Rəşad Sadıqov: "Onlar həmin epizodda oyunu dayandıra bilərdilər" - Müsahibə

11:24 19 Sentyabr 2015

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov müsahibəsi.

- Londondakı oyunla bağlı nə deyə bilərsiniz?
- Oyun bizim üçün pis başlamadı. Uğurlu müdafiə olunurduq, rəqibə qapımıza zərbə endirməyə imkan vermirdik. Amma künc zərbəsi zamanı kobud səhvə yol verdik. Bu, komandamıza çox pis təsir etdi. Məhz bu üzdən qapımızda ikinci qolu da gördük. İlk yarının sonlarında qol vurmaq üçün yaxşı şans əldə etsək də, yararlana bilmədik. İkinci hissədə isə açıq oyun getdi. Qələbə də qazana bilərdik, 4-5 qol buraxa da.

- Üçüncü qol zamanı nə baş verdi?
- Allidən topu alarkən ayağıma toxundu. Öncə heç nə hiss etməsəm də, topu ötürmək istəyərkən ayağım bərk ağrıdı. Bu üzdən də ötürmə edə bimədim.

- Ardından qol vuruldu və sizin aranızda dava düşdü...
- Onlar həmin epizodda oyunu dayandıra bilərdilər. Çünki oxşar epizodda biz oyunu saxlamışdıq. Hər halda onlar mənim yerə düşdüyümü gördülər.

- Səviyyə fərqi çox hiss olunurdu?
- Rəqib şübhəsiz ki, yüksək səviyyəli komanda idi. Onlar topa daha çox sahib olmağa çalışırdılar. Üstəlik, sürətdə də bizi üstələyirdilər.

- Qrupun digər oyununda "Anderlext"lə "Monako"nun heç-heçə etməsi sizi sevindirdi?
- Əlbəttə, rəqiblərimizin heç-heçə etməsi müsbət məqamdır. Amma biz ilk növbədə öz oyunumuzu düşünməliyik. Biz özümüz xal qazanmasaq, rəqiblərimizin oyunlarının nəticəsinin bizim üçün heç bir fərqi olmayacaq.

- Növbəti oyun Belçika təmsilçisinə qarşı olacaq. Bu, vəziyyəti yaxşılığa doğru dəyişmək üçün yaxşı şansdır?
- "Anderlext" zəif komanda deyil. Rəqiblərimizin hamısı futbol oynamağı yaxşı bacarırlar. Amma hər şeyi oyun özü göstərəcək. Belçikalılar "Monako"ya qarşı yaxşı oynayıblar.

- "Kəpəz"lə oyuna güc qalıb?
- Əlbəttə. Artıq onlarla oyunu düşünürük. Londonda çox güc sərf etdik. Amma "Kəpəz"lə oyuna da ciddi yanaşırıq. Gəncədə də bizi çətin matç gözləyir.
Azerisport.az


Digər xəbərlər

Xəbər xətti