31 İL ƏVVƏL “AVTOMOBİLÇİ” - “KƏPƏZ” OYUNUNDA NƏLƏR YAŞANMIŞDI?
Azərbaycanın ilk derbisi, əsl derbisi heç bilirsiniz hansı komandalar arasında keçirilmiş oyunlar olub? Bəlkə də inanmayacaqsınız, ötən əsrin 80-ci illərində SSRİ birinciliyinin 9-cu zonasında çıxış edən Gəncənin “Kəpəz" və Mingəçevirin “Avtomobilçi" komandalarının qarşılaşmaları futbolumuzun ilk derbisidir. Ola bilər ki, o vaxta qədər hansısa Bakı təmsilçiləri hansısa birinciliyində üz-üzə gəliblər. Amma heç bir halda eyni şəhərin, eyni bölgənin komandaları arasında keçirilən oyunlar “Avtomobilçi" - “Kəpəz" qarşılaşmaları qədər maraq doğurmayıb. Hətta bu derbi 1968/69-cu illər mövsümündə yüksək dəstədə çıxış edən “Neftyanik" - “Dinamo" (3:1), “Dinamo" - “Neftyanik" (1:0) (Həmin vaxt “Neftçi" “Neftyanik", “Kəpəz" isə “Dinamo" adı altında çıxış edirdi - İ.T.) oyunları ilə müqayisə edilə bilər. “Qərb derbisi"ndə hər şey müşahidə etmək mümkün idi - maraq, mübarizə, ehtiras, qarşıdurma, dava-dalaş.. Bu yazıda həmin dövrdə hadisələrin canlı şahidi olmuş bir neçə nəfərlə söhbət zamanı onlardan eşitdiklərimi, internetdən əldə etdiklərimi bir araya toplamağa çalışmışam. Bu yazıda yalnız Nadir Qasımovun fikirlərinə yer ayırmışam. Çünki Nadir müəllim həm “Avtomobilçi"nin Bakıdan Mingəçevirə köçürülməsində iştirak edib, həm də o vaxt komandanın futbolçusu, daha sonra isə məşqçi olub.
Rastlaşdılar...
Hər şey 1980-ci ildən başlayıb. 1979/80-ci illər mövsümü başa çatandan sonra Bakının “Avtomobilçi" komandası Mingəçevirə köçürülüb. Bu ideyanın təşəbbüskarı İdman Komitəsinin sədri Gennadi Samedoviç Rzayev olub. O, Mingəçevirdən SSRİ Ali Sovetinə deputat seçildikdən sonra Mingəçevir İdman Komitəsinin sədri olan əməkdar məşqçi Baba Mustafayevlə məsləhətləşərək “Avtomobilçi"ni mingəçevirliləşdiriblər. Bu işdə komandanın kapitanı Nadir Qasımovun da əməyi az olmayıb. Nadir müəllim hələ 60-cı illərin sonlarında Mingəçevirdə futbol oynadığından tərəddüdsüz ideyanı dəstəkləyib. Çünki orada futbol üçün hər bir şərait var idi. “Avtomobilçi"nin baş məşqçisi mərhum Valentin Stepanoviç Xlıstov idi. Onun rəhbərliyi altında 1980-ci ildən etibarən “Avtomobilçi" Mingəçeviri təmsil etməyə başlayır. Özü də SSRİ çempionatının 9-cu zonasında. Maraqlıdır ki, bu zonada bir bölgəni təmsil edən və 1980-ci ilə kimi 2-ci dəstənin 4-cü zonasında yarışan Gəncənin “Tərəqqi" (1982-ci ildən “Kəpəz" adlandırılmağa başlayıb - İ.T.) komandası da var idi. Beləcə, Azərbaycanın ən məşhur derbisi “doğulur".
