyük ümidlər bəslənilən Ömər Paşayevin də yavaş-yavaş siyahıdan silinməsi göz önündədir. Təsadüfi deyil ki, Hakimlər Komitəsi Paşayevə 3 turda cəmi bir oyunda təyinat verib ki, o da 2-ci turun “İnter" - “Neftçi" matçında dördüncü hakim kimi.
Çıxış yolu
Problemi açıqladıq. İndi də çıxış yolunu axtarmaq lazımdır. Açığı, bütün günahı AFFA Hakimlər Komitəsinin və onun sədri Xaqani Məmmədovun üzərinə yıxmaq da doğru olmazdı. Çünki hakimin özündən də çox şey aslıdır. Məsələn, bu gün Ömər Paşayev, Elvin Əsgərov kimi hakimlər irəli gedə bilmirlərsə, ilk növbədə özlərini günahlandırmalıdılar. Çünki onlara yetərincə şans verilib. Vüsal Əliyev hakimlikdən getdi. Bu gun sabah Fariz Yusifov da fit çalmayacaq. Eləcə də bir sıra təcrübəli yan xətt hakimləri də yaxın illərdə hakimliklə vidalaşacaqlar. Bu gün oturub düşünmək lazımdır ki, onların yerini necə dolduracağıq. Odur ki, əvəzedicilərin çempionatında, I Divizionda özlərini yaxşı tərəfdən göstərən gənc hakimləri tədricən üzə çıxarmaq, onlara da təyinatlar vermək lazımdır. Bildiyimiz qədər hazırda gənc hakimlər hazırlanır və Ceyhun Haşımov onlara dərs keçir. Həmin hakimlər aşağı yaş qruplarından ibarət çempionatlarda hakimlik edirlər. Düşünürük ki, onları da tədricən “yuxarı"lara cəlb etmək lazımdır. Əgər hakimliyin inkişafını və Azərbaycan hakiminin daha mötəbər oyunlara təyinat almasını istəyiriksə, daxildə güclü rəqabət yaratmalıyıq. 6-7 hakimlə inkişafa nail ola bilməyəcəyik. Çalışmaq lazımdır ki, qısa müddətdə çempionatda ən azı 14-15 səviyyəli baş hakim olsun ki, onlar arasında da gedən rəqabət hakimliyimizi inkişafa aparsın.
"Het-trik news" qəzeti