"Qarabağ" qrupdan çıxa bilər, "Qəbələ" bura təsadüfən gəlmədiyini sübut etdi" - MÜSAHİBƏ

16:09 18 Sentyabr 2015

"Kəpəz"in sabiq baş məşqçisi, futbol mütəxəssis Vidadi Rzayevin Sportarena.az saytına müsahibəsi

 

- Dünən təmsilçilərimiz "Qarabağ" və "Qəbələ" Avropa Liqasının qrup mərhələsində ilk oyunlarına çıxdılar. Yəqin ki, hər iki görüşü izləmisiz...

- "Qarabağ"ın oyununa axıra kimi baxdım. "Qəbələ" - PAOK görüşünün isə sadəcə son 15 dəqiqəsini izləyə bildim.

 

- Başlayaq "Qəbələ"dən. Komandamızın qrup mərhələsindəki debütü haqda nə deyə bilərsiz?

- Ümumiyyətlə, son vaxtlar "Qəbələ"də müsbət dəyişikliklər çoxdur. İkinci cəhdlərində Avroliqanın qrup mərhələsinə qalması artıq çox şeydən xəbər verir. Yeri gəlmişkən, bu münasibətlə klub rəhbərliyini təbrik edirəm. "Qəbələ"nin təsnifat mərhələsindəki bütün oyunlarına baxmışam. Sadəcə, dünənki görüşü işlərimlə bağlı tam izləyə bilmədim. Amma gördüyüm qədərilə, komanda rəqibə qarşı başabaş mübarizə apardı.

 

- Bu oyundan sonra "Qəbələ"nin qrupa təsadüfən düşmədiyini söyləmək olarmı?

- "Qəbələ" qrupa təsadüfən düşməyib. Onlar "pley-off"da "Panatinaikos" kimi komandanı keçdilər. Heç kim deyə bilməz ki, "Qəbələ" qrupa təsadüf nəticəsində düşüb. Onlar bunu öz oyunları ilə bunu bacarıblar. "Qəbələ" qrupa düşməyə layiq idi.

 

- Sizcə, 2 xalı hansı tərəf itirdi?

- Heç-heçə ədalətli nəticə idi. PAOK kimi komanda ilə oynamaq asan deyil. Ancaq ilk dəfə qrupa düşmək və bu cür çıxış etmək alqışalayiqdir.

 

- Qrup mərhələsində də "Qəbələ"dən uğur gözləməyə dəyərmi?

- Mən proqnoz verməyi bacarmıram. Həmişə səhv çıxır. Desəm ki, "Qəbələ" bundan sonra bütün oyunları uduzacaq, proqnozum səhv gələcək. Allah eləsin, udsunlar, yaxşıçıxış eləsinlər. Əslində hələ "Panatinaikos"la oyundan əvvəl düşünürdüm ki, "Qəbələ" üçün qrupa düşmək çətin olacaq. Arada söhbət zamanı demişdim ki, "pley-off"da dayanacaqlar. Amma gördüyünüz kimi proqnozum yenə səhv çıxdı. Komandalarımız qrup mərhələsində çıxış edirlər.

 

- Dediniz ki, "Qarabağ"ın oyununu sonadək izlədiniz. Ağdam klubunun çıxışı barədə nə düşünürsüz?

- "Qarabağ" elə bir komandadır ki, istənilən rəqibə qarşı oynamağı bacarır. Dünən də yaxşı təsir bağışladılar. Hesab 2:1 olarkən Reynaldo başla topu qapıdan keçirə bilmədi. Hesab bərabərləşsəydi, oyunun gedişatını bilmək olmazdı. 3-cü qolda Rəşad Sadıqov zədələndi. Belə olmasaydı, "Qarabağ" o hesabla uduzmayacaqdı. "Tottenhem" kimi komanda ilə başabaş mübariə apardılar. Düzdü, top daha çox rəqibdə olurdu, bununla belə "Qarabağ" kifayət qədər təhlükə yarada bilirdi.

 

- Szicə, "Qarabağ"a dünən ən azı 1 xal qazanmaq üçün nə çatmadı?

- Belə şeyləri demək düzgün deyil. Ona görə bu haqda danışmaq istəmirəm. Qurban müəllim özü hamısını çox gözəl bilir. Komandanın içindədir, bütün çatışmzlıqlardan xəbəri var. Heç vaxt hansısa məşqçiyə nəyin düz, nəyin səhv olduğunu demək tərəfdarı olmamışam. Baş məşqçiyə məsləhət vermək düzgün deyil.

 

- "Qarabağ" belə oynasa, qrupdan çıxa bilər?

- Əlbəttə çıxa bilər. Ötən mövsüm az qala "pley-off"a çıxırdılar. Təmiz qolu sayılsa idi, qrupdan çıxmışdı. İnşallah, bunu yenə bacaracaqlar və bir daha hakim səhvləri ilə üzləşməyəcəklər.

Elnur SALAHOV


Digər xəbərlər

Xəbər xətti