FİFA-nın "Xəzər Lənkəran"a göndərdiyi sənədlər - FOTOLAR

13:59 14 Sentyabr 2015

Ötən həftə FİFA tərəfindən tətbiq olunmuş transfer qadağası ilə bağlı keçirilən mətbuat konfransında "Xəzər Lənkəran" klubu tərəfindən ictimaiyyətə bir sıra sənədlər təqdim olunmuşdu. Sportarena.az "apasport.az"a istinadən həmin sənədlərin əsillərini və izahatlarını diqqətinizə çatdırır.

 

* 28 avqust 2015-ci il tarixdə FİFA tərəfindən AFFA-ya göndərilən və 8 sentyabr tarixində AFFA tərəfindən “Xəzər Lənkəran” Futbol Klubuna təqdim edilən məktubda bildirildi ki, “Xəzər Lənkəran” Futbol Klubunun “yeni oyunçuları qeydiyyatdan keçirməsi yalnız yeni qeydiyyat dövrünün başlanmasından sonra mümkün olacaq”. FIFA-nın Hüquqi Məsələləri üzrə direktoru Mark Villiger və Oyunçuların Statusu and İdarəetmə üzrə rəhbəri Omar Onqaro tərəfindən imzalanan məktubda FIFA-nın Oyunçuların Statusu və Transferi Reqlamentinin 17-ci maddəsinin 4-cü bəndinə istinad olunur. (Əlavə № 1)

 

* Məktub kluba daxil olan gün, yəni 8 sentyabr 2015-ci il tarixdə “Xəzər Lənkəran” Futbol Klubu tərəfindən FIFA-ya yollanan məktubda qeyd edilmişdir ki, FIFA Mübahisələrin Həlli Palatasının qərarının II fəslinin 3-cü bəndinə əsasən məsələyə FIFA-nın Oyunçuların Statusu və Transferi Reqlamentinin 2010-cu il buraxılışı tətbiq edilmişdir. Reqlamentin həmin buraxılışında isə cəza müddətinin yeni transfer pəncərəsi açılana qədər davam etməsi haqqında müddəa yoxdur. Sonda FIFA-dan 31 avqust 2015-ci il tarixdən etibarən klubun öz heyətinə azad statuslu oyunçu cəlb etmək hüququnun tanınması xahiş edilmişdir. (Əlavə № 2)

 

* Qərardan çıxarış:

Bundan əlavə Palata hansı Reqlamentin məsələnin mahiyyətinə tətbiq olunmalı olduğunu təhlil etdi. Bununla əlaqədar Palata təsdiq edir ki, Oyunçuların Statusu və Transferi Reqlamentinin 26-cı maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən (2010 və 2012 buraxılışları) və iddianın 12 noyabr 2011-ci ildə qaldırıldığını nəzərə alaraq hazırkı məsələyə qeyd olunan Reqlamentin 2010-cu il buraxılışı (bundan sonra: Reqlament) tətbiq edilməlidir. (Əlavə № 3)

 

Köhnə reqlament:

4. Təzminat ödəmək öhdəliyindən əlavə müqavilə pozan və ya mühafizə müddəti ərzində müqavilənin pozulmasına səbəb olan istənilən kluba idman sanksiyaları tətbiq edilməlidir. Prezumpsiya olaraq qəbul edilir ki, əksi sübut edilənə qədər, müqaviləsinə əsaslı səbəbsiz xitam verən peşəkar futbolçunun klubu həmin peşəkar futbolçunun müqaviləni pozmasına səbəb olmuşdur. Klub iki qeydiyyat dövrü ərzində istər yerli, istər əcnəbi olan heç bir yeni futbolçunu qeydiyyatdan keçirə bilməz. (Əlavə № 4)

 

Yeni reqlament:

4. Təzminat ödəmək öhdəliyindən əlavə müqavilə pozan və ya mühafizə müddəti ərzində müqavilənin pozulmasına səbəb olan istənilən kluba idman sanksiyaları tətbiq edilməlidir. Prezumpsiya olaraq qəbul edilir ki, əksi sübut edilənə qədər, müqaviləsinə əsaslı səbəbsiz xitam verən peşəkar futbolçunun klubu həmin peşəkar futbolçunun müqaviləni pozmasına səbəb olmuşdur. Klub iki ardıcıl və tam qeydiyyat dövrü ərzində istər yerli, istər əcnəbi olan heç bir yeni futbolçunu qeydiyyatdan keçirə bilməz. Klub istər yerli, istər əcnəbi yeni futbolçuları yalnız müvafiq idman sanksiyasına tam əməl etdiyindən sonra gələn qeydiyyat dövründən etibarən qeydiyyatdan keçirə bilər. Xüsusilə, klub bu Reqlamentin 6-cı maddəsinin 1-ci bəndində qeyd olunan istisnalar və müvəqqəti tədbirlərdən də yeni oyunçuların qeydiyyatı üçün istifadə edə bilməz. (Əlavə № 5)

