Sənan Şəfizadə: "Nə futboldan başları çıxır, nə də..." - MÜSAHİBƏ

13:45 10 Sentyabr 2015

ATV kanalının idman aparıcısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sənan Şəfizadə news.atv.az saytına müsahibə verib. Sportarena.az müsahibəni kiçik ixtisarla təqdim edir:

 

- Qərb, eləcə də Türkiyədən fərqli olaraq, bizdə idman jurnalistkası kütləvi maraqla qarşılanmır. Halbuki idman kütləvi və maraqlı sahədir. Bu sizcə, niyə belədir?

- Əvvəl belə idi... Amma məncə, indi idman jurnalistikasına maraq həddindən artıq çoxalıb. Çoxlu idman saytlarımız var... Bu da onunla bağlıdır ki, idmançılarımızın qələbə sayı çoxaldıqca, idmana maraq artır. Mən 2002-ci ildən idman jurnalistikasındayam. O zaman belə maraq yox idi. Bu marağın artması həm də dövlətin idmana diqqətindən irəli gəlir. Amma bir şeyə təəssüflənirəm ki, yaxşı idman jurnalistlərimizin sayı azdır...

 

- Sizcə, teleaparıcı kimi yox, hansısa bir qəzetdə və ya saytda idman müxbiri kimi çalışsaydınız, bu qədər tanına bilərdinizmi? Bu baxımdan ATV sizə nə verdi?

- 3 il qəzetdə çalışıb, sonra ATV-yə gəlmişəm. Efir başqadı... Efir adamı tanıdır. ATV mənə bacarığımı göstərməyə şərait yaratdı. Efir aparıcılığını, efir jurnalistkasını burada öyrəndim... Ən sadələrini deyim: uşaqlıqdan arzum idi ki, "Ford-Boyard" layihəsində iştirak edim, ATV məni bu arzuma qovuşdurdu. ATV məni əlçatmaz görünən insanlarla dostlaşdırdı. Bu gün hamımızın ulduz saydığı Arda Turan, "böyük kapitan" dediyimiz Bülənt Qorxmaz kimi insanlarla tanışlıq adi qarşılana bilməz. Yəni, ATV bütün həyatımın axarını dəyişib.

 

- Hansı futbol klubumuza azarkeşlik edirsiniz?

- Jurnalistəm deyə, neytral olmalıyam. Qələbə qazanan hər bir idmançımız, idman növümüz, məşqçimiz, klubumuz, yığmamız bizim sevincimizdir və onlara azarkeşlik edirik. Son zamanlar "Qarabağ" və “Qəbələ” komandasına azarkeşlik edənlərin sayı çoxalıb. Futbolun gözəli qoldur, bir də ki, azarkeşlərdir...

 

- Sizcə, azarkeş sayının çoxalmasında sosial şəbəkələrin də rolu varmı? Məsələn, hərdən mənə belə gəlir ki, çox adam ora futbola baxmağa yox, şəkil çəkdirib paylaşmağa gedir...

- Sosial şəbəkələrdə güc çoxalıb... "Facebook"da milyona yaxın həmvətənimiz var. Təbliğat baxımından sosial şəbəkələrin rolu böyükdür. Amma onu da düz deyirsiniz ki, insanlarımızın, əsasən də tanınmışların çoxu "Qarabağ" kimi klublarımızın oyununa şəkil çəkdirmək üçün gəlirlər. Əslində nə futboldan başları çıxır, nə də hansısa bir futbolçumuzu tanıyırlar. Təbii, tanınmışlar arasında əsl azarkeşlər də var. Məsələn, Xatirə İslam "Qarabağ"ın azarkeşidir. Hər oyunla maraqlanır. Bəhram Bağırzadə futbolla yaşayan insandır. Onu da qeyd edim ki, "Qarabağ" Azərbaycan futboluna əsl azarkeşləri qaytardı. "Qarabağ" adi bir komanda deyil. Bu ad bizim üçün hər şeydən önəmlidir. Qurban Qurbanov 7 ildən çox bu komandada çalışır və hazırda çox güclü heyət formalaşdırıb. Qurbanov komandanı pillə-pillə inkişaf etdirib. Futbolumuzun onun kimi lider məşqçiyə ehtiyac var. Bunları tərif üçün demirəm. Sözsüz ki, “Qarabağ”ın bu səviyyəyə çatmasında rəhbərliyin də rolu az deyil.

 

- Həmkarımız Eldəniz Vəliyev ATV.az-da bir köşə yazmışdı ki, futbolumuzu qadınlar yüksəldəcək. Yəni, azarkeş qadınlara görə kişilər qalibiyyətə daha çox can atacaqlar. Sizin fikriniz necədi?

- Bir şeyi deyim ki, futbol zamanı yanımda dünya gözəli otursa da, mən ona baxa bilməyəcəm. Nə qədər açıq-saçıq geyinsə də, baxmayacam. Yəni qadına görə, gedib futbola baxmaq düzgün məfhum deyil. Futbol özü elə bir gözəl qadındır ki, yanından keçəndə ona dönüb baxmaya bilməzsən. Bəli, futbol bu dərəcədə möhtəşəm bir şeydir. Qadınlar futbolda daha çox oyunçuları bəyənirlər. Məsələn, bir xanım yazmışdı ki, top qadındır və kişilər onun arxasınca qaçır. Yəni qadın futbolu kişi qədər sevə bilməz. Həmçinin kişi kimi anlaya bilməz. Düşünün, kişilər futbola görə sevdiyi xanımlarla görüşlərini təxirə salırlar. Mən sevinirəm ki, bu gün Azərbaycanda da qadınlar futbola gedir və həqiqətən azarkeşlik edir. Bir də futbola evdə baxmaqla stadionda baxmaq arasında böyük fərq var. Məsələn, evdə "qoooool" deyib qışqıranda o dərəcədə də xoşa gəlmir. Lakin stadion sanki sırf bu söz üçündür.

 

- Sizin üçün ATV-də işləməyin hansı özəllikləri var?

- ATV ümumilikdə mənim ikinci ailəmdir. Çünki ATV-də daha çox vaxt keçirirəm. Təxminən, 10-12 saat. Burada gözəl insanlarla tanış olmuşam. Yəni ATV mənim üçün sadəcə iş yeri deyil, həm də həyat tərzidir. ATV ilk gündən etibarən bir nömrəli kanaldır. Bunu özüm burada çalışdığım üçün demirəm. ATV sadəcə bir iki verilişdə deyil, mədəniyyətdə, xəbərdə, idmanda - hər bir sahədə bir nömrədir. Ən yaxın tarixə qayıdaq. Avropa Oyunları zamanı 26 gün ərzində biz gündəlik icmal verdik və çempion olan idmançı ilk olaraq ATV-yə qonaq gəlirdi. Bu isə ATV-yə verilən dəyərin göstəricisidir. Biz hər zaman tamaşaçının marağını nəzərə alırıq. Və ən əsası ATV özündə bir ailədir. Bu ailənin üzvü olmaq çox yaxşıdır. Nə yaxşı ki, ATV-dəyik.

 

- Yeni mövsümdə "ATV Xəbər"in idman bölməsi olaraq, tamaşaçılara nə vəd edirsiniz?

- "ATV xəbər"in çox gözəl idman studiyası hazırlanıb. Təşəkkür edirəm bu studiyanı hazırlayan insanlara. İdman xəbərlərimiz operativliyini qoruyacaq. Ekskulizvlərimizin sayı çoxalacaq... İsti-isti müsahibələr, yarışlardan reportajlar bizdə olacaq.


Digər xəbərlər

Xəbər xətti