Azərbaycanın Almaniyadakı səfirliyi Avropa Liqasının qrup mərhələsində "Qəbələ" klubunun rəqibi olan "Borussiya" (Dortmund) klubunun futbolçusu Henrix Mxitaryanla bağlı açıqlama verib.
Sportarena.az "Report"a istinadən xəbər verir ki, açıqlama erməni futbolçunun komandasının heyətində Azərbaycana səfəri ilə bağlıdır. Səfirlikdən bildirilib ki, Azərbaycan Respublikasının "arzuolunmaz şəxslər"in siyahısına milliyyətindən və ya peşəsindən asılı olmayaraq, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə və ona bitişik ərazilərə Azərbaycanın hakimiyyət orqanları ilə əvvəlcədən əldə edilmiş müvafiq razılıq olmadan səfər edən və Azərbaycan Respublikası qanunlarının aliliyini və ərazi bütövlüyü prinsiplərini pozan şəxslər daxil edilir.
Qeyd edək ki, "Qəbələ" və "Borussiya" komandaları Bakıda oktyabrın 22-də üz-üzə gələcək.