Binə Atçılıq Mərkəzində polo üzrə Avropa çempionatı davam edir. Sportarena.az xəbər verir ki, bu gün 4-cü turun görüşləri keçirilib.
Yarışın bu mərhələsi əvvəlki 3 turda olduğu kimi qapalı manejdə deyil, açıq havada, yaşıl örtüklü meydanda baş tutub. İlk olaraq meydana Azərbaycan və İsveçrə komandaları çıxıblar. Görüş millimizin 11:6 hesablı qələbəsi ilə başa çatıb.
Ardınca İtaliya komandası Almaniya poloçuları ilə üz üzə gəlib. Qarşılaşmada Almaniya təmsilçisi 5:3 hesabı ilə qələbə qazanıb. 4-cü turda keçirilən son oyunda meydana İrlandiya və İspaniya komandaları çıxıblar. Bu dəfə sevinən tərəf İrlandiya millisi olub - 8:6.
Beləliklə də 4 turdan sonar 100 faizlik nəticə göstərən Azərbaycan seçməsi ən pis halda ikinci yeri təmin edərək Avropa çempionatının final oyununa vəsiqə qazanıb. Sabah keçiriləcək sonuncu 5-ci turda komandamız İspaniya seçməsi ilə qarşılaşacaq. Oyun saat 18:00-da başlayacaq. Buna qədər isə saat 17:00-da meydana Almaniya və İsveçrə komandaları çıxacaqlar. Avropa çempionatının 5-ci turuna saat 19:15-də start götürəcək İtaliya - İrlandiya oyunu ilə yekun vurulacaq.
Avropa çempionatının finalı sentyabrın 12-si saat 20:30-da başlayacaq. Həlledici oyunda seçməmizin rəqibi, 5-ci turun nəticələrinə əsasən bilinəcək.