Bu yerdə “derbi" termininə aydınlıq gətirmək və bəzi tarixi məlumatları xatırlatmağı lazım bildim. Çünki, indi “derbi" dedikdə bəzi insanlar bir şəhərin komandaları arasındakı görüşü nəzərdə tuturlar. Hətta bizdə elə azarkeşlər də var ki, bir ölkənin 2 sanballı komandalarının oyununu da “derbi" adlandırırlar. Tamamilə yanlış yanaşmadır. “Derbi" termini ilk dəfə 1780-ci ildə atçılıq idman növündə işlədilib. Derbi adlı ingilis qrafı cıdır təşkil edib və yarışda ancaq bir şəhərin atları iştirak edib. Futbolda isə bu termin ilk dəfə İngiltərənin Derbi şəhərinin 2 müxtəlif hissəsinin komandaları arasında keçirilən oyun zamanı istifadə edilib. İlk vaxtlar bir şəhəri təmsil edən komandalar arasında keçirilən oyunlar derbi hesab edilirdisə, sonradan əyalət təmsilçilərinin qarşılaşmaları da bu cür adlandırıldı. Gəncə və Mingəçevir eyni əyalətin şəhəri olduğu üçün “Kəpəz"lə “Avtomobilçi"nin qarşılaşması derbi sayılmalıdır - “qərb derbisi".
Bu şəhərlərin komandaları arasında ilk oyun Mingəçevirdə keçirilib. “Tərəqqi" çempionatın açılış oyununda rəqibini 2:1 hesabı ilə məğlub edib. Bu, sözügedən 2 komandanın oyunlarının statistikasında göstərilib, amma, Nadir müəllim “Tərəqqi" ilə mövsümün açılış oyununun 1:1 hesabı ilə başa çatdığını söyləyir: “Həmin oyunda bizdən qolu mən vurmuşdum. Mövsümdə ilk qolumuz idi. Bu, nəyə görə yadımdadı? Oyundan sonra mənə oyuncaq hədiyyə vermişdilər - ayı balası. Qutunu açanda oyuncağın başı qırılıb düşdü (gülür). İlk tur olduğuna görə oyuna maraq böyük idi. Tribunalarda boş yer tapmaq mümkün deyildi. Həm 9-cu zonada çıxış etməyimiz, həm də Gəncə komandası ilə qarşılaşmağımız Mingəçevir camaatını bir qədər də həvəsləndirmişdi. 1982-ci ildə futbolçu karyeramı bitirdim və “Spartak" cəmiyyətinin nəzdində uşaq futbol məktəbi açdım. Bir il sonra isə rəhmətlik Anatoli Banişevski “Avtomobilçi"yə baş məşqçi gətirildi. Anatoli Andreyeviç gələndən sonra məni özünə köməkçi götürdü. 1983-cü ildəki “Avtomobilçi" ilə “Kəpəz" arasında ilk oyun Mingəçevirdə keçirilirdi. Azarkeşlər 2 hissəyə bölünmüşdülər. Üzbəüz tribunaların birində mingəçevirlilər, digərində isə gəncəli azarkeşlər yer almışdılar. Məhz Banişevskinin baş məşqçi təyin olunmasından sonra derbiyə maraq bir qədər də artdı".
Doğrudur, ilk oyundan sonra azarkeşlər arasında yüngülvari toqquşma olmuşdu. Ən yaddaqalan qarşıdurma isə 1984/85-ci illər mövsümündə baş vermişdi.
...Dalaşdılar...
