Fariz Nəcəfovun metro etirafı: "Düzdür, bunu nəzərə almamışıq"

14:25 17 Sentyabr 2015

Bu gün Avropa Liqasının qrup mərhələsində "Qəbələ" və "Qarabağ" ilk oyunlarını keçirəcək.

 

Sportarena.az xəbər verir ki, "Qarabağ" İngiltərənin paytaxtı Londonda "Tottenhem"lə qarşılaşacağından, ölkə daxilində əsas azarkeş marağı "Qəbələ"nin Yunanıstan PAOK-u ilə keçirəcəyi görüşə yönəlib.

 

"Bakcell Arena"da keçiriləcək oyunun saat 22:00-da start götürəcəyini nəzərə alsaq, azarkeşlər matçdan sonra problemlə üzləşə bilər. Bakıda ən çox istifadə edilən ictimai nəqliyyat vasitəsi metro saat 24:00-dək fəaliyyət göstərir. Oyunun keçiriləcəyi stadiona ən yaxın metrostansiyalar "Xalqlar Dostluğu" və "Neftçilər"dir ki, bu da ən azı 10-15 dəqiqəlik məsafədə yerləşir. Yəni, azarkeşlərin evinə metro ilə qayıtmaq istəyi alınmayacaq. Nəticədə stadionu ya taksi, ya gecə yarısı hərdən bir gələn avtobus, ya dost-tanışa məxsus avtomobillərlə, ya da 10-15 dəq tez tərk etmək lazım gələcək.

 

Tofiq Bəhramov adına Respublika Stadionunda milli komandanın oyunu keçirilən zaman "Bakı Metropoliteni" QSC iş qrafikini yarım saat və ya 1 saat müddətində artırır. Lakin bu gün iş qrafikinin artırılması planda yoxdur. Bu barədə "Report"a açıqlamasında "Bakı Metrpoliteni"nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

 

Təbii ki, metropolitenin iş qrafikini müəyyən müddətə artırması üçün klub tərəfindən müraciət olunmalıdır. "Qəbələ"dən isə belə müraciət edilməyib. Klubun vitse-prezidenti Fariz Nəcəfov "Report"a açıqlamasında bu məqamı nəzərə almadıqlarını etriaf edib: "Düzü, "Bakı Metropoliten"inə müraciət etməmişik. Amma bu oyunda azarkeşlərin metroya çatmasında problem yaşanarsa, növbəti ev oyunumuzda bu amili nəzərə alacağıq".

 

Onu da qeyd edək ki, "Qəbələ" ikinci ev oyununu oktyabrın 22-də Almaniyanın "Borussiya" (Dortmund) klubuna qarşı keçirəcək. Görüş saat 20:00-da başlayacağından, matçdan sonra heç bir nəqliyyat problemi yaşanmayacaq. Lakin dekabrın 10-da keçiriləcək Rusiya "Krasnodar"ı ilə sonuncu ev oyunu yenə saat 22:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti