Azərbaycan şahmatçısı Teymur Rəcəbov Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun 1/16 final mərhələsində mübarizəni dayandırıb.
Sportarena.az xəbər verir ki, 28 yaşlı zəka sahibi rusiyalı Peter Svidlerə "tay-breyk"də uduzub. İki şahmatçı arasındakı ilk 2 görüş heç-heçə nəticələnib. "Tay-breyk"də ağ fiqurlarla yenidən xalları bölən Rəcəbov qara fiqurlarla qarşılaşmada uduzub. Yekunda 2:5:1,5 hesablı qələbə qazanan Svidler 1/8 finala yüksəlib. Daha öncə təşkilatçı ölkə şahmatçılarından Qədir Hüseynov eyni mərhələdə çinli Dinq Lirenə yenilib - 1/2:1/2, 0:1.
Beləliklə, Dünya Kubokunda Azərbaycanı təmsil edən 6 şahmatçıdan yalnız 1-i 1/8 finala yüksələ bilib. Bu, Şəhriyar Məmmədyarovdur. Məmmədyarov 1/16 finalda hindistanlı Seturaman P. Seturamanı üstələyib - 1:0, 1/2:1/2. Onun növbəti mərhələdəki rəqibi Fabiano Karuana (ABŞ) olacaq. Karuana 1/32 finalda yerli şahmatçı Rauf Məmmədovu, 1/16 finalda kanadalı Anton Kovalyovu yenib - 1:0, 1/2:1/2.
Qeyd edək ki, 1/8 final qarşılaşmaları 20 - 22 sentyabrda olacaq.