İstedadlı "satqın"

15:47 9 Sentyabr 2015

XXI əsrin əvvəlləri Türkiyə futbolunda yüksəlişlə yadda qaldı. İstər klub, istərsə də milli komandalar səviyyəsində bir çox uğurlar qazanıldı. “Qalatasaray"ın UEFA Kubokuna və UEFA Superkubokuna sahib çıxmasını, Türkiyə A milli komandasının 2000-ci ildə Cənubi Koreya və Yaponiyada keçirilən dünya çempionatında və bir il sonra Konfederasiyalar Kubokunda 3-cü yeri tutmasını, 2008-ci ildə isə Avstriya və İsveçrədə təşkil olunun qitə birinciliyində yarımifnala yüksəlməsini misal gətirə bilərik. Qazanılan mükafatlarla yanaşı, Türkiyə futbolu həmin dövrdə dünya futboluna onlarla ulduz futbolçu bəxş etdi - Hakan Şükür, Tuqay Kərimoğlu, Tuncay Şanlı, Rüştü Rəncbər, Nihat Kahveçi, bu gün dünyanın ən güclü komandalarından biri hesab edilən “Barselona"nın yeni transferi Arda Turan... Belə futbolçulardan biri də şübhəsiz Əmrə Belözoğludu. Ulduz futbolçunu özündənrazılıqda, satqınlıqda günahlandıranlar az deyil. Amma fakt budur ki, müasir Türkiyə futbolunun ən istedadlı nümayəndələrindən biri də məhz Əmrədi. Dünən onun ad günü idi. Əmrənin 35 yaşı tamam olacaq. Deməli, karyerasının qürub çağını yaşayan futbolçu haqqında bəhs etməyin əsl məqamıdır. Yeri gəlmişkən, 4 gün əvvəl, Əmrənin peşəkar futbolçu kimi yetişməsində böyük rolu olan məşqçi Fatih Terimin də doğum günü idi. “İmperator" 62 yaşını qeyd etdi. Onun haqqında tanışlıq xarakterli məqaləni isə yaxın saylarımızda oxuya bilərsiniz.

 

Uşaqlıq illəri və “Qalatasaray"

Əmrə 1980-ci il sentyabrın 7-də İstanbulda anadan olub. Futbola 10 yaşında başlayıb. Anası Fatmanın narazılığına baxmayaraq, atası Mehmet oğlunda futbol istedadını görüb onu “Zeytunburnuspor"a aparıb. İlk məşqçisi Salih Bulqurlu olub. Salih hoca Əmrənin istedadına biganə qalmayıb və futbolçunun daha da inkişaf etməsi üçün ona fərdi məşqlər keçməyə başlayıb. “Zeytunburnuspor"da oynadığı vaxtlar yaşıdlarından seçilən və publikanın sevimlisinə çevrilən Əmrə 2 il sonra keçmiş futbolçu və menecer Bülent Ünderin diqqətini özünə cəlb edib. Bülent bəy “Qalatasaray"ın o vaxtkı baş məşqçisi Fatih Terimlə dostdur. Ünder çətinliklə də olsa, Əmrəni “Qalatasaray"a aparmaq üçün Bulqurlunu razı sala bilib: “Çox yox, 2 il gözləyin, bu uşağın Avropada nələr edəcəyinin şahidi olacaqsınız".

 

Beləliklə, 1992-ci ildə qəhrəmanımız “Qalatasaray"lı olub. 4 il İstanbul klubunun aşağı yaş qruplarında futbolun sirlərini öyrənən Əmrə 1996/97-ci illər mövsümündə əsas komandada debüt edib. Çempionatın son turlarında “Beşiktaş"la qarşılaşan “Cim-bom"un baş məşqçisi Fatih Terim hesab 2:2 olarkən Əmrəni meydana buraxıb. O da etimadı artıqlaması ilə doğruldaraq qol vurub və komandasının qələbə qazanmasında, həmçinin çempionlüğü götürməsində pay sahibi olub. Əmrə 2001-ci ilə kimi “Qalatasaray"da çıxış edib. 5 il ərzində 4 dəfə Türkiyə çempionu adını qazanmaq, 3 dəfə ölkə kubokuna sahib çıxmaq gənc futbolçu üçün böyük uğur idi. Hələ UEFA Kuboku və Superkubokununu demirik.

 

Legioner həyatı

“Qalatasaray"ın Avropa zəfərindən sonra xarici klublar bu komandanın əksər futbolçularına maraq göstərməyə başladılar. Onların arasında Əmrə də var idi. O, 2001-ci ildə 5 milyon avro qarşılığında İtaliyanın “İnter" klubuna satıldı. Əmrə 2005-ci ilə kimi Milan klubunun şərəfini qorusa da, “Qalatasaray"da qazandığı uğurları təkrarlaya bilmədi. Tez-tez zədələnən futbolçunun İtaliyada əldə etdiyi yeganə qənimət ölkə kuboku oldu.

 

Türk futbolçu 2005-ci il iyulun 19-da iş yerini dəyişdi. Onun bu dəfəki ünvanı İngiltərənin Nyukasl şəhəri idi. 3,8 milyon funt-sterlinq qarşılığında “Nyukasl"la 5 illik müqavilə bağlayan Əmrə burada cəmi 3 il oynadı. Ardıcıl zədələr onun tam gücünü göstərməsinə imkan vermədi. Belə də məşqçilər korpusunun razılığı ilə komandadan ayrıldı.

 

Satqınlıq?

Əmrə 2008-ci ilin iyulunda vətənə döndü. Amma çoxlarının gözləmədiyi halda “Fənərbaxça"ya. Hamıya məlumdur ki, “Qalatasaray"la “Fənərbaxça" arasında münasibətlər ürəkaçan deyil. Bu iki klub əzəli və əbədi rəqib hesab olunurlar. Bu mənada “Qalatasaray"ın yetirməsi sayılan birinin “Fənər"ə keçməsi “Cim-bom" azarkeşləri və camiəsi tərəfindən pis qarşılandı. Onu satqınlıqda günahlandırdılar. Qarşı tərəfi ən çox qıcıqlandıran məqamlardan biri də Əmrənin “Fənərbaxça"ya keçidindən sonra verdiyi açıqlama idi. O, uşaqlıqdan “Fənərbaxça" azarkeşi olduğunu söyləmişdi. Müəyyən müddətdən sonra ara sakitləşsə də, bu gün də qalatasaraylıların Əmrəni bağışlamadıqlarını qeyd edə bilərik. Əmrə bu ilin ortalarına kimi “Fənərbaxça"nın şərəfini qorudu. Doğrudur, 2012/13-cü illər mövsümündə Madrid “Atletiko"sunda növbəti dəfə legioner həyatı yaşadı. Ancaq İspaniyada keçirdiyi yarım mövsüm onun üçün heç də uğurlu olmadı. La Liqada cəmi 7 oyunda meydana çıxan yarımmüdafiəçi uğursuz çıxışa baxmayaraq, karyerası ərzində 2-ci dəfə UEFA Superkubokunu başı üzərinə qaldıra bildi. Özü də həmin oyun Əmrənin “Atletiko" forması ilə debütü idi. “Çelsi"ni 4:1 hesabı ilə məğlub edən “Atletiko"da həmin vaxt digər türk futbolçu Arda Turan da çıxış edirdi. 2013-cü il yanvarın 31-də yenidən İstanbul klubuna geri dönən Əmrə son mövsüm başa çatandan sonra “Fənərbaxça" karyerasına son verməli oldu. “İstanbul Başakşehir"lə 2 illik müqavilə imzalayan futbolçu hazırda bu klubun şərəfini qoruyur və yeni komandasında 25 nömrəli futbolka ilə çıxış edir.

 

Milli karyerası

Əmrə A millidə ilk oyununu 2000-ci ildə Norveç yığmasına qarşı keçirib. Buna kimi Türkiyənin aşağı yaş qruplarından ibarət demək olar ki, bütün yığmalarda forma geyən futbolçu zədə səbəbindən 2000-ci ildə keçirilən Avropa çempionatının final mərhələsində iştirak edə bilməyib. Əvəzində 2002-ci ildəki mundialda komandanın əsas heyət üzvlərindən biri olub və komandasının 3-cü yeri tutmasında rolu olub. 2008-ci il qitə birinciliyinin final mərhələsində də futbolçu komandanın tərkibində idi. Lakin açılış oyununda zədələnərək çempionatın qalan hissəsini kənardan izləməli olmuşdu.

 

Şəxsi həyatı

2009-cu il yanvarın 2-də Tuğba Gürevin ilə ailə həyatı qurub. Cütlüyün Ömər Akif adlı oğlu var. Əmrə haqqından maraqlı ola bilcəq daha bir xəbər - o, milliyətcə ləzgidir. Babası Belöz Dağıstanın Miskincə kəndindəndir. Ötən əsrin əvvəllərində, 18 yaşı olarkən İmam Şamailin başçılıq etdiyi hərəkatın süqutundan sonra Osmanlıya qaçıb, bu ölkənin vətəndaşlığını qəbul edib. Daha sonra hərbçi kimi Türkiyə hökumətinə qulluq göstərib və evlənib.

 

Qalmaqallar “kralı"

Əmrə istər meydanda, istərsə də meydandan kənarda aqressiv hərəkətləri ilə tanınıb. İngiltələrə oynadığı vaxtlar 3 dəfə irqçi çıxışlarda ittiham olunub. 2006-cı ilin dekabırnda “Everton" futbolçularına, cəmi 2 ay sonra isə “Bolton"un futbolçusu Əl-Haci Diufa, 2007-ci il martın 1-də isə “Uotford"lu Əl-Hassan Banquraya qarşı irqçi hərəkətlərinə görə. 2006-cı il Dünya çempionatının final mərhələsinə vəsiqə verən pley-off mərhələsində İsveçrə ilə cavab oyununda dava-dalaşda iştirak etdiyinə görə FİFA tərəfindən 6 oyunluq cəzalandırılıb. Sonradan cəza 4 oyuna endirilib. Onunla bağlı daha bir qalmaqal 2012-ci il aprelin 15-də yaşandı. “Tranzonspor"la oyunda rəqibin futbolçusu Didye Zakoraya söylədiyi irqçi sözlər əvvəlcə təsdiqini tapmadı. Amma futbolçu 2 oyunluq cəzalandı. Zakoranı təhqir etdiyinə görə. 2014-cü il iyunun 17-də isə yenə də rəqibə qarşı irqçi çıxışı ilə yadda qaldı. Məhz Zakoraya qarşı etdiyi hərəkətə görə o, 2,5 aylıq şərti cəza aldı.

 

Nailiyyətləri

“Qalatasaray": 4 dəfə Türkiyə çempionu (1996/97, 1997/98, 1998/99, 1999/2000), vitse-çempion (2000/01), 3 dəfə Türkiyə Kuboku (1995/96, 1998/99, 1999/2000), Türkiyə Superkuboku (1997), UEFA Kuboku (1999/2000), UEFA Superkuboku (2000).
“İnter": A Seriyasında 2-ci (2002/03) və 2 dəfə 3-cü yer (2001/02, 2004/05), İtaliya Kuboku (2004/05).
“Nyukasl Yunayted": İntertoto Kuboku (2006).
“Fənərbaxça": 2 dəfə Türkiyə çempionu (2010/11, 2013/14), 2 dəfə Türkiyə Kuboku (2011/12, 2012/13), 2 dəfə Türkiyə Superkuboku (2009, 2014).
“Atletiko" (Madrid): UEFA Superkuboku (2012)
Türkiyə millisi: 2002-ci il DÇ-də 3-cü yer, Avro-2008-in yarımfinalçısı.

 

Əmrə Belözoğlunun statistikası

İllər          Komanda   Oyun Qol

1996-2001 Qalatasaray 103 13
2001-2005 İnternasionale 78 5
2005-2008 Nyukasl Yunayted 58 5
2008-2012 Fənərbaxça 103 12
2012-2013 Atletiko (Madrid) 7 0
2013-2015 Fənərbaxça 56 14
2015-... İstanbul Başakşehir 3 0

 

Milli

1994-1995 Türkiyə U-15 11 7
1995-1997 Türkiyə U-16 35 20
1996-1997 Türkiyə U-17 7 2
1997 Türkiyə U-18 6 0
1998-1999 Türkiyə U-21 12 4
2000-... A milli 94 9

 

"Het-trik news" qəzeti


Digər xəbərlər

Xəbər xətti