Araz Abdullayev: "Qapıçı penaltini "oxudu" - MÜSAHİBƏ

01:23 21 Sentyabr 2015

"Neftçi"nin kapitanı Araz Abdullayevin Sportarena.az saytına müsahibəsi

 

- "Xəzər Lənkəran"la oyunda qələbəni əldən verdiz və 1 xala razılaşdız. Öncə oyun haqda fikirlərini bilmək istərdim...

- Komanda getdikcə daha yaxşı oynayırdı. Mənim penaltini vura bilməməyim hardasa oyuna təsir elədi. Ancaq buna görə komanda sınmadı. İkinci hissəyə tam hazır çıxdıq. Qol vurmağa çalışdıq. Buna nail olduq amma qoruyub saxlaya bilmədik. Gözləmədiyimiz anda qol buraxdıq. Yenə də dönüş yaratmağa çalışdıq. İkinci qolu da vurmaq istəyirdik. Lakin olmadı. Futboldu, gələcək oyunlara baxacağıq.

 

- Özün də qeyd etdin ki, penaltini boşa verməyin komandaya mənfi təsir etdi. Həmin epizod haqda nə deyə bilərsən?

- Bu penaltidi. Heç bir futbolçu yüzdə-yüz bunu yetirə bilmir. Kənara vurdum, qapıçı "oxudu". Bununla belə, sağ olsunlar, komanda yoldaşlarım mənə dəstək oldular.

 

- Bir epizodda isə cərimə zərbəsindən vurduğun top Elnur Cəfərovun əlinə dəydi. Həmin vaxt penalti təyin etməsi üçün hakimə təzyiq göstərdiz. Doğrudan da həmin epizodda 11 metrlik cərimə zərbəsi təyin olunmalı idi?

- Dəqiq görmədim. Xətt içəridə olduğu üçün fikirləşdim ki, penaltidi. Buna görə də hakimə yaxınlaşdım. O isə dedi ki, Elnur qabağa çıxıb, top çöldə onun əlinə dəyib.

 

- Hakimlikdən razı qaldın?

- Mən hakimlər haqda danışmağı xoşlamıram. Doğrudan da yaxşı oyun keçdi. Hər iki komanda 1 xal qazandı.

 

- Səncə, 2 xalı kim itirdi?

- Nəticə etibarilə biz evdə oynayırdıq. Meydana da qələbə üçün çıxmışdıq. Sınmırıq, gələcək oyunlara baxırıq.

 

- Növbəti turda "Qarabağ"la qarşılaşacaqsız. Həmin oyun haqda nə düşünürsən?

- "Qarabağ" adlı-sanlı komandadı. İlk növbədə çalışacağıq ki, yaxşı oyun alınsın. Bu cür oyunlara futbolçuları kökləməyə o qədər də ehtiyac olmur. 


Digər xəbərlər

Xəbər xətti