"Avro-2016"nın seçmə mərhələsinin son iki turunda uğursuz nəticələrlə yadda qalan Xorvatiya yığmasında baş məşqçi dəyişikliyi gözlənilir. Sportarena.az xəbər verir ki, hazırkı çalışdırıcı Niko Kovaçın yerinə mütəxəssis axtaran federasiyanın siyahısında millimizin sükanı arxasında olan Robert Prosineçkinin də adı var.
Bununıa bağlı ölkəsinin mətbuatına danışan xorvatiyalı mütəxəssis Azərbaycan millisindəki vəzifəsindən ayrılmağı düşünmədiyini bildirib.
- Görürəm, indi hər kəs Niko Kovaçın Xorvatiya yığmasından gedəcəyi haqda danışır. Ancaq bir neçə gün əvvəl hər şey qaydasında idi və komandanın böyük potensialının olduğu deyilirdi. Məgər indi elə deyil? Təəssüflər olsun ki, bu problem təkcə Xorvatiyada deyil, bütün dünyada belədir. Komanda qələbə qazana bilməyən kimi, tənqidlər başlayır.
- Xorvatiya millisinin baş məşqçisi vəzifəsinə namizədlər sırasında daha çox sizin adınız hallanır. Əksəriyyət yığmada sizi görmək istəyir...
- Hər kəsə təşəkkür edirəm. Lakin Azərbaycan millisindən ayrılmağı düşünmürəm. Cəmi 8 aydır ki, burada çalışıram. Azərbaycan yığması ilə iki illik müqaviləm var. Burada olan şəraitdən razıyam. Düşünürəm ki, onlar da gördüyüm işlərdən və son nəticələrdən narazı deyillər. Seçmə mərhələnin son 4 oyununda uduzmamışıq. Komanda inkişaf edir və biz daha yaxşı oynayırıq. Düzdür, ən yaxşı formadan uzaqdırlar, ancaq mən onlardan razıyam.
- Şübhə yoxdur ki, bir xorvatiyalı kimi sizin üçün komandanı Avropa çempionatının final mərhələsinə daşımaq əla olardı.
- Xorvatiya yığmasını çalışdırmağı kim istəməz? Amma yenə təkrar edirəm, mən Azərbaycan yığmasında çalışıram və oradan getməyi düşünmürəm. Bundan əlavə, Niko Kovaç hələ də işinin başındadı. Əgər siz dəyişikliyin qaçılmaz olduğunu düşünürsüzsə, fikrimcə, federasiya rəhbərliyi ən doğru qərarı qəbul edəcək. Mən isə öz işimə baxıram.
- O zaman yəqin ki, Azərbaycan millisinin baş məşqçisi kimi gələn ay İtaliya ilə Bakıda keçiriləcək matçda yaxşı nəticə qazanmaqla, Kovaça və ya onun əvəzinə gələcək məşqçiyə kömək etmək istərsiniz...
- Əlbəttə, İtaliya ilə görüşdə komandam bütün gücünü ortaya qoyacaq. Düzdür, onlar elə də baxımlı oyun sərgiləmirlər, ancaq lazımi qolları vurmaqla hazırda qrupda liderdirlər. Bu görüşdən sonra Bolqarıstana səfər edəcəyik. Mənim üçün əsas prioritet dünya çempionatının seçmə mərhələsi olacaq. Xorvatiya millisinə də uğurlar arzulayıram.