Premyer Liqanın IV turunun açılış oyununda Gəncədə "Kəpəz"in qonağı olan AZAL növbəti məğlubiyyətə üzülüb. Sportarena.az xəbər verir ki, cəzalı Tərlan Əhmədovun yoxluğunda komandanı meydana çıxaran köməkçi məşqçi Vadar Nuriyev 0:1 hesabı ilə məğlub olduqları görüş haqda fikirlərini açıqlayıb:
"Oyuna yaxşı hazırlaşmışdıq. Gəncədə qalib gəlmək istəyirdik, amma alınmadı. Düşünürəm ki, nəticə oyuna görə olmadı. Futbolçulardan razıyıq. Sadəcə, təcrübəsizlik var. Bunu aradan qaldırmaq lazımdır. Komanda geridə qalan 4 oyunda qələbə qazanmasa da, biz aşkar autsayder deyilik".