"Nə olsun atam almandı, əlbəttə, azərbaycanlıyam" - Özü doğma,adı yad olan futbolçu ilə müsahibə

17:37 8 Sentyabr 2015

“Sabahın ulduzlarını bu gün tanıyaq" rubrikasının bu dəfəki qonağı xeyli maraqlı uşaqdı - Maksimilian Şilder. Ad və soyadından dərhal əcnəbi olduğu görünür. Amma Maksi özünü alman saymır. Atası alman, anası isə azərbaycanlıdır. 2003-cü il iyulun 15-də Bakıda anadan olub. 2012-ci ildən isə futbolla məşğul olmağa başlayıb. Əvvəlcə “Vətən" RİOEUG-da qapıçılıq məşqlərinə gedib. Az sonra isə “İnter" PİK-ə keçib. 2014-cü ilin payızında ailəsi ilə birlikdə Almaniyaya köçüb. Hazırda Münhenin “Wertachtal" futbol klubunun üzvüdür. JFG “Wertachtal" Almaniyada saysız-hesabsız uşaq futbol məktəblərindən biridir. Özəlliyi isə ondan ibarətdir ki, burada istedadı ilə seçilən uşaqlar daha sonra “Bavariya"nın futbol akademiyasına götürülürlər. Yəni, işlər yaxşı getsə, Maksi gələcəkdə Noyeri əvəz edə bilər. Əlbəttə, bu, arzudur. Maksinin ən böyük arzusu. Həyatda hər şey mümkündür. Maksi, Bakıya ötən ay qayıdıb. Burada yay tətilini keçirməklə yanaşı köhnə komandasında məşq etməyə də imkan tapıb. Onunla elə “İnter"in U-13 komandasının məşqlərindən birindən sonra görüşdüm.

 

- Maksi, Bakı, “İnter" çox dəyişib?

- Bakı gözəlləşib. “İnter"dəki uşaqlar isə böyüyüblər. Onlardan ötəri çox darıxmışdım.

 

- Nəyə görə Almaniyaya köçdünüz?

- Atam belə istədi. Deyir ki, orada mənim üçün daha rahat olacaq. Həm də futbolçu olmaq üçün daha yaxşı imkan qazanacam. Amma mən Almaniyaya köçmək istəmirdim. 12 yaşına kimi Bakıda yaşamışıq. Burada çoxlu dostlarım var. Onlardan, “İnter"dən ayrılmaq çətin idi.

 

- Münhendə darıxmırsan?

- Təzə gedəndə çox darıxırdım. Alman uşaqlar məni gəlmə hesab edib özlərinə yaxın buraxmırdılar. Atamın alman olduğunu biləndən sonra dostluq etməyə başladılar. Almaniyada başqa millətlərdən olanlar çoxdur. Onların hamısı ilə dostluq etməyə çalışıram. Amma almanlar mənim kimi deyil. Ancaq özlərini sevirlər, eqoistdirlər.

 

- Məgər sən də alman deyilsən?

- Yox, mən azərbaycanlıyam. Özümü azərbaycanlı hesab edirəm. Çünki Azərbaycanda doğulmuşam, böyümüşəm. Anam azərbaycanlıdı.

 

- “İnter"də öz yaşıdların arasında əsas qapıçı idin. “Wertachtal"da necə?

- Orada 15 yaşa kimi uşaqlar “D" qrupunda oynayırlar. “Wertachtal"da D-1, D-2, D-3 və D-4 komandaları var. Yeni qəbul olunmuş uşaqlar D-4-də oynayırlar. Yaxşı oynasalar, D-1-ə kimi gedə bilərlər. Mən də əvvəlcə həmin komandada oynadım. Az sonra D-3-ə keçdim və əsas qapıçı oldum. Bu ildən D-1-də oynayacam.

 

- Bəs, sonra? “C", “B" komandalarına keçə biləcəksən?

- Mən də elə onu istəyirəm. 15 yaşdan sonra uşaqlar C1, C2, C3 komandalarında oynayırlar. Lap yaxşı oynayanlar “Bavariya"nın futbol akademiyasına qəbul edilirlər.

 

- Burada çempionat maraqlı idi ya Almaniyada?

- Almaniyada. Komandaların sayı çoxdu. Bizim oynadığımız birincilikdə 18 komanda var. Keçən il “Bayer" və “Borussiya" dan (Dortmund) sonra 3-cü yeri tutduq. Demək olar ki, bütün oyunlarda qapıda dayandım. Məncə, məşqçilərin xoşuna gəlmişəm. Yoxsa, məni başqası ilə əvəzləyərdilər. Həm də ildə bir neçə dəfə turnirlərdə iştirak edirik. Bu il Berlində keçirilən turnirdə 3-cü yeri tutduq. Orada PSJ, “Mançester Siti"nin komandaları da var idi.
Haşiyə: Almaniyada 13 yaşa kimi uşaqların çempionatlarında oyun vaxtı meydanda hər komandadan 7 futbolçu olur. Müxtəlif turnirlərdə isə 11 nəfərlə oynamaq imkanı qazanırlar. Bizim aşağı yaşlı futbolçuların oynadıqları U-11, U-12, U-13 liqalarında meydanda hər komandadan 9 futbolçu olur. Bu haqda daha əvvəl dəfələrlə yazmışıq. Ki, Avropanın aparıcı futbol ölkələrinin heç birində 9 futbolçu ilə oyuna çıxmırlar.