Həqiqətən də illər keçdikcə ilk derbimizə maraq çoxalmağa başladı. 1984-cü ilə kimi “Avtomobilçi" ilə “Kəpəz"in oyunlarında, əsasən də Mingəçevirdə oyun vaxtı və sonra azarkeşlər arasında kiçik qarşıdurmalar baş verirdi. 1984-cü ildə yaşananlar isə... Oyuna maraq o qədər yüksək idi ki, futbolla maraqlanan da, maraqlanmayan da stadiona gəlmək istəyirdi. Mingəçevir stadionun tamaşaçı tutumu az olduğundan (heç 10 min deyildi - İ.T.) oyunu tribunadan izləmək hamıya qismət olmurdu. Bu üzdən bəziləri stadionun hasarına və kənardakı ağaclara çıxmaqla hadisələrin mərkəzindən kənarda qalmamağa çalışırdılar. Maraqlı bir məqama da toxunum, gəncəli azarkeşlərin bir qismi oyun gününün səhər tezdən Mingəçevirə təşrif buyururdular ki, oyun başlayana kimi həm çimərlikdə sərinləsinlər, həm də yeyib-içməklə günlərini maraqlı keçirsinlər. Oyundan əvvəl stadiondan kənarda azarkeşlər arasında qarşıdurma başlamışdı. Əsas “qırğın" oyun vaxtı oldu. “Kəpəz"in futbolçusu Mehman Allahverdiyevin “Avtomobilçi"nin futbolçusuna qarşı kobud oynadığını bildirən matçın hakimi onu “qırmızı" ilə cəzalandırdı. Mehman müəllim günahsız olduğunu bildirib sərt şəkildə etiraz edincə, tribunalarda ara qarışdı. Rəqib azarkeşlər meydanın üstündən bir-birilərinə əşyalar atmağa, təhqiramiz ifadələr işlətməyə başladılar. Atılan əşyalar arasında şüşə butılka, taxta parçaları, hətta bıçaq da tapmaq olardı. Bir sözlə, Mehman müəllimin meydandan qovulması baş verənlərin yanında toya getməli oldu. Futbolçuların xəsarət alacağını görən hakim onları soyunub-geyinmə otağına yolladı. Təxminən 15-20 dəqiqə oyun dayandırıldı. Vəziyyət milislərin nəzarətindən çıxmaq üzrə idi ki, birdən stadionda bir nəfər mikrofonla azarkeşlərə müraciət etdi. Həmin insan Əhəd Həsənov idi. Əhəd müəllim Gəncənin “uqolovnıy rozısk"ı (cinayət axtarış bölməsinin rəisi) idi, bildiyimə görə hazırda Gəncədə yaşayır və təqaüddədir. Gəncədə və Mingəçevirdə onu yaxşı tanıyırdılar və hörmət edirdilər. O, azarkeşlərə təxminən belə bir müraciət etdi: “Ay camaat, sizinlə danışan Əhəd müəllimdi! Xahiş edirəm, sakit olun, oyun davam etsin..." Məhz Əhəd müəllimin müraciətindən sonra ara sakitləşdi və futbolçular meydana qayıtdılar. Həmin vaxt hesab açılmamışdı. Oyunun 87-ci dəqiqəsində isə “Avtomobilçi" qol vurdu və tarixi derbi 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatdı.
Gözləmək olardı ki, meydan sahiblərinin qələbəsi, Əhəd müəllimin müraciəti oyundan sonra azarkeşlərin sakitləşməsinə nədən olacaq. Ancaq çifayda. Yenidən ehtiraslar qızışdı. Milis qarşıdurma olmasın deyə əvvəl yerli azarkeşləri stadiondan çıxardı. Amma onlar dağlışmadılar. Yol kənarında ağacla, daşla “silahlanan" yerlilər gəncəlilərin stadionu tərk etməsini gözləyirdilər. Həm sevinc, həm də təəssüf doğuran məqamlar var idi. Azarkeşlərin futbola marağı nə qədər sevindirici idisə, stadionda və oyundan sonra baş verənlərə yalnız təəssüflənmək qalırdı. Eyni millətin nümayəndələrinin bir-birinə qarşı nifrətini, qəzəbini, xəsarət yetirmək istəyini “Avtomobilçi" - “Kəpəz" oyunundan sonra görmək mümkün idi. Gəncədən gələn avtomobillərin şüşələri sındırılır, qonaq azarkeşlər döyülür. Mingəçevirdə olanlar, şəhəri yaxşı tanıyanlar bilirlər ki, stadiondan Gəncəyə gedən yol Kür çayının üstündəki körpüdən keçir. Deyilənə görə, qəzəblənmiş kütlə Gəncədən Mingəçevirə azarkeş gətirmiş “İkarus" markalı avtobusu körpünün üstündən Kürə aşırmaq istəyibmiş.
