"Qəbələ"nin hücumçusu Aleksey Antonov Azərbaycan Premyer Liqasının 4-cü turunda “İnter”ə uduzduqları görüşdən (1:2) sonra jurnalistlərin suallarını cavablandırıb. Sportarena.az həmin müsahibəni təqdim edir:
- “Qəbələ” cari mövsüm ilk məğlubiyyətini aldı. Oyun haqda nə deyə bilərsən?
- Qarşılaşmanın gedişində müəyyən səhvlər buraxdıq. Buna görə də yekunda məğlub olduq. “İnter”lə matçda yaxşı oynadığımızı söyləmək olmaz.
- Bəlkə komanda əsas gücünü Avropa Liqasının qrup mərhələsində qarşılaşacağınız PAOK-la oyuna saxladı.
- Yox. Biz yalnız “İnter”lə oyunu düşünürdük. Birinci hissədə ardıcıl 2 qol buraxdıq və bu komandaya pis təsir etdi. İkinci hissədə çox çalışsaq da, toparlana bilmədik.
- Səncə, bu məğlubiyyət PAOK-la oyunda komandaya psixoloji cəhətdən problem yarada bilər?
- Bu oyunu unutmalıyıq və buraxdığımız səhvləri götür-qoy etməliyik.
- Bir neçə gün əvvəl Ukrayna mətbuatına verdiyin müsahibədə azərbaycanlı jurnalistlər haqda səsləndirdiyin fikirlər böyük səs-küyə səbəb olub. Bundan xəbərin var?
- Mən müsahibəmdə azərbaycanlı jurnalistlər haqda pis söz deməmişəm.
- Amma sənin dediyin sözləri bütün jurnalistlər özünə götürüb.
- Niyə? Orada mən konkret bir sual haqda danışmışam.
- Axı bütün jurnalistləri qeyri-peşəkarlıqda ittiham etmisən...
- Elə söz deməmişəm. Jurnalistlər barədə konkret fikir bildirməmişəm.
- Xəbərin var ki, sosial şəbəkələrdə əksər jurnalistlər səni boykot etmək istədiklərini yazıblar.
- Bu sizin haqqınızdır. Amma yenə deyirəm ki, mən heç kimi incitmək istəməmişəm. Sadəcə, oyunumla bağlı verilən sual xoşuma gəlməyib.
- Düşünürsən ki, jurnalistlər oyununla bağlı sənə sual verə bilməz?
- Məsələ burasındadır ki, bu, həmin anda mənə sual formasında deyilməmişdi. Jurnalist əminliklə oyunum haqda mənfi fikir səsləndirdi.
- Jurnalistin futbolçuya “niyə pis oynadın” sualını ünvanlamağa haqqı çatmır?
- Axı mən jurnalistlərin işini qiymətləndirmirəm.
- Bizim işimiz bu və ya digər futbolçunun oyununa qiymət verməkdir...
- Belə çıxır mən də sizin işinizə qiymət verə bilərəm. Mənə qalmaqal lazım deyil. Təkrar edirəm ki, heç kimi incitmək istəməmişəm. Mən heç kimi küsdürmək və ya təhqir etmək fikrində olmamışam.
- Deməli, Aleksey Antonovun azərbaycanlı jurnalistlərlə heç bir problemi yoxdur?
- Əlbəttə ki, yox. Birinci dəfə deyil ki, sizə müsahibə verirəm. Sizin haqqınızda heç yerdə pis söz danışmamışam və azərbaycanlı jurnalistlərin pis olduğunu da düşünmürəm. (qol.az)