Gənclər və idman naziri Azad Rəhimov Akif İsmayılovun Tofiq Bəhramov adına Respublika stadionunun direktoru vəzifəsindən istefasına münasibət bildirib. Sportarena.az xəbər verir ki, nazir "Report"a açıqlamasında İsmayılovun səhhətindəki problemlərlə əlaqədar öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunduğunu söyləyib.
Onun sözlərinə görə, hələlik yeni təyinat gerçəkləşməyib: "Biz müsabiqə elan etmişik. Bunun əsasında kimin təyin olunacağını biləcəyik. Üstəlik, stadionun icarədarı "Qarabağ" klubu ilə danışıqlar aparırıq. Yeni təyinatda onların da rolu olacaq".
Nazir "Qarabağ"ın oktyabrın 1-də Belçika "Anderlext"i ilə keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin II tur matçına hazırlaşan Respublika stadionunun ot örtüyündə hər şeyin qaydasında olduğunu və işlərin getdiyini də əlavə edib.