Natiq Rəsulzadə təkzib verdi, Çingiz Abdullayevi biabır etdi

16:01 10 Sentyabr 2015

"Neftçi"nin Müsahidə Şurasının sədri Çingiz Abdullayev bir həftə öncə bir qrup media nümayəndəsi ilə keçirdiyi görüşdə kifayət qədər iddialı fikirlər səsləndirmişdi.

 


Sportarena.az xəbər verir ki, Abdullayev özünü Azərbaycan futbolunun xilaskarı kimi təqdim etmişdi. O, bildirmişdi ki, beynəlxalq PEN-klub ondan tələb edib ki, Azərbaycan PEN-klubunun rəhbəri kimi müraciətə qol çəksin ki, Azərbaycan klubları 3 illik beynəlxalq yarışlardan kənarlaşdırılsınlar:

 

"Onlar təzyiq edərək "Qəbələ" ilə "Qarabağ"ı Avropa Liqasından uzaqlaşdırmaq istəyirdilər. Təcili zəng vurdum AFFA-ya və məsləhətləşdik. Mənə bildirildi ki, məsələnin əsl mahiyyətini beynəlxalq PEN-kluba izah etmək lazımdır. Mən orda da bildirdim ki, Azərbaycan prezidenti İlham Əliyev bu məsələni rəsmi olaraq pisləyib və cinayət işi açılıb. Jurnalistin ölümündə günahkar olanlar və hətta şübhəli bilinənlər hamısı həbs ediliblər. Bu təşkilat UEFA-ya müraciət etsəydi, Mişel Platini elə həmin gün klublarımızın hamısını üç illik cəzalandırmaq barədə qərar çıxaracaqdı. Amma biz vaxtında bu məsələni bağlaya bildik. Fikrimcə, Azərbaycan futbolu üçün böyük iş gördük".

 

Ancaq Korner.az saytının əməkdaşının apardığı araşdırma başqa mətləb ortaya çıxardı. Məlum oldu ki, beynəlxalq Pen-klubda ümumiyyətlə, Cingiz Abdullayev adlı şəxsi tanımırlar. Beynəlxalq Pen-Klubun Şöbələr və Komitələr rəhbəri Pol Fineqanın məktubuna diqqət ayıraq:

 

"Hörmətli Elvin,

 

Mәktubunuz üçün tәşәkkür edirik.

 

Tәәssüflә qeyd etmәliyәm ki, ortada yanlış anlaşılma var. PEN International-ın hazırda heç bir nümayəndəliyi yoxdur. Bundan başqa, mәn Çingiz Abdullayevlә heç vaxt kontaktda olmamışam vә bu insanla, ümumiyyәtlә, tanış deyilәm.

 

Әgәr Siz kimdәnsә Azәrbaycan PEN-in nümayәndәsi olması haqqında iddia eşitmisinizsә, xahiş edirәm, mәnә bildirin, mәn onlarla danışacağam.

 

Hörmәtlә, Pol Fineqan
PEN International"

 

Əslində, bu cavabla bütün suallara aydınlıq gəlib. Ancaq "Pen-klub Azərbaycan" bu durumla barışmayaraq, təkzib məktubu hazırlayıb. Hazırlayıb və qaş düzəltdikləri yerdə gözü də çıxarıblar. Çingiz Abdullayevi bir daha biabır ediblər. Əvvəlcə təşkilatın vitse-prezidenti Natiq Rəsulzadənin imzası ilə Komanda.az-a göndərilən təkzib məktubu ilə tanış olaq:

 

"İdman saytlarından birində yer almış yazıda müəllif Çingiz Abdullayevin rəhbəri olduğu "PEN-KLUB Azərbaycan"ı az qala saxta təşkilat kimi qələmə verib. Mən bu yazı ilə tanış olduqdan sonra özümə sual verdim ki, necə olur ki, mən bu illər ərzində mövcud olmayan təşkilatın vitse-prezidenti olmuşam. "PEN-Klub Azərbaycan" təşkilatı Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və 25 ildir fəaliyyət göstərir. Təşkilatın prezidenti Çingiz Abdullayev, vitse prezidenti isə mənəm. Mərhum Vaqif Səmədoğlu da bu qurumun vitse-prezidenti idi. Məhz "PEN-Klub Azərbaycan"nın Rabitə Nazirliyi ilə həyata keçirdiyi unikal proqram sayəsində azərbaycanlı yazıçılar öz əsərlərini bizim saytımızda Azərbaycan və rus dillərində nəşr etməklə pul qazana bilirlər.

 

3 il öncə "PEN-Klub Azərbaycan" 2 azərbaycanlı yazıçının - Fərid Hüseyn və Şəhriyar Hacızadənin İranda həbsdən azad olunmasına nail oldu. İranın rəhbər şəxslərindən biri Xarici İşlər Naziri Elmar Məmmədyarovla görüşündə də bu faktı xüsusi qeyd etmişdi. Saxta təşkilat buna nail ola bilərdimi?

 

Beynəlxalq PEN-Klub-un mövqeyinə gəlincə: "PEN-Klub Azərbaycan" bu təşkilatın filialı deyil və bu qurumun maraqlarını təmsil etmir. Bizim bu qurumla münasibətlərimiz müəyyən mənada gərgindir, çünki bu qurumun bəzi məsələlərdə mövqeyi Azərbaycanın maraqlarına ziddir. Biz Azərbaycana və onun yazıçıları, ziyalılarının maraqlarına xidmət edirik.
Mən jurnalistə informasiyanı təqdim etməyin elementar qaydalarını xatırlatmaq istəyirəm. Bu "araşdırma"nın müəllifi bizim mövqeyimizi öyrənməyə lüzum görməyib. Bu qeyri-peşəkarlıqdır. İstərdik ki, əcnəbi mövqeni böyük məmnuniyyətlə öyrənən jurnalist, şayiələrə münasibətdə daha məsuliyyətli davransın.

 

Bununla yanaşı mən belə bir təşkilatın və orada fəaliyyət göstərən insanların nüfuzunu "qaralamaq" istəyən azərbaycanlı jurnalisti heç vaxt başa düşə bilmərəm və belə mövqe nümayiş etdirmək ən azı ayıbdır. O, "PEN-Klub Azərbaycan"a qeyri-obyektiv münasibət göstərən İngiltərə PEN-Klubunun bu mövqeyini tənqid etsəydi bu vətənpərvər jurnalistin uğuru olardı".

 

Komanda.az-ın şərhi: Natiq Rəsulzadə təkzib məktubunda bildirir ki, Azərbaycandakı təşkilatın beynəlxalq Pen-Klubla münasibətləri gərgindi. Onu da vurğulayır ki, "Pen-Klub Azərbaycan" müstəqil təşkilatdı və beynəlxalq təşkilatın filialı deyil. Yəni Azərbaycandakı klubun Avropadakı kluba heç bir aidiyyatı yoxdu. Elə isə Çingiz Abdullayev hansı əsasla bildirirdi ki, beynəlxalq təşkilat onunla əlaqə saxlayıb, hansısa müraciətə qol çəkməsini tələb edib? Natiq Rəsulzadə guya peşəkardı. Jurnalisti ittiham edib. Deyib ki, araşdırma apararkən onların da mövqeyini öyrənməliymiş. Başa düşülmür, jurnalist "Pen-Klub Azərbaycan"ın prezidentinin dediklərinə bu təşkilatın vitse-prezidentindənmi münasibət öyrənməliydi, yoxsa beynəlxalq təşkilatdan? Axı Çingiz Abdullayev beynəlxalq təşkilatla münasibətlərdən danışmışdı, Natiq Rəsulzadə ilə əlaqələrindən yox.

 

Qeyri-peşəkarlıq Çingiz Abdullayevin və Natiq Rəsulzadənin açıqlamalarıdı. Biri beynəlxalq təşkilatın adından yalan danışaraq, özünü qəhrəman kimi qələmə verməyə cəhd edib, biri isə guya təkzib verib, amma öz prezidentini biabır edib.

 

Komanda.az


Digər xəbərlər

Xəbər xətti