 

- Almaniyada da valideynlər məşqçilərə “görüm-baxım" edirlər?

- Olur (gülür). Əgər kiminsə imkanı varsa, məşqçilərə “hörmət" edir. Amma bu, nadir hallarda baş verir. Bizdə nizam-intizam çox güclüdür. Onu pozan futbolçu dərhal aşağı komandalara göndərilir. Almanlar intizamlıdılar. Əsasən gəlmələr qaydaları pozurlar.

 

- Məsələn kimlər?

- Ən çox türklər. Məşqdə türk dilində danışırlar. Bu da qayda pozuntusudu. Ya da öz dillərində söyüş söyürlər.

 

- İmkan dedin, Almaniyada dolanışıq asandı, ya çətin? “İnter"dəki kimi orada da futbolçulara 2-3 ildən bir forma verirlər?

- Qiymətlər çox bahadı. Almaniyaya qayıdanda məktəb ləvazimatlarının çoxunu buradan alıb aparacam. Yaxşı ki, formaları klub özü verir. Yox, 2-3 ildən bir olmur. İldə bir dəfə. Uşaqları hər bir şeylə təmin edirlər. Hətta buts, əlcək də alıb verirlər. Amma o qədər də keyfiyyətli olmur. Əlcək əlimə rahat oturmadı deyə, atam keyfiyyətlisini aldı. Bir də ki, turnirlərə gedəndə yeni komplekt forma verirlər. Sonra uşaqların əllərindən almırlar, bizdə qalır.

 

- Hazırda oynadığın komanda ilə “İnter"dəki keçmiş komandan qarşılaşsa, hansı qalib gələr?

- Heç-heçə olar (gülür). Təkcə “İnter"də yox, o biri komandalarımızda da güclü uşaqlar var. Almaniyada da həmçinin. Düzünə qalsa, məncə “Wertachtal" qalib gələr. Çünki uşaqlar fiziki cəhətdən daha güclüdülər. Burada hamıdan hündürəm, orada isə elə uşaqlar var ki...

 

- Hansı futbolçunun fanatısan?

- Manuel Noyerin. Böyüyəndə onun kimi qapıçı olmaq istəyirəm. “Bavariya"nın yoxlama oyunlarında hərdən meydanın kənarında dayanıb top daşıyırıq. Bir dəfə Noyerlə görüşmüşəm. Çox hürdürdü (gülür). Avtoqraf aldım, heyf ki, şəkil çəkdirə bilmədim.

 

- Böyüyəndə “Bavariya"da oynamaq istəyirsən?

- Yox, “İnter"də.

Maksinin bu cavabı söhbəti kənardan dinləyən “İnter"li uşaqların maraqlı reaksiyasına səbəb oldu. Onlardan birinin “Maksi, ağlın yoxdu, adam da “Bavariya"nı qoyub “İnter"i seçər", deməsi uşaqların gülüşünə səbəb oldu. Düz sözə nə deyəsən? Görünür, bu sözlər Maksini ayıltdı. “Gələcəkdə seçim imkanın olsa, hansı yığmanı seçərsən - Azərbaycan ya Almaniyanı" sualına düşünmədən “Almaniya vətəndaşı olduğum üçün Almaniyanı. Azərbaycan yığmasında oynamaq daha asandı" deyə, cavablandırdı.

 

- Deyirlər, Münhen gözəl şəhərdi.

- Bakı Münhendən də gözəldi. Parisə “işıqlı şəhər" deyilər. Bunu deyənlər Bakıya gəlsələr, ağıllarını itirərlər. Amma bir şey pisdir ki, Bakıda ağac azdı. Münhendə isə hər yer yaşıllıqdı. Hətta şəhərdə müxtəlif vəhşi heyvanlara rast gəlmək mümkündü. Bir dəfə bizi məktəbdən muzeyə aparanda ceyran görmüşəm. Bakıda isə it və pişikdən başqa hansısa vəhşi heyvanla rastlaşmamışam.

 

- Maksi, bayaq dedin ki, azərbaycanlısan. Böyüyəndə necə, azərbaycanlı olmaq istərdin ya alman?

- Nə olsun ki, atam almandı, əlbəttə, azərbaycanlıyam. Vətənimi çox sevirəm. Özü də böyüyəndə namaz qılacam. Hələ yaşım çatmır. Burada Azərbaycan dilində oxuyurdum. Orada isə alman dilində təhsil alıram. Evdə anam mənimlə öz dilimizdə danışır ki, yadımdan çıxmasın. Çox vaxt bizim yeməkləri bişirir - dolma, aş... Hər şey bir yana, həyatda ən çox sevdiyim insan - qardaşım Vüsalın qəbri Azərbaycandadı (Maksi 2013-cü il mayın 2-də Bakının Nərimanov rayonunda qətlə yetirilən alman vətəndaşı Vüsal Şilderin kiçik qardaşıdır - A.T.). Qardaşım azərbaycanlı idi, mən də azərbaycanlıyam.

 

Nə deyirik Maksi, bizim elə vətəndaşlarımız var ki, ad və soyadları özümüzündü, amma məsləkləri, düşüncələri yaddı. Onlardansa sənin kimi azərbaycanlılar yaxşıdır. Adın da, soyadın da özgə olsa belə.

 

"Het-trik news" qəzeti


Digər xəbərlər

Xəbər xətti