"Fasilədən sonra keçirilən ilk oyunda azarkeşlərimiz bizi dəstəklədilər. Oyuna heç də yaxşı əhval-ruhiyyədə çıxmamışdıq. Bildiyiniz kimi, məlum səbəblərə görə yeni transferlərimizi oynada bilmədik. Skarlatake və Elşən Rzazadə cəza səbəbindən meydançaya çıxa bilmədilər".
Sportarena.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov deyib. Təcrübəli mütəxəssis Premyer Liqanın IV turunda "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları oyun haqda fikirlərini açıqlayıb:
"Gənc oyunçularımız isə döyüşdülər. Çalışacağıq ki, həmin gənclərlə qışa qədər vacib oyunları layiqli şəkildə oynayaq. Heyətimiz çox kasaddır. Hətta əvəzetmələr edə bilmirdim. Düşünürəm ki, vaxt keçdikcə yaxşı olacaq. Hər oyun futbolçunun təcrübəsinin artması deməkdir. Vurğulayım ki, komandanı toplamaqda əziyyət çəkmişdik. Çox istəyirdim ki, həmin o kollektivlə “Qarabağ”a qarşı oynayaq. Bax o zaman “Xəzər Lənkəran”ın necə komanda olduğunu görərdiniz. Təəssüflər olsun ki, belə alındı".