Mövsümün adamı odur!

11:23 21 Sentyabr 2015

Ötən həftə FİFA-nın "Xəzər Lənkəran”a qoyduğu transfer qadağasını götürmədiyi məlum oldu. Məlum məsələ idi ki, belə olan halda Lənkəran klubu yayda düşərgəyə dəvət etdiyi futbolçulardan ən azı qış fasiləsində qədər yararlana bilməyəcəkdi. Hər nə qədər klub rəhbərliyi CAS-a şikayət ünvanladıqlarını, bu ayın sonuna kimi öz haqlarını bərpa edəcəklərini söyləsələr belə.

 

Bu qadağa həm futbolçulara, həm də azarkeşlərə öz mənfi təsirini göstərdi. Təsadüfi deyil ki, FİFA-nın sonuncu qərarı açıqlanan günün səhərisi Ruslan Abışovla Vüqar Nadirov "Qəbələ”ylə anlaşdı. Bir qədər sonra isə Rəşad Eyyubov "Kəpəz” rəsmiləriylə əl sıxışdı. Yaranmış durum komandanın azarkeşlərini də ruhdan saldı, "Xəzər Lənkəran” bu mövsümü də boşa verəcək” düşüncəsi cənublu futbolsevərlərin beyinlərini məşğul etməyə başladı.


Yaranmış vəziyyət ən çox da Yunis Hüseynovu narahat edirdi. Səbəb nə olursa, olsun: ya klub rəsmilərinin etinasızlığı, ya da fərsiz legionerlərin kluba qarşı amansız davranışı. Nəticə dəyişmir, Yunis bəy yaydan bəri ümid bəslədiyi futbolçuların köməyindən yararlana bilmir. Turdan tura onun işi daha da qəlizləşir. Zədələr, qırmızı vərəqələr çalışdırıcının seçim imkanlarını hər həftə daha da azaldır. "Neftçi”ylə oyuna "Xəzər Lənkəran” cəmisi bir legionerlə çıxmışdı. Rumıniyalı Adrian Skarlatake 56-cı dəqiqədə aldığı qırmızı vərəqəylə komandasını azlıqda, çalışdırıcısını və yoldaşlarını isə çətin durumda qoydu. Özü isə paltardəyişmə otağına yollandı. Həmin an çoxları aqressiv "Neftçi”nin say üstünlüyündən yararlanacağını, qısa müddətdə "Xəzər Lənkəran”ın gənclərini təslim olmağa məcbur edəcəyini düşünürdü. Bunun üçün kifayət qədər əsas da var idi. Amma meydandakı 10 "Xəzər Lənkəran”lı və kənardan onlara göstəriş verən, onları irəli səsləyən Yunis Hüseynov bu düşüncəni yaxına buraxmadı. Vuruşdular, savaşdılar. Qapılarında gördükləri qoldan sonra əllərini yanlarına salmadılar, ayaqlarını yerlə sürümədilər. Peskoviçin buraxdığı kuryoz qol isə bu inamın, cəngavərlərə xas olan cəsarətin mükafatı idi.

 

Bundan sonra əminliklə deyə biləcəyimiz bir vacib həqiqət var. Yunis Hüseynov və onun döyüşkən "gəmiçilər”i heç kimə asanlıqla təslim olmayacaqlar. "Karvan”dakı uğurlu fəaliyyətindən sonra uzun müddət unudulan Yunis bəy yenidən öz bacarığını sərgiləmək, Azərbaycan futboluna möhürünü vurmaq əzmindədi. Bu əzmkarlıqla "Xəzər Lənkəran” və bacarıqlı futbol adamı özü hələ çox uğurlar qazana bilər. Qorxmadan, çəkinmədən, məğlubiyyətlə barışmadan!

 

Belə davam edin, Yunis bəy. Əmin olun, futbol ilinin sonunda tarix yazmaq, "mövsümün adamı”na çevrilmək üçün əla şansınız var!

 

Amal Abuşov

sport7.az


Digər xəbərlər

Xəbər xətti