"Xanıma qarşı kişilərdən ehtiyatlı oynamaq lazımdı" - Şəhriyar Məmmədyarov

10:40 15 Sentyabr 2015

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun 1/32 final mərhələsinin ilk oyununda təmsilçimiz Şəhriyar Məmmədyarov çinli Hou Yifanla heç-heçə oynayıb. Sportarena.az xəbər verir ki, qrossmeysterimiz rəqibinin fərqli oyun nümayiş etdirdiyini açıqlayıb.

 

O, Dünya Kubokunun mətbuat xidmətinə bildirib ki, qarşılaşmanın gedişində çox maraqlı vəziyyət yaranıb: "Düşünürdüm ki, rəqib bir gediş etməklə heç-heçəyə oynayacaq. Vəziyyətə görə heç-heçə mənim üçün də rahat olardı. Amma rəqib fərqli oynadı. Bundan sonra vəziyyəti təhlükəli görürdüm. Bir sözlə, maraqlı vəziyyət idi. Rəqibim də yaxşı oynadı. Sona yaxın gördüm ki, qələbə qazanmaq üçün şans çox azdı. Bir epizodda yalandan tez oynadım ki, guya nəsə görürəm. Amma əslində heç nə görmürdüm".

 

"Rəqibin xanım olmasının sənin üçün hansısa fərqi var” sualını qrossmeysterimiz belə cavablandırıb: “Baxır xanıma. Mənim rəqibim dünya çempionudu. Ən güclü qadın şahmatçısı ilə oynayıram. Belə xanım şahmatçıya qarşı kişilərdən daha çox ehtiyatlı oynamaq lazımdı".

 

Qeyd edək ki, bu gün Şəhriyar Məmmədyarovla Hou Yifan arasında ikinci görüş keçiriləcək. Bu dəfə Məmmədyarov ağ fiqurlarla mübarizə aparacaq. Görüş saat 15-də start götürəcək.


Digər xəbərlər

Xəbər xətti