Təbəssüm doğuracaq bir məqama toxunum. Oyunun gedişi zamanı ara qızışanda “Avtomobilçi"nin baş məşqçisi Anatoli Banişevski camaatı sakitləşdirmək üçün meydana çıxmaq istəyib. Nə qədər olmasa da, tanınmış sima idi, hamı ona hörmət edirdi. Nadir müəllim onu fikrindən daşındırmaq istəyib. Çünki, o cür hərcmərclikdə oğul atasını tanımırdı, o da olsun azarkeş Banişevskini tanısın. Gəl ki, Banişevski bildiyini edib və meydanın mərkəzinə tərəf gedib. Nadir müəllim də onun arxasınca. Yaxşı ki, rəhmətliyi müşayiət edib. Yoxsa birtəhər
olacaqmış. Gəncəli azarkeşlərdən biri Banişevskiyə tərəf butılka atıb. Özü də qatıq butılkası. Zirək tərpənən köməkçisi sol əlini butılkanın qabağına verib. Nadir müəllimin əli əzilsə də, Anatoli Andreyeviçə bir şey olmayıb. “Butılka qonaqlığı"ndan sonra isə tələsik yerlərinə qayıdıblar.
Nadir müəllim dünya görmüş insandı. Yaşı 60-ı çoxdan keçib. Amma bu yaşa kimi hələ haqqında bəhs etdiyim derbinin Azərbaycanda tayı-bərabəri olmadığını deyir: “Futbolçu həyatım və məşqçiliyə başlamağım SSRİ dövrünə düşüb. Müstəqil çempionatımızı keçirdəndən bəri də futbolun içindəyəm. Hələ indiyə kimi o cür ajiotajı ikinci dəfə görməmişəm. 1994-cü ildə Gəncədə keçirilən “Kəpəz" - “Turan" oyununda baş verənlər “Avtomobilçi" - “Kəpəz" oyununda yaşananlara azacıq bənzəsə də, müqayisə etmək olmaz. Mən bir yana, rəhmətlik Banişevski həyatında belə şey görmədiyini deyirdi".
Yeri gəlmişkən, maraqlı bir faktı da nəzərinizə çatdırım. Bir neçə il əvvələ kimi çempionat oyunlarında qadın azarkeşlərlə nadir hallarda rastlaşırdıq. Stadiondan oyun izləyən qadın xeylağına münasibət heç də birmənalı deyildi. Amma o vaxt “Avtomobilçi"nin sadiq azarkeşlərindən 2-i qadın olub. Onlardan biri Nadir müəllimin, digəri isə Banişevskinin həyat yoldaşı idi. İlk vaxtlar Nadir müəllimin zövcəsi oyunlara oğlu və qızı ilə gəlirmiş. Sonradan Banişevskinin xanımı onu “darıxmağa" qoymayıb. “Avtomobilçi"nin bütün ev oyunlarını tribunadan izləyən xanımlar üçün sol qapının arxasında xüsusi yer ayrılmışdı və onlar körpələri ilə birlikdə həyat yoldaşlarının çalışdırdığı komandaya azarkeşlik edirdilər. Azarkeşlər də xanımlara hörmət əlaməti olaraq özlərini yaxşı aparırdılar. Yalnız bir oyundan başqa - “Kəpəz"lə. Hər an aranın qarışa biləcəyindən ehtiyatlanan məşqçilər ailəsini stadiona getməyə qoymurdular. Xanım azarkeşlərdən söz düşmüşkən, o vaxtlar Mingəçevirdə Tekstil Kombinatı fəaliyyət göstərirdi. Kombinatda çalışan qızları da tez-tez “Avtomobilçi"nin oyunlarında görmək olardı.
Tarixi derbi haqda söhbətə qayıdaq. Qaydalara görə 2-ci dövrənin ilk turunda bu iki komanda Gəncədə görüşməli idi. Bu dəfə Gəncədəki derbiyə maraq Mingəçevirdəkindən daha çox idi. Bunun da bir neçə səbəbi vardı. Birincisi, Gəncənin futbol şəhəri olduğu hamımıza məlumdur. İkincisi, ilk dövrədəki məğlubiyyət və gəncəli azarkeşlərə qarşı edilən hərəkətlər Gəncə camaatının yadından çıxmamışdı. Oyundan xeyli əvvəl stadion ağzına kimi dolmuşdu. Tribunadakıların hamısının “Kəpəz" tərəfdarı olduğunu demək düzgün olmazdı. Aralarında mingəçevirlilər də var idi. Amma onları gəncəlilərdən seçmək mümkün deyildi. Çünki heç kim ağılsızlıq edib deməzdi ki, mən “Avtomobilçi"yə azarkeşlik edirəm. Əks təqdirdə həmin adamı nələrin gözlədiyini bilmək üçün çox fikirləşmək lazım deyil. Gəncədəki oyundan əvvəlki vəziyyəti Nadir müəllim belə xatırlayır: “İkinci dövrə başlamamış Banişevski “Neftçi"nin keçmiş futbolçusu, rəhmətlik Aleksandr Trofimovu da komandaya məşqçi kimi cəlb etmişdi. Bizdə bir erməni oynayırdı - Oleq Sarkisyan, Mingəçevir ermənisi idi. Oleqi niyə xatırladım? Müdafiəçi idi, oyunun əvvəlində “Kəpəz"in bir neçə oyunçusunu keçib qapıçı ilə təkbətək çıxdı və qol vurdu. Gəncə stadionuna elə bir sakitlik çökdü ki, milçək vızıltısını eşitmək mümkün idi. İlk hissə belə qurtardı. Fasilədə Banişevski “Kəpəz"ə Gəncədə qalib gəlməyin düzgün olmadığını dedi. “Kəpəz" liderlər qrupunda idi. 9-cu zonada Azərbaycan, gürcü və erməni komandalarının olduğunu nəzərə alaraq “Kəpəz"ə kömək etmək lazım idi. Həm də bizim qalib gələcəyimiz təqdirdə stadionda baş verə biləcəkləri nəzərə alaraq uduzmaq qərarına gəldik". Nadir müəllimə belə bir sual verdim - həmin oyunu “Kəpəz" uddu, ya siz uduzdunuz? Cavabı maraqlı oldu: “Oyunu hədiyyə verdik". Bəlkə də Nadir müəllimin bu fikri çoxlarını qıcıqlandıracaq. Amma dediyini yazıram. Özə də Nadir müəllimin sözlərinə görə, uduzacaqlarını “Kəpəz" tərəfinin bir rəsmisi ilə razılaşdırıblar. Həmsöhbətim həmin adamın adını çəkmədi, yalnız sağ olduğunu deməklə kifayətləndi. Bu yerdə bir anlaşmazlıq ortaya çıxır. 1984-cü ildəki “Kəpəz" - “Avtomobilçi" oyunu 5:0 hesabı ilə başa çatıb. Nadir müəllim deyəsən 2 il əvvəlki oyunla haqqında bəhs etdiyim oyunu qarışdırıb. Eybi yoxdur, Nadir müəllim. Təki bütün cavanlar sizin yaşınıza çatsın, 30 il əvvəlki hadisələri qarışdırsalar da olar. 1982-ci ildə SSRİ çempionatları ilə bağlı verilən statistik məlumatlara görə, Gəncədəki derbidə “Avtomobilçi"yə texniki məğlubiyyət verilib. Səbəbini nə qədər araşdırsam da “bilirəm" deyən olmadı. 1982-ci ildə Anatoli Banişevski komandada yox idi. Güman ki, 1986-ci ildəki derbidə Nadir müəllimin dediyi kimi, oyunu “Kəpəz"ə hədiyyə veriblər.
1984-cü ildəki tarixi derbinin iştirakçılarından ikisi hazırda “Kəpəz"i çalışdırır. Baş məşqçi Şahin Diniyev o vaxt “Avtomobilçi"də, onun köməkçisi Füzuli Allahverdiyev isə “Kəpəz"də oynayırdı. Hər ikisi ilə əlaqə saxlayıb derbi ilə bağlı xatirələrini öyrəndim.
Şahin Diniyev: “O vaxt “Avtomobilçi"yə yeni cəlb olunmuşdum. Məni ora rəhmətlik Anatoli Banişevski dəvət etmişdi. Gənc idim, çox şeylərdən xəbərim yox idi. Amma dəqiq bilirdim ki, “Kəpəz" ilə oyundan əvvəl bir canlanma yaranır. Günlərlə əvvəl hamının fikri-zikri bu oyuna yönəlirdi. Adi çempionat oyunlarında tribunalarda boş yerlərə rast gəlmək olurdusa, həmin oyunda sıxlıqdan tərpənmək mümkün deyildi. Pilləkənlərdə, ağacların başında oturub oyuna baxanlar var idi. Həmin oyunun sonunda Elşad Xudadatov cinahdan gözəl reyd edib topu qapı önünə ötürdü və milliyətcə osetin olan Hasan Coyev başla baxımlı qol vurdu. “Kəpəz" kimi komandanı məğlub etmək... Əla hisslər idi.
Gəncədən avtomobillə xeyli azarkeş gəlmişdi. Avtomobil söhbəti ona görə yadımda qalıb ki, oyundan sonra Gəncədən gəlmiş maşınların əzildiyini, şüşələrinin sındırıldığını eşitdik. Arada belə söhbətlər gəzdi ki, guya matçdan əvvəl Banişevskiyə uduzmaq barədə göstəriş veriblər. Tamamilə yalan söhbətdi. O vaxt Banişevski Azərbaycan futbolunda ən hörmətli 2 adamdan biri idi. Özü də çox prinsipial insan idi. İnanmıram ki, futbol aləmində kiminsə cürəti çatıb ona uduzmaq əmri verəydi. Azərbaycanda bu cür derbiyə ikinci dəfə şahidlik etməmişəm. Oyundan əvvəl, gedişində və sonra baş verənlər fərqli idi. Amma məşqçi karyeramda buna bənzər halla bir dəfə rastlaşmışam. “Terek"i çalışdıranda Nazranın “Anma zamanıanda bizim derbi yadıma düşdü. Rusiya birinciliyinin 2-ci dəstəsində çıxış edirdik. “Terek"lə “Anquşt" əsl rəqib idi. Çempionatda bütün oyunları uduza bilərdin, amma “Anquşt"a məğlub olmaq faciə sayılırdı".
Füzuli Allahverdiyev: “Həmin vaxt “Kəpəz" çox güclü idi, 1-ci dəstəyə çıxmaq üçün oynayırdıq. “Avtomobilçi" də yaxşı komanda idi. “Avtomobilçi"nin futbolçuları ilə hansısa pis münasibətdən sühbət gedə bilməzdi. Biz həm meydanda, həm də meydandan kənarda mehriban idik. Bizim “işmiz" təkcə Xankəndinin “Qarabağ"ı iləydi. Ancaq azarkeşlər haqqında bunu demək olmazdı. “Kəpəz" və “Avtomobilçi" eyni bölgəni təmsil etdiklərindən hər iki komandanın azarkeşləri məğlubiyyəti faciə kimi qəbul edirdilər. Belə də qarşıdurmalar olurdu. 1984-cü ildəki oyun yaxşı yadımdadı. Mehman cəzalanandan sonra “qırğın" başladı. Buna kimi də azarkeşlər arasında münaqişə müşahidə etmək olurdu. Təsəvvür edin ki, oyun gedir, fikrimiz tribunadadı. Orada dava-dalaş gedir. Həyatımda belə halla rastlaşmamışdım. Gəncəli azarkeşlər çılğın olduqları qədər də “Kəpəz"ə sadiqdilər. Xatirimdədir, komandanın bütün səfər oyunlarında yüzlərlə tərəfdarımıza rast gəlmək olurdu. SSRİ birinciliyində oynadığımız vaxtlar Azərbaycanın digər komandaları ilə səfər oyunlarına getdirdik. Bakıda, Naxçıvanda, Lənkəranda, Qazaxda, bir sözlə hər yerdə yanımızda olublar. Hətta bir dəfə Rustavidə oynayarkən gürcü qəzetləri yazmışdılar ki, stadiondakı azarkeşlərin əksəriyyəti gəncəli idilər. Amma heç vaxt bu cür qarşıdurma olmamışdı. “Kəpəz"lə “Avtomobilçi" arasında keçirilən oyunlarda olan ajiotajı başqa yerdə görməmişəm".
...və barışdılar
1984-ci ildəki oyundan sonra bu 2 komanda arasında keçirilən derbilərə nəzarət gücləndirildi. Oyundan bir nezə gün əvvəl ətraf rayonlardan əlavə milis qüvvələri bölgəyə ezam olundu. Mingəçevirdə baş verənlərdən nə qəzetlər yazdı, nə də televiziyada nəsə efirə getdi. Axı, SSRİ dövrü idi. Oyun günü Mingəçevirdə “bir azarkeş, bir milis" prinsipi işə düşdü. Bundan başqa “84"də baş verənlər gəncəliləri bir qədər düşüncəli tərpənməyə vadar etdi. Mingəçevirdəki oyundan əvvəl Gəncədən avtomobillə gələnlər maşınlarını oradakı dost-tanışlarının həyətində saxlayırdılar. Gəncəyə isə oyundan xeyli sonra şəhər “yatan"da yollanırdılar. Sakitlik bərpa olunsa da, azarkeşlər arasındakı nifrət alovu sönməmişdi. Ta ki 1986-cı ilə kimi… Həmin vaxt bir qrup “Avtomobilçi" tərəfdarı “Kəpəz"in SSRİ Kuboku uğrunda hansısa gürcü komandası ilə oyununu izləmək və dəstək olmaq üçün gül-çiçəklə Gəncəyə gediblər. Gəncə stadionunda bu barədə elan oxunub. Qarşı tərəf bunu müsbət qarşılayıb və beləcə barışıq əldə olunub. Söhbət etdiyim şəxslərin hamısından “Kəpəz"in həmin oyunu haqqında soruşsam da, kimdənsə tutarlı
cavab ala bilmədim. Statistik araşdırmalardın sonra məlum oldu ki, sözügedən matç 1986-cı il iyunun 14-də keçirilib. SSRİ Kubokunun 1/16 finalında Kutaisinin “Torpedo" komandasını qəbul edən “Kəpəz" oyunsonrası penaltilər seriyasında rəqibini 7:6 hesabı ilə məğlub edib. Matçın əsas vaxtı isə 1:1 hesabı ilə başa çatıb. Söz düşmüşkən, “Torpedo"nu mübarizədən kənarlaşdıran “Kəpəz" 1/8 finalda çox güclü “Dinamo"ya (Kiyev) rəqib olub, Kiyevdə keçirilən tək oyunda 1:2 hesabı ilə uduzub.
1987-ci ildə “Avtomobilçi"nin 9-cu zonanı tərk etməsi ilə tarixi derbi elə tarixin yaddaşına köçdü. Azərbaycan müstəqillik qazanandan sonra Gəncə və Mingəçevir təmsilçiləri - “Kəpəz"lə “Energetik" tez-tez üz-üzə gəldilər. Amma heç vaxt SSRİ dövründəki ajiotaj müşahidə olunmadı. Bu gün Azərbaycan futbolunda belə derbilər çatışmır. Tarixi “qərb derbisi"nin, ilk derbimizin canlı şahidi olmasam da, yenidən, amma qarşıdurmasız, dava-dalaşsız derbi görmək arzusu ilə...
İlqar TAĞIYEV, “Het-trik news” qəzeti
P.S. Hadisələrin üstündən 30 ildən çox vaxt keçdiyi üçün yazıda hansısa yanlışlığın getməsi istisna deyil. Əgər varsa, düzəliş etməyə, tarixi “qərb derbisi" haqqında hadisə şahidlərinin əlavə fikirlərini, xatirələrini dərc etməyə hazırıq.
“Avtomobilçi” - “Kəpəz” (“Tərəqqi”) oyunları
(SSRİ çempionatı, 2-ci dəstə, 9-cü zona)
İl Oyun Nəticə
1980. “Avtomobilçi" - “Tərəqqi" 1:2
1980. “Tərəqqi" - “Avtomobilçi" 4:3
1981. “Avtomobilçi" - “Tərəqqi" 0:2 (9-16-cı yer)
1981. “Avtomobilçi" - “Tərəqqi" 2:1 (I mərhələ)
1981. “Tərəqqi" - “Avtomobilçi" 1:0 (9-16-cı yer)
1981. “Tərəqqi" - “Avtomobilçi" 2:2 (I mərhələ)
1982. “Avtomobilçi" - “Kəpəz" 1:0
1982. “Kəpəz" - “Avtomobilçi" +:-(*)
1983. “Avtomobilçi" - “Kəpəz" 1:3
1983. “Kəpəz" - “Avtomobilçi" 1:0
1984. “Avtomobilçi" - “Kəpəz" 1:0
1984. “Kəpəz" - “Avtomobilçi" 5:0
1985. “Avtomobilçi" - “Kəpəz" 0:2
1985. “Kəpəz" - “Avtomobilçi" 3:2
1986. “Avtomobilçi" - “Kəpəz" 1:1
1986. “Kəpəz" - “Avtomobilçi" 2:1
1987. “Avtomobilçi" - “Kəpəz" 1:2
1987. “Kəpəz" - “Avtomobilçi" 4:2
(*) oyun qonaqların 1:0 hesabı ilə qələbəsi ilə başa çatsa da, onlara texniki məğlubiyyət verilib.
“Avtomobilçi” (1984-cü il)
Soldan sağa (ayaq üstə dayananlar): Nadir Qasımov, Anatoli Banişevski (baş məşqçi), Aron Zərbəliyev, Şahin Diniyev, Oleq Sarkisyan, Zəfər Qubadov, Məhəmməd Şıxıyev, Vladimir Abaşin, Vyaçeslav Baçenin, Elşad Xudadatov, Qəhrəman Əliyev, Gennadi Morozov, Rafiq Kanalov
Soldan sağa (oturanlar): Sergey Privertyov, Ramiz Məlikov, Vitya Dubinin, Vasif İsgəndərov, Şahid Həsənov, Alik Süleymanov, Ramiz Əhmədov
“Kəpəz” (1985-ci il)
Soldan sağa (ayaq üstə dayananlar): Zahid Hüseynov (baş məşqçi), Tofiq Əliyev, Müzəffər Qasımov, Səmədağa Şıxlarov, Tofiq Məmmədov, Arzu Mirzəyev, Aleksandr Mikuçadze, Gennadi Drozdov, Şahmir Hüseynov (Şamo), Asif Əliyev, Məhəmməd Məmmədov, Rauf İsmayılov, İqor Çeremisov, Şakir Qəribov, Sədrəddin Məmmədov.
Soldan sağa (oturanlar): Knyaz Məmmədov, Xaliq Qafarov, Azad Hüseynzadə, Səməndər Bağırov, Elşən Cəfərov, Zahid Əhmədov, Fizuli Allahverdiyev, Firdovsi Əhmədov, Fuad