"Uşaqlar bunun üçün çox tərləməli olacaqlar" - "Qəbələ"nin yeni transferi

15:40 14 Sentyabr 2015

"Qəbələ"nin yeni hücumçusu Vüqar Nadirov azerisport.az saytının suallarını cavablandırıb. Sportarena.az həmin müsahibəni təqdim edir.

 

- Yeni kluba keçidinizlə bağlı nə deyə bilərsiniz?

- Düzünü desəm, "Xəzər Lənkəran"dan getmək istəmirdim. Lənkərana böyük ümidlərlə getmişdim. Böyük planlarımız var idi. Məni də komandada yaxşı qarşılamışdılar. Xüsusilə də azarkeşlər.

 

- "Qəbələ"nin baş məşqçisinin sizi komandasında görməyi çox istədiyi bildirilir...

- Bəli. Mən hətta "Xəzər Lənkəran"a keçərkən də Roman Qriqorçuk mənimlə maraqlanırdı. Belə bir mütəxəssisin mənim xidmətimdə maraqlı olması çox xoşdur. "Qarabağ"dan ayrılandan sonra Avropa Liqasında çıxış edən bir kluba keçmək çox sevindiricidir.

 

- "Qəbələ"də legionerlər çoxdur və rəqabət yüksəkdir...

- Bunu mən də bilirəm. Başa düşürəm ki, əsas heyətə düşmək uğrunda çox ciddi rəqabət olacaq. Amma mən əsas heyət üçün rəqabətdən çəkinmirəm.

 

- Yeni komandanız bu mövsüm "Qarabağ"la çempionluq uğrunda mübarizə aparmaq istəyir...

- Ona görə də bu mövsüm çox maraqlı olacaq. "Qəbələ"yə "Qarabağ"la çempionluq mübarizəsində kömək etməyə çalışacağam.

 

- Qarşıda PAOK-la oyun var...

- Uşaqlara uğurlar arzulayıram. Təəssüf ki, komandama qrup mərhələsində kömək edə bilməyəcəyəm. Çünki sifariş vərəqəsi UEFA-ya təqdim olunub və mən gecikmişəm. Ümid edirəm ki, pley-off mərhələsində mən də oynaya biləcəyəm. Uşaqlar belə bir uğura imza atmaq üçün çox tərləməli olacaqlar. Qrupumuz asan deyil. Amma bu qrupdan çıxmaq olar.


Digər xəbərlər

Xəbər xətti