 

11 sentyabr 2015-ci il tarixdə, iş həftəsinin son saatlarında FIFA tərəfindən “Xəzər Lənkəran” Futbol Klubuna faks daxil olmuşdur. Həmin məktubun mətni aşağıdakı kimidir:

 

Biz məsələyə qayıdırıq və sizin 8 sentyabr 2015-ci il tarixli məktubunuzu aldığımızı bildiririk ki, həmin məktubun məzmunu bizim diqqətimizi tam olaraq cəlb etdi.

 

Bununla əlaqədar olaraq, biz anladıq ki, bizim 28 avqust 2015-ci il tarixli məktubuzda olan mövqeyimizə yenidən baxmağınız sizin tərəfinizdən xahiş olunur. Həmin məktuba əsasən sizin klub yalnız AFFA tərəfindən müəyyən edilmiş növbəti transfer pəncərəsindən etibarən yeni oyunçuları qeydiyyatdan keçirə biləcək.

 

Lakin, təəssüflə sizə məlumat veririk ki, sizin məktubunuzun əsasında vəziyyətə fərqli yanaşmağa heç bir element görmürük. Ona görə də biz öz öncəki mövqeyimizə istinad edirik və aşağıda qeyd olunanları diqqətinizə çatıdırırıq.

 

Biz qeyd etməliyik ki, FIFA-nın Oyunçuların Statusu və Transferi Reqlamentinin 17-ci maddəsinin 4-cü bəndinə göstərilən sanksiyanın həm 2010 buraxılışında, həm hazırkı buraxılışda məqsədi məsələsinə baxılan klubun yeni oyunçuların qeydiyyatının qadağan olunduğu qeydiyyat dövründən sonrakı çempionat üçün yenidən güclənə bilməməsidir. Bundan əlavə, belə qeydiyyat qadağasının tam əməli effekti məhz müvafiq yarışlarda klubun yarış qabiliyyətinə təsir edilməsidir. Digər tərəfdən Reqlamentin 6-cı maddəsinin 1-ci bəndində qeyd olunan istisnalar işsiz futbolçulara lazımi köməkliyin göstərilməsini təklif edir və şübhəsiz ki, qeyd olunan istisnanın məqsədi Reqlamentin 17-ci maddəsinin 4-cü bəndində göstərilən cəzanın mahiyyətini azalda bilməz.

 

Yekun olaraq, biz düşünürük ki, kluba 6-cı maddənin 1-ci bəndində nəzərdə tutulan istisnadan (işsiz oyunçuların mühafizəsi) idman sanksiyasının nəticələrindən yayınmaq üçün istifadə etməklə davam edən mövsüm üçün yeni oyunçuların qeydiyyatına icazə verilə bilməz, çünki istər Reqlamentin indiki, istər 2010 buraxılışın 17-ci maddəsinin 4-cü maddəsinin məqsədi məhz budur. 2010 Reqlamentində olan müddəanın sözlərinə o məqsədlə əlavələr edilmişdir ki, onun izahı zamanı anlaşılmazlıqların qarşısı alınsın və bəlli olan məna onun ruhu və məqsədini dəyişmədən təsdiq edilsin.

 

Yekun olaraq, xahiş edirik nəzərə alasınız ki, bütün yuxarıda qeyd olunan fikirlər ümumi xarakter daşıyır və qərəzsizdir.

 

Biz sizin vəziyyətə dair anlayışınıza və bu ümumi nöqteyi nəzərlərin məsələni aydınlaşdırdığına inanırıq.

 

Hörmətlə,

FIFA

Marko Villiqer Omar Onqaro

Hüquqi Məsələlər üzrə Direktor Oyunçuların Statusu və

İdarəetmə üzrə rəhbər

Surəti: AFFA-ya (Əlavə № 6)

 


Digər xəbərlər

Xəbər xətti