Şahmat üzrə Dünya Kubokunun son qalibi Vladimir Kramnik titulunu qoruya bilmədi. Sportarena.az xəbər verir ki, rusiyalı dünya çempionu mötəbər yarışın 1/16 final mərhələsində Dmitri Andreykinə uduzmaqla yarışı tərk etdi.
Dünya Kubokunun mətbuat xidmətinə danışan Kramnik Andreykinin onun üçün uğursuz rəqib olduğunu deyib: “Ardıcıl ikinci dəfə Dünya Kubokunun indiyə qədər heç kim qazanmayıb. Çox istəyirdim bu uğura imza atım. Təəssüf ki, alınmadı. Dünya Kubokunda rəqabət çox güclüdü. Demək olar ki, hər gün oyun var. İstirahət günü hər şahmatçıya dincəlmək nəsib olmur. Bu mənada sona qədər mübarizə aparmaq asan deyil. Fikir verin, Kamski, Gelfand kimi şahmatçılar turniri erkən tərk etdi. 1/16 finaldakı görüşümə gəlincə ümumiyyətlə Andreykin mənim üçün uğurlu rəqib deyil. O hər zaman mənə qarşı yaxşı oynayır. Səhv etmirəmsə, keçirdiyimiz partiyaların nəticələrində böyük fərq yoxdu. Amma deyəsən mənim xeyrimə deyil. Klassik partiyada heç-heçə oynadıq. Tay-brekdə isə Andreykin uğur qazandı. Deməli, Dünya Kubokunda mübarizəni dayandırmalıyam".
Maraqlıdı ki, 2013-cü ildə keçirilən Dünya Kubokunun finalında Kramnik məhz Andreykinə qalib gəlib. Onun sözlərinə görə, Andreykinlə hər bir oyun yeni mübarizə olur: "İki il əvvəl mən qalib gəlmişdim. Bu dəfə tay-brekdə alınmadı. Həmin oyunun revanşı olduğunu söyləməzdim. Sadəcə rəqibim qalib gəldi. Ona uğurlar arzu edirəm".
Dünya Kubokuyla bağlı proqnoz verməyən Kramnik finalçıların adını çəkməyə çətinlik çəkdi: "Qarşıda bir neçə mərhələ var. Ona görə finalda kimlərin olacağını deyə bilmərəm. Hər bir şahmatçı finala vəsiqə qazanmaqla iddiaçılar turnirində oynamaq istəyir. Finalçıların adını söyləmək üçün heç olmasa yarımfinalı gözləmək lazımdı. Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarovu qeyd edə bilərəm. Məmmədyarov çox yaxşı oyun nümayiş etdirir. Doğma insanların yanında olması onu ruhlandırıb".
Təşkilatçılıq barədə danışan rusiyalı dünya çempionu Azərbaycanda özünü yaxşı hiss etdiyini deyib: "Təşkilatçılıq barədə şərh verməyə ehtiyac yoxdu. Hər şey yüksək səviyyədədi. Sadəcə biz şahmatçıların bütün diqqəti Dünya Kubokuna yönəlib. Ona görə bəzən hər bir detalı görmək imkanımız olmur. Məsələn, mənə dedilər naharda həm yerli, həm də Avropa mətbəxinə yer ayrılıb. Amma inanın fikir verməmişəm. Nahara gələndə tələsik yeyirəm. Çünki, oyuna az vaxt qalır, hazırlaşmaq vacibdi. Avropayla saat fərqi olduğu üçün ilk günlər səhər tezdən oyanmaq mənim üçün çətin olurdu, sonradan öyrəşdim. Lakin yenə də səhər tezdən oyanmıram. Şəmkirdə olanda da oyanmaqla bağlı problem olurdu".
Bakıda turnir günlərində istirahətinə gəlincə Kramnik "Barselona" klubunun azarkeşi olduğunu söylədi: "İmkan olanda bir-iki saat havada gəzirəm. Futbola baxmaq istəyirdim, amma alınmadı. Rusiya klublarının avrokubokdakı matçlarını izləyirəm. Və təbii ki, "Barselona"nın oyunlarına baxıram. Bu komandanın azarkeşi olduğumu gizlətmirəm. Yadımdadı, 2002, yoxsa 2003-cü il idi. "Barselona"nın stadionunda oyuna baxırdım. Həmin görüş Messinin klubda ilk oyunlarından biri idi. Leo fərqli hərəkətlər edirdi. O vaxtdan diqqətimi cəlb etdi. Messi həqiqətən yaxşı futbolçu, komandanın lideridi".