Ötən gecə baş turan "Qəbələ" - PAOK matçından sonra Bakı Metrosunun saat 01:30-a qədər işləməsi nəzərdə tutulmuşdu. Lakin metronun giriş qapıları 01:30-da deyil 01:00-da bağlanmışdı. Bu da azarkeşlərin etirazına səbəb oldu.
"Qəbələ" klubu bu barədə rəsmi "facebook" səhifəsində açıqlama verib:
"UEFA Avropa Liqası çərçivəsində keçirilmiş "Qəbələ" - PAOK matçının gec saatlarda başa çatacağını nəzərə alan klubumuz oyundan öncə Bakı Metropoliteninə müraciət edərək, iş rejiminin saat 01.30-a qədər davam etməsi ilə bağlı razılıq əldə etmişdi. Saat 23.50-də başa çatan oyundan sonra saat 01.00-a qədər metronun giriş, 01.40-a qədər çıxış qapıları açıq olmuşdur. Yaranmış anlaşılmazlıqla bağlı, bildiririk ki, metropolitenin mətbuat xidmətinin klubumuza verdiyi məlumata görə, giriş qapılarının saat 01.00-da bağlanmasına səbəb sərnişinlərin metroya gəlməməsi olmuşdur.
Klubumuz komandanın növbəti matçlarında da azarkeşlərin stadiona rahat gediş-gəlişi üçün lazımi tədbirlər görəcək."