Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda iştirak edən Azərbaycan şahmatçılarından biri - Şəhriyar Məmmədyarov turnirin mətbuat xidmətinə açıqlama verib. Sportarena.az xəbər verir ki, Məmmədyarov hazırlığı barədə bunları deyib:
"Bildiyiniz kimi, son günlər azərbaycanlı şahmatçılar Qəbələdə hazırlıq keçdi. Düşünürəm ki, hər şey normal oldu. Əsasən ilk mərhələdəki rəqiblərimizə hazırlaşırdıq. Bu dəfəki Dünya Kuboku heyət baxımından ən güclüdür. Ona görə əvvəlcə ilk rəqib haqda düşünmək vacibdir. Azərbaycan şahmatçıları məsuliyyəti başa düşür. Ona görə Dünya Kubokunda uğurlu çıxış etmək üçün əlimizdən gələni edəcəyik".
Şəhriyar Məmmədyarov Dünya Kubokunda aşkar favoritin olmadığını deməklə əsas məqsədin finala çıxmaq olduğunu söylədi: "Dünya Kubokunda əsas finalçı olmalısan. Yalnız finalçılar iddiaçılar turnirinə vəsiqə qazanacaq. Bu şahmatçılar üçün son şansdır. Son üç mövsümdə Azərbaycan dünya çempionluğuna iddiaçıların turnirində təmsil olunub. Çox istərdik ki, yeni mövsümdə də belə olsun".
Təmsilçimizin indiyə qədər Dünya Kubokunda ən yaxşı nəticəsi 1/4 finala vəsiqə qazanmaq olub: "Dünya Kubokunda yekun nəticəni proqnoz vermək mümkün deyil. Hər bir şahmatçı iki dəfə üz-üzə gəlir. Düzgün taktika hətta güclü rəqibi belə məğlub etməyə kömək edir. Sözsüz bütün şahmatçılarımıza inanırıq. Daha çox mənimlə yanaşı Teymur Rəcəbovdan uğur gözlənilir. Çox istərdim Dünya Kubokunun finalında iki azərbaycanlı şahmatçı qarşılaşsın. Teymurla finalda mübarizə aparmaq ideal olardı. İndiki halda bizi çətin marafon gözləyir. Hər bir şahmatçımıza uğurlar arzulayıram".