"Bu gün problemli mövzumuz odu ki, “Xəzər Lənkəran” haqsızlıqla üzləşib. 2014-cü il 21 oktyabrda FİFA-nın qərarı bizə ünvanlanıb ki, növbəti iki ardıcıl qeydiyyat dövründə həm yerli, həm xarici futbolçuların qeydiyyatı qadağa olunsun".
Sportarena.az "apasport.az" saytına istinadən xəbər verir ki, bunu “Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib. Bu gün “Hilton” otelində “Xəzər Lənkəran” klubunun mətbuat konfransı keçirilib. Jurnalistlər görüşdə cənub təmsilçisinin vitse-prezidenti Tuyqun Nadirov, klubun hüquq məsləhətçisi Ramil Cahangirov və mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu iştirak ediblər.
FİFA-nın “Xəzər Lənkəran”a tətbiq etdiyi transfer qadağası ilə bağlı danışan Nadirov bunları deyib: "2014-cü ildə çıxarılan qərar 2010-cu il reqlamentinə əsasən çıxarılıb. Orda qeyd olunub ki, şikayət 2011-ci ilin noyabrın verildiyinə görə, “Xəzər Lənkəran”a 1 il əvvəlin reqlamenti tətbiq olunub. Orda göstərilib ki, 2 “transfer pəncərəsi”ndən sonra növbəti “transfer pəncərəsi”nə kimi klub futbolçu sifariş edə bilər. Buna da əsaslanıb, heyətimizə bir neçə yerli və əcnəbi futbolçular qatdıq, müqavilələr imzalandı. Əfsuslar olsun ki, AFFA tərəfindən 26 avqustda FİFA-ya məktub göndərilib. Orda sorğu göndərilib ki, “Xəzər Lənkəran” azad agent statusu daşıyan futbolçuları qeydiyyata sala bilər, ya yox? FİFA-dan cavab gəlmişdi ki, yeni oyunçuları transferi yeni qeydiyyat dövrü başa çatandan sonra ola bilər. Bu, haqsızlıqdı. Hamımız bilirik ki, qanun çıxar dövrdən ondan sonrakı zamanı əhatə edə bilər. Biz də öz növbəmizdə bununla bağlı FİFA-ya müraciət etmişik. FİFA-nın hüquq məsələləri üzrə direktoru Mark Villeger tərəfindən bizə məktub gəlib. Orda qeyd edirlər ki, FİFA-nın məqsədi odu ki, sanksiya tətbiq etməklə klub zəifləsin, oyunlara zəif heyətlə çıxsın".
Daha sonra klubun hüquq məsləhətçisi Ramin Cahangirov çıxış edib: "FİFA-nın bizə göndərdiyi məktuba əsasən, qadağa bu mövsümə də şamil olunacaq. Maraqlıdı ki, onlar vurğulayıblar ki, bu qərarın əsas məqsədi klubu zəiflətməkdi. FİFA-nın qərarına əsasən, qadağa növbəti transfer dövrünün sonuna - yəni qışa kimi tətbiq olunacaq. "Xəzər Lənkəran" FİFA-nın qərarı ilə bağlı İdman Arbitraj Məhkəməsinə müraciət edəcək".
Ardından Nadirov jurnalistlərin suallarını cavablandırıb.
- “Xəzər Lənkəran”ın yeni transferlərinin aqibəti necə olacaq?
- Bizə sanksiya 2010-cu il reqlamenti ilə tətbiq olunub. Əlbəttə ki, FİFA-nın bu kimi ədalətsizliyi klubu pis vəziyyətdə qoyur. Bilirsiz ki, avqustda 3 oyun keçirdik və gənc heyət əlindən gələni etdi. Təbii ki, baş məşqçi iş planını qurmuşdu ki, yeni transferlər heyətə qatılacaq. Dünən bu qərar çıxandan sonra həmin futbolçularla da söhbət etmişik. “Qarabağ”la oyundan sonra onlarla bir daha danışacağıq. Oyunçular da səbr edib, ayın sonuna kimi gözləyərlər. Xaricdə futbolçular var ki, 6 ay gözləyirlər ki, yeni komandalarında oynasınlar. Mən bizim futbolçuları da başa düşürəm. Milli üzvləri var, praktikaları olmalıdı. Biz haqlı olduğumuzu bilirik. Bunu sübut edən sənədlər var. Məncə, sentyabrın sonuna kimi bu məsələ həll olunacaq. AFFA da bu məsələyə biganə qalmır, bizə dəstək olurlar. Maraqlanırlar ki, bu nə məsələdi? Onlar bizə haqq qazandırmasaydılar, məsələyə müdaxilə etməzdilər. Avropa Klublarının Assosiasiyası adlı təşkilat var, biz oranın üzvüyük. Oranın hüquqşünası da bu işlərdə bizə haqq qazandırır. Amma onlar FİFA-ya birbaşa məktub ünvanlaya bilməzlər. 6 xal söhbəti olanda da FİFA bizim tələbimizi qəbul etmirdi. Amma o təşkilata müraciət edəndən sonra FİFA səhvini etiraf etdi, amma yenə də olan “Xəzər Lənkəran”a oldu.
- Vüqar Nadirov və Ruslan Abışovun adı “Neftçi” ilə yanaşı hallanır...
- Vüqar da, Ruslan da, Rəşad Eyyubov da, onlar “Xəzər Lənkəran”la birgə məşq edirlər. “Qarabağ”la görüşdən sonra bu futbolçularla söhbət edəcəyik. Bizə zaman lazımdı ki, bu prosedur baş tutsun, məktubların ünvanlanması var. Biz FİFA-ya məktub göndərmişik, onlar isə dünən iş saatının sonunda bizə məktub ünvanlayıblar. Yəni iki gün itirdik. Məncə, bu məsələ 10 gündən çox çəkəcək. Bu ayın sonuna kimi 3 tur var. Təbii ki, komanda üçün bu, ağır dönəmdi. Çalışdığımız odu ki, yekun qərar kimi CAS qəbul etsin. Ola bilsin, transfer qadağası onda götürülsün. Son qərar çıxmamış da bu sanksiya durdurula bilər.
- FİFA-nın “Xəzər Lənkəran”a qarşı nə qərəzi ola bilər?
- Avropada bütün dəyərlər qanuna söykənir. Qanun onu göstərir ki, “Xəzər Lənkəran” 31 avqustdan sonra azad agent statusu daşıyan oyunçuları heyətinə qata bilmir. Amma biz bunu edə bilmiriksə, deməli, qərəz var. Təbii ki, söhbət şəxsi qərəzdən getmir. Sadəcə, deyirlər ki, belə qərar qəbul etmişik, belə də olmalıdı. Veldin Muharremoviç 2011-ci ilin noyabrında bizdən şiakyət edib, 125 min dollar təzminat tələb edib. Biz isə demişik ki, bu, absurd məsələdi. Onunla yollar ayrılıb, heç bir rəsmi oyunda iştirak etməyib. Bundan sonra FİFA 125 min dollarlıq maddi iddianı ləğv etmişdi. Amma həm də qərar çıxarmışdı ki, 2 transfer dönəmində transferlərdən məhrum olaq. Dünyanın aparıcı futbol klublarına da bəzən sanksiyalar qoyulur və bunun səbəbi bəzən heç də ədalətli olmur. Çalışmalıyıq ki, haqqımızı hüquq müstəvisində tələb edək.
- Qalin İvanovun məsələsi nə yerdədi?
- İvanov bizdən, biz də ondan şikayət etmişdik. FİFA onun xeyrinə qərar çıxarmışdı. Qərar var və biz buna hörmətlə yanaşırıq. Əgər mübahisə varsa, Arbitraj Məhkəməsinə veririk, yoxdusa razılaşırıq. Transfer qadağı məsələsi ilə bərabər, bu məsələ də qaldırıldı. Biz buna düz baxmırıq.
- Sizə elə gəlmir ki, klubda transfer işləri ilə məşğul olan şəxsin qeyri-peşəkarlığına görə vəziyyət bu həddə gəlib çıxıb?
- Son 3 mövsüm dövründə 30-dan çox futbolçu transfer etmişik. Bilirsiz ki, yeni məşqçi gələndə, yeni futbolçular istəyir. Sonra gələn məşqçi isə bu futbolçularla işləmək istəmədiyini bildirir. Biz isə baş məşqçi nə istəyirsə, onu edirik. 30 futbolçudan 2-3-ü ilə aramızda mübahisə yaranmasında qeyri-adi məsələ yoxdu. Təkcə “Xəzər Lənkəran” yox, digər klublarımız da bu halla üzləşirlər. Problem odu ki, Azərbaycanda mübahisə məsələsinə federasiya səviyyəsində baxılmalıdı. Halbuki, bu məsələlərə FİFA-da baxılır. Yaxşı olar ki, məsələ birinci klubla AFFA arasında müzakirə olunsun. Əfsuslar olsun ki, bizdə bir şey olanda birbaşa məsələ çıxır FİFA-ya. Belə olanda isə klubun imicinə təsir edir, vaxt uzanır. FİFA-da oturan adam çıxardığı qərarı dəyişmək həvəsində deyil. O gözləyir ki, Arbitraj Məhkəməsi ona sorğu göndərsin, bundan sonra səhvini etiraf etsin. Biz deyə bilmərik ki, İvanov zəif futbolçu idi. Əgər onlar keyfiyyətsiz olsaydı, bu başqa məsələ. Bizdə transfer işini birbaşa baş məşqçinin özü həyata keçirir.
- Eder Bonfimlə bağlı CAS-a şikayət etmişdiz. O məsələnin axırı necə oldu?
R.C: - CAS məsələyə baxıb. Yaxın vaxtlarda qərar açıqlanacaq.
- Niyə belə hallar Azərbaycan klublarından ancaq “Xəzər Lənkəran”ın başına gəlir?
- Mən sizinlə razılaşmıram. Məsələ olub ki, biz FİFA-da uduzmuşuq, CAS-da qalib gəlmişik. Məsələ də olub ki, əksinə CAS-da uduzmuşuq. Bu vəziyyətlə təkcə bizim üzləşdiyimizi demək olmaz. Təbii ki, legioner futbolçu gətirməyən komanda belə vəziyyətlə üzləşməz. Buna görə, bizim bəzi klublarımız eyni halı yaşamırlar. FİFA 6 xal məsələsində o vaxt yanlış qərarına görə bizdən üzr istədi. İnanırıq ki, bu dəfə də haqq-ədalət öz yerini tapacaq. İş olan yerdə belə hallar